93-cü ilin iyununu düşünəndə ağlımıza nələr və nələr gəlir?

93-cü ilin iyununu düşünəndə ağlımıza nələr və nələr gəlir?

Hüseynbala Səlimov

Kimin üçünsə 1993-cü ilin iyun siyasi böhranının səbəbləri hələ bir il əvvəl, kimin üçünsə də düz 1989-cü ildən bəlli olsa da hər il bu mövzuda yeni-yeni "təfərrüat”lar meydana çıxır, belə məlum olur ki, guya məsələ ilə bağlı bizim hələ də bilmədiyimiz "dərin mətləblər” var və hələ də bəzi "məqam”ların üstünü açmağın zamanı yetişməyibdir.

Bu "məqam”ların nə sayını azaltmaq, nə də artırmaq fikrimiz var. Amma o günləri təkrar yaddaşımızdan keçirəndə şanlı təşkilatımızın uydurduğu siyasi qarəvəllilər bir daha gəlib beynimizdən keçir. Əslində biz onları heç unutmamışıq da, çünki adam yüz dəfələrlə yazdığı şeyləri necə unuda bilər? Niyə yazmışdıq? Bunun da sadə cavabı var: belə lazım idi onda...

Bəli, "Alfa” qrupu haqda deyilənlər, guya ki, hələ irəlicədən planlaşdırılmış "sui-qəsdlər” barədə söylənilənlər, ölkədə baş verə biləcək böyük vətəndaş qarşıdurmaları – müharibəsi, Kazimirovun açıq, birmənalı hədələri və s. və i – bu qaravəllilərin sayını istəsən, bir az da artırmaq olar.
İndi durub nə bunları bir–bir saf–çürük etməyin, nə də inkar etməyin mənası var, nə də əsaslandırmağa çalışmağın, - olan oldu, keçən keçdi. Bircə onu deyə bilərik ki, sonrakı illər də göstərdi ki, Kazimirov sözün əsl mənasında çox əlləm-qəlləm adamdır...   
  
Əsas yadda qalası məqam budur ki, 1988-ci ildən bu tərəfə ölkədə daha bir hakimiyyət də olubdur. Bir il çəksə də ölkədən Rusiya qoşunlarını çıxarıb, milli manatı dövriyyəyə buraxıb, ilk dəfə ali məktəblərə qəbul üçün test üsulunu tətbiq edib, neft layihələrilə bağlı sistemli danışıqlara başlayıb, neftin nəql marşrutunu müəyyən edib, suveren dövlət kimi ilk dəfə Rusiya ilə ikitərəfli müqavilə imzalayıb, ilk hərbi paradı keçiribdir və s. və i. 
Düzdür, bir il ərzində başqa şeylər də "oldu” – İranı böldük, Çini parçaladıq, Rusiyanı dağıtdıq, insanlarımıza qara kürü almaq üçün talonlar payladıq, 1992-ci il sentyabrın 1-də uşaqlarımız Şuşada məktəblərə getdilər, Laçın yolunu bağlayıb Qarabağ problemini bircə həftənin içində həll etdik... 
Nə isə. Bir az ciddi olaq və qayıdaq azacıq yuxarıda dediklərimizə. Demirəm ki, həmin bir illik hakimiyyət olmasaydı bunların heç biri olmayacaqdı. Əlbəttə ki, olacaqdı. Necə ki, bu hakimiyyətdən əvvəl artıq Azərbaycan müstəqil dövlət olmuşdu, BMT tərəfindən tanınmışdı, milli valyuta ilə bağlı qərar qəbul olunmuşdu, neft layihələrilə bağlı ilk "kəşfiyyat” xarakterli danışıqlar başlanılmışdı. Bəli, ola bilsin, Rusiya qoşunlarının ölkədən çıxarılması bir az yubanacaqdı, amma o da var ki, AXC hakimiyyətindən əvvəlki hakimiyyət də Azərbaycanı MDB-yə üzv etməmişdi. Məsələn, Qəbələ RLS-ilə bağlı hələ 90 - cı illərin əvvəlindən müəyyən təhqiqatlar aparılmağa başlanmışdı, səhv etmirəmsə, hətta bu məsələ ilə bağlı xüsusi komissiya da yaradılmışdı, çünki onun ekoloji fəsadları haqqında ilk ciddi söhbətlər artıq o vaxt başlanılmışdı. Qəbələ RLS-i hərbi baza idi, özü də o dövrdə Rusiya üçün ən önəmli bazalardan biri idi, əgər onun məsələsi gündəmə gəlmişdisə, deməli digər bazalar və ümumiyyətlə, Azərbaycandakı Rusiya ordusunun məsələsi də gündəmə gələ bilərdi və gələcəkdi də...

Amma nə etmək olar? Belə alındı. 88-93-cü illər Azərbaycanda ciddi siyasi qarışıqlıqlar dövrü oldu, proses hətta 1994-cü ilədək davam etdi və yalnız 94-cü ildə nəhayət ki, hərbi-siyasi müxalifət deyilən fenomenə Azərbaycanda son verildi. 

Həmin qarışıqlıqların nəticəsi isə bu oldu ki, biz nəinki Dağlıq, hətta aran Qarabağı da itirdik. İndi cənab N.Paşinyan üç il bundan əvvəlki aprel döyüşlərində Ermənistan ordusunun uğursuzluğunun səbəblərini  araşdırmaq üçün xüsusi təhqiqat başladıb. Amma daha yaxşı olardı ki, o, münaqişənin ilk illərində ermənilərin "uğur”larının səbəblərin araşdırsın, o halda başa düşərdi ki, həmin "uğur”lar heç də erməni ordusunun daha da döyüşkən olmasının, "erməni hərb sənəti”nin nəticəsi deyildi, həmin vaxt Azərbaycanda yaşanan siyasi təlatümlərin, silsilə çevrilişlərin, lap açığı, ölkədəki hakimiyyətsizliyin və siyasi özbaşnalığın nəticəsi idi...

O ki qaldı 93-cü ilin iyun siyasi böhranının qarşısının alınmasının nə qədər mümkün olmasına, əlbəttə, bu, o dövrdəki hakimiyyətdən asılı bir  məsələ idi. 
Fəqət, o dövrün "hakimiyyət mənsubları” hələ indi belə anlaya bilməyiblər ki, böyük siyasətdə olmaq həm də öz üzərinə çox böyük məsuliyyət götürmək məsələsidir, siyasət özü isə ilk növbədə qərar qəbul etmək sənətidir və burada tabeliçiyində olanlara "Sən get, filan işi gör, amma mənim adım olmasın!” nömrəsi keçmir, hakimiyyət pilləkəninin aşağısında olanlar arxalarında yuxarıdakıların qətiyyətini, iradəsini hiss etmirlərsə, heç vaxt öz işlərini uğurla icra edə bilməzlər...

Həm də "böyük vətəndaş qarışıdurması”nın baş verəcəyi haqda deyilənlər qaravəllidən başqa deyil. Bəs bir il əvvəl hakimiyyətə gəlmək üçün, o vaxtkı hakimiyyəti devirmək üçün silahlı üsyan edən zaman niyə vətəndaş müharibəsindən qorxmamışdılar? Axı o vaxt da bu real idi!.. 

Elə bu səbəbdən də siyasi nağıllar quraşdırıb insanlarımızı boş yerə məşğul etməyək – bəli, o vaxt hər rayondan beş –üç nəfər qaçıb Surət Hüseynovun dəstəsinə qoşulmuşdu, amma heç bir kütləvi xalq etirazından söhbət gedə bilməzdi, belə şey yox idi, əksinə camaat aşkar çaşqınlıq içində idi ki, axı nə baş verir? Ən çox çaşanlarsa hakimiyyətdə olanlar idi, çünki onlar təsəvvürləri belə olmayan işə baş qoşmuşdular...

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR