Sənət 16:09 06.11.2014

Ağalar Məmmədovun kitabı rekord oldu


Filosof Ağalar Məmmədovun ilk dəfə 2012-ci ilin dekabr ayında işıq üzü görən "AŞMA: fəlsəfi məqalələr və müsahibələr toplusu” ikinci dəfə çap edilib.

Qaynar.info-nun verdiyi xəbərə görə, "Qanun Nəşrlər Evi"nin çap etdiyi kitab ilk satış mərhələsini uğurla başa vurub. Oxucuların marağını nəzərə alaraq, nəşriyyat kitabın genişləndirilmiş II çapını gerçəkləşdirib. Kitabın II nəşri, müəllifin I nəşrdə çap olunmayan 1 məqaləsi və 1 müsahibəsi də daxil edilərək genişləndirilib. Bu dəfə kitabın tərtibatı və keyfiyyəti daha yüksək səviyyədə hazırlanıb.

Kitabda bütövlükdə 80-dən çox fəlsəfi məqalə və 4 müsahibə yer alıb. Kitabda “Fəlsəfə işığında dil”, “Kulturo-etik yazılar”, “İslamın çadrasız üzü”, “Zaman, allah-insan, ölüm”, “Siyasi-ideoloji yazılar” kimi 10-dan çox əsas başlıq yer alıb.

"AŞMA: fəlsəfi məqalələr və müsahibələr toplusu” Dalğa Gənclər Hərəkatının (Dalğa GH) təşəbbüsü ilə çap edilib. Kitab məqtul (qətl edilmiş) yazıçı-pubilisist Rafiq Tağının xatirəsinə həsr olunub. Kitabda Dalğa GH-nın fəaliyyəti barədə də məlumat verilməklə yanaşı, Dalğa GH-nın həmtəsisçisi, Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılının ön sözü də Rafiq Tağı və müəllifin baxışları istiqamətindədir.

"Aşma"nın genişləndirilmiş II nəşrinin məhz "Aşura" günü çapdan çıxması hansısa mesajdan xəbər verirmi? Nələri aşmalıyıq? Müəllif oxucuları nəyə səsləyir? Aşuraya qarşı Aşma?! Buna “Aşma”nın gücü çatacaqmı? Bütün bu kimi suallara kitabı alıb oxuyanlar qərar verə biləcək...

“Aşma”nı şəhərimizin kitab mağazalarından əldə etmək olar.

Qaynar.info