Siyasət 11:06 29.11.2021

528 milyon əhalisi, 8 milyon kub metr ərazisi olan təşkilatda Zəngəzur söhbəti

"İƏT-ə üzv olan ölkələr arasında əməkdaşlığın güclənməsi bütövlükdə regionun geo-siyasi əhəmiyyətini daha da artıracaq”.

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Prezidenti İlham Əliyevin noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısında iştirakını şərh edərkən deyib. O bildirib ki, təşkilat 528 milyondan artıq əhalisi və 8 milyon kub metr ərazisi olan regionu birləşdirən qurumdur:

"Təşkilat region ölkələrini özündə birləşdirən ən önəmli qurumlardan biri hesab olunur. Hazırda təşkilatın bütövlükdə iqtisadi gücünün artması da müşahidə olunur. 1964-cü ildə Türkiyə, Pakistan və İran tərəfindən İnkişaf üçün Regional Əməkdaşlıq qurumu kimi yaranan təşkilat 1985-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatına çevrildi. Keçmiş SSRİ dağılandan sonra isə Əfqanıstan, Azərbaycan və 5 Orta Asiya ölkəsi təşkilata qoşulmaq barədə qərar qəbul etdilər.  Ölkələrin birlikdə nominal Ümumi Daxili Məhsulu (ÜDM) 1.8 tirlyon dollardan artıqdır. Alıcılıq Qabiliyyəti Pariteti (PPP) ilə ÜDM-in həcmi 6.3 tirlyon dollardan çoxdur”.
 
 

Deputat əlavə edib ki, Zirvə Görüşünün yekun Aşqabad Bəyannaməsi qəbul olunub və bəyannamədə Azərbaycanın maraqlarına uyğun müddəalar öz əksini tapıb:

"Sənəddə Azərbaycan xalqı və hökuməti işğal edilmiş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edilir. Görüşdə həmçinin İƏT-in Tədqiqat Mərkəzinin Bakıda fəaliyyətə başlayacağı bildirilib.
Görüşdə vacib məqamlardan biri də İƏT-ə üzv dövlərlərin Zəngəzur dəhlizi məsələsi ilə bağlı fikirlərdir. Azərbaycanın regionda yaratdığı reallıqlar İƏT dövlətləri tərəfindən dəstəklənir. Yaxın gələcəkdə Zəngəzur dəhlizinin istifadəyə verilməsi fonunda təşkilata üzv olan ölkələr arasında əməkdaşlığın genişləndirilməsi imkanlarıdır.  Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizinin reallaşması region ölkələri üçün yeni imkanlar yaradacaq. Bu, xüsusən də 1,8 trilyon dollardan artıq ümumi daxili məhsul olan təşkilat üzv dövlətlərinin quru nəqliyyat vasitəsinin birləşməsi anlamına gəlir”.

Vüqar Bayramov vurğulayıb ki, İƏT-in Tədqiqat Mərkəzinin Bakıda fəaliyyətə başlaması xüsusilə əhəmiyyətlidir:

"Hələ 2002-ci ildə Heydər Əliyev İstanbulda keçirilmiş İƏT-ə üzv ölkələrin dövlət və hökumət başçılarının 7-ci Zirvə Görüşündə İƏT-in Tədqiqat Mərkəzinin Bakıda yaradılması təklifi ilə çıxış etmişdi. Bu isə ondan xəbər verir ki, Heydər Əliyevin uzaqgörənliliklə irəli sürdüyü ideyalar zamanı gəldikcə reallaşır. Belə mərkəzin yaradılması 4-cü sənaye inqilabı kontekstində daha da vacibdir və region ölkələri arasında daha innovativ sahələr üzrə iqtisadi əməkdaşlığın güclənməsinə xidmət edəcək.
Vətən müharibəsindəki zəfərdən sonra formalaşan yeni düzən kontekstində region ölkələri arasında iqtisadi və ticari əməkdaşlığı gücləndirmək üçün yeni imkanlar yaranıb”.

Bahar Rüstəmli