ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin vəzifəsini icra edən səfir Doroti Şi Təhlükəsizlik Şurasının iclasında bildirib ki, prezident Donald Tramp Rusiyaya 50 gün ərzində Ukraynada sülh sazişi bağlamaq üçün ultimatum verib. O, həmçinin Çinin Rusiya Federasiyasına ikili təyinatlı məhsullar ixracını davam etdirməsini tənqid edib.
Qaynarinfo bildirir ki, bu barədə Ukrinform agentliyi Doroti Şinin BMT Təhlükəsizlik Şurasında çıxışına istinadla yazıb.
Şi qeyd edib ki, Tramp iyulun 14-də Rusiya rəhbəri Vladimir Putinə müraciət edərək onu 50 gün ərzində sülh sazişinə razılaşmağa çağırıb:
"Əgər Rusiya bu müddət ərzində hücumları dayandırmağa razılaşmazsa, Birləşmiş Ştatlar əlavə tədbirlər görməyə hazırdır”.
Şi vurğulayıb ki, artıq 100 gündən çoxdur, BMT Təhlükəsizlik Şurası Ukraynadakı müharibənin dərhal dayandırılması və davamlı sülhün təmin olunması ilə bağlı qətnamə qəbul edib. Bu sənəd Səudiyyə Ərəbistanı və İstanbulda aparılan danışıqlara müəyyən stimul versə də, sülh üçün tələb olunan hərəkətlərə uyğun irəliləyiş hələ də müşahidə olunmur.
"Rusiya hələ də dinc ukraynalı vətəndaşları qətlə yetirir. Rusiya pilotsuz uçuş aparatları və raketlərlə məktəbləri, uşaq meydançalarını, çoxmənzilli binaları, qocalar evlərini vurur. Rusiya minlərlə Şimali Koreya əsgərini cəbhə xəttinə yerləşdirib və on minlərlə rus əsgərini döyüş meydanında ölümə göndərir”, - o deyib.
Şi Çinin Rusiya Federasiyasına hələ də ikili təyinatlı məhsullar göndərməsinə də diqqət çəkib. Bu məhsullar Rusiyanın hərbi-sənaye istehsalını gücləndirməyə və Ukraynanın dinc şəhərlərinə hücumları davam etdirməyə imkan verir:
"Pekinin ikili təyinatlı malların ixracına sərt nəzarət tətbiq etdiyinə dair bəyanatları, hər gün Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi pilotsuz uçuş aparatlarında, silahlarda və nəqliyyat vasitələrində Çin istehsalı olan komponentlərin aşkarlanması fonunda darmadağın olur”.
Alpər
Şərhlər