9 yaşından işlədi, ermənilər onu öldürmək istədi, qızına görə ömürlük küsdü - Ramiz Əzizbəyli

9 yaşından işlədi, ermənilər onu öldürmək istədi, qızına görə ömürlük küsdü - Ramiz Əzizbəyli

Kulis.az ötən gün dünyasını dəyişən Xalq artisti Ramiz Əzizbəyli haqqında maraqlı faktları təqdim edir.

Ramiz Hacı Ağa oğlu 20 iyul 1948-ci ildə Bakı şəhərində anadan olub. Ulu babası Əziz bəy çox dövlətli adam olub, gəmiçiliklə məşğul imiş. Abşeronun böyük bir ərazisində meyvə bağları, Bakıda xeyli mülkləri, dəyirmanları olub. Ramiz Əzizbəylinin atası Təzə Pir məscidindəki ruhani məktəbinin əsasını qoyanlardan olub. Bəy nəslinin, böyük var-dövlətin yeganə varisi olan atası Hacıağa ömrünün son illərinə qədər 11 uşaqlı ailəsini Yasin oxumaqla dolandırıb.

***



10 yaşı olanda atası dünyasını dəyişir. Ailənin kiçiyi olduğu üçün anası və bacısı ona hər cür şərait yaradıblar. 190 nömrəli məktəbdə təhsil alıb. Rəsm dərnəyinə də gedib. Qılıncoynatma, üzgüçülük, gimnastika, güləş, futbol, atçılıqla da məşğul olub.

***

Ramiz Əzizbəylinin sənətə gəlişi 1957-ci ildən - 9 yaşından başlayıb. Veriliş və televiziya tamaşalarında azyaşlı aktyor kimi çıxış edib. İlk dəfə AzTV-nin uşaq redaksiyasında daimi üzv kimi işləməyə başlayır. Hətta adına müvəqqəti əmək kitabçası da açılır. Əmək kitabçası müvəqqəti olsa da, redaksiyanın daimi üzvü olur. Azyaşlı olduğu üçün maaşı onun özünə verməyib, poçtla göndərirmişlər.

***

1959-cu ildə kinostudiyanın dublyaj redaksiyasına cəlb olunur. O vaxta qədər uşaq rollarını da böyüklər səsləndirirdilər. İlk dəfə uşaq obrazlarını səsləndirməyi ona həvalə edirlər.



Televiziyadakı, kinostudiyadakı işindən əlavə, "Bənövşə" uşaq xorunda, 26-lar adına Mədəniyyət Evində, indiki T.İsmayılov adına Uşaq Yaradıcılıq Mərkəzində fəaliyyət göstərən dram dərnəklərinin üzvü olub. O vaxt onunla birgə dram dərnəklərində olanlar Ramiz Əzizbəylinin həvəsinə aktyorluq sənətini seçib görkəmli sənətkarlara çevrildilər. Xalq artisti Həsənağa Turabov bu barədə etiraf edir: "Mən başqa sənətin dalınca gedəcəkdim, bax, bu Ramizə baxıb aktyorluğu seçdim”.

***

Məktəbi bitirəndən sonra sənədlərini İncəsənət Universitetinə versə də, ixtisas fənnindən kəsilir. Bu məsələ onu çox sarsıdır. Könüllü əsgər getməyi qərara alır. Tiflisdə hərbi tibb məktəbini əla qiymətlərlə bitirəndən sonra təyinatla Ermənistanın Leninakan şəhərinə yollanır. Oranın tibbi-sanitar hissəsinin baş tibbi təlimatçısı işdən çıxdığı üçün onu bu vəzifəyə təyin edirlər.



Ramiz Əzizbəyli səkkiz ay bu vəzifədə işləyir. Ermənilərin isə onu gözü götürmür. Hətta onu öldürmək istəyirlər. Bu barədə müsahibələrinin birində deyir: "Ermənilər qorxurdular ki, oradakı azərbaycanlılar birləşib bir qüvvəyə çevrilərlər. Hərbi hissədə Qubadan olan bir əsgər də var idi. Bir gün o, möhkəm sancılandı. Başa düşdüm ki, təcili əməliyyat olunmalıdır. Mərkəzi xəstəxanaya çatdırmaq üçün raport yazıb icazə istəməyə vaxt qalmamışdı, ölə bilərdi. Onda maşını icazəsiz götürüb oğlanı xəstəxanaya çatdırdım. Məni həm mükafatlandırdılar, növbədənkənar məzuniyyət verdilər, həm də cəzalandırdılar - məzuniyyətdən qayıdandan sonra 72 saat nəm sementin üstündə yatmalı oldum. Səbəb də maşını icazəsiz götürməyimi göstərdilər. Əslində isə bu, bəhanədən başqa bir şey deyildi. Onları qıcıqlandıran o idi ki, bir azərbaycanlı o birini xilas edib”.

***

Bundan sonra kinostudiyada fəhlə kimi işə başlayır. Növbəti cəhddə Ramiz Əzizbəyli M.A.Əliyev adına İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində qiyabi təhsil almağa başlayır. Oranı bitirəndən sonra aktyor və rejissor kimi fəaliyyət göstərir. 1987-ci ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının "Debüt" studiyasında çəkdiyi "Pirverdinin xoruzu" qısametrajlı bədii filmi ilə özünü rejissor kimi təsdiqləyib. Bu film bir neçə beynəlxalq festivalda Azərbaycan kino sənətini uğurla təmsil edib, Kiyev şəhərində keçirilən Ümumittifaq Kinofestivalda "ən yaxşı rejissor debütünə görə" nominasiyasının qalibi olub.



Onun 1992-ci ildə çəkdiyi "Bəxt üzüyü" tammetrajlı bədii filmi isə müasir kino tariximizə yüksək bədii keyfiyyətli və ən yüksək kassa gəliri gətirən film kimi daxil olub. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin ənənəvi kinofestivalında xüsusi diploma layiq görülüb.

***

"Bəxt üzüyü” filminə Ramiz Əzizbəyli həyat yoldaşı Zümrüd xanımı çəksə də, sonradan o, çəkilən hissələri montaj edir.

***

2006-cı ildə çəkdiyi "Yalan" bədii filmi Qarabağ müharibəsi mövzusunun ən uğurlu ekran həllindən biri hesab oluna bilər.



Ramiz Əzizbəyli aktyor kimi "Dərviş Parisi partladır", "Şeytan göz qabağında", "Gümüşgöl əfsanəsi", "Kişiləri qoruyun", "Bağ mövsümü", "Bəxt üzüyü", "Bəyin oğurlanması" filmlərində rol alıb.

***

"Hacı Zeynalabdin Tağıyev", "Qızıl Buta" mükafatları laureatı olan Ramiz Əzizbəyli Azərbaycan radiosunda "Gəl, səhərim" verilişinin aparıcılarından biri olmaqdan savayı, ictimai işlərlə də məşğul olub.

***

Yazıçılar Birliyinin üzvü idi. 2010-cu ildə "Cızma-qaralar" adlı bədii yaradıcılıq toplusu işıq üzü görüb.



Rejissorun iki qızı var. Qızı Xədicə xanımı o, yaxın dostu olan Rasim Balayevin baldızının oğluna verib. Lakin Xədicənin ailə həyatı alınmır və həyat yoldaşından ayrılır. Bu məsələ Ramiz Əzizbəylini çox sarsıdır. O, Rasim Balayevdən küsür və ömrünün sonun qədər onu bağışlamır.

***

Ramiz Əzizbəyli yaxın dostu Afaq Bəşirqızından da incik idi. Bu haqda o, müsahibələrinin birində deyir: "Mənim çəkdiyim filmlə zirvəyə çıxdı, sonra o zirvədən mənə daş atdı. Acığıma gedib "Bəxt üzüyü - 2” çəkdi. Çox pis təsir etdi mənə. Çox bərbad, səviyyəsiz bir iş çıxdı ortalığa”.



Ramiz Əzizbəyli 8 dəfə əməliyyat keçirib. Hər dəfə narkozdan ayılanda Allaha şükür edirmiş. Ömrünün son illərində verdiyi müsahibələrinin birində deyir: "Ən çox incikliyim anamdandır. Onu tez-tez yuxumda görürəm. Gərək məni bu dünyaya gətirməyəydi.”

***

Xalq artisti üç dəfə insult keçirib. O, uzun müddət yüksək qan təzyiqi və şəkər xəstəliyindən əziyyət çəkib. Onun bir ayağındakı barmaqları amputasiya edilmişdi. Bir müddət əvvəl sənətkar Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitala yerləşdirilmişdi. İnfarkt keçirdiyi açıqlanmışdı.

***

Ramiz Əzizbəyli 9 iyun 2021-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.
X
XƏBƏRLƏR
BLOGLAR