65 yaşlı Lüdviq Zifçak Çexiyanın Karlova-Studanka şəhərində yaşayır. O, otel biznesi ilə məşğuldur, özünü ideyalı kommunist sayır, keçmiş Çexoslovakiyanı tərifləyir və 36 il əvvəlki "Məxməri inqilab”ı pisləyir. Onun sözlərinə görə, həmin hadisələr insanların yoxsullaşması və "ikinci dərəcəli kapitalizm”in qurulması ilə nəticələnib.
Halbuki, Zifçak 1989-cu ildəki hadisələrin əsas simalarından biri olub. Məhz onun "ölümü” Çexoslovakiyada kommunistlərin hakimiyyəti itirməsi ilə bitib.
Həmin vaxt Lüdviq Zifçak Çexoslovakiya xüsusi xidmət orqanlarının zabiti idi.
1989-cu ilin 17 noyabrında Dövlət Təhlükəsizlik Xidməti tərəfindən xüsusi əməliyyat təşkil olunur. Ssenariyə görə, Zifçak "tələbə Martin Şmidin ölümü”nü imitasiya edir. Məqsəd etirazları hakim partiyanın konkret üzvlərinə qarşı yönəltmək idi, ancaq hadisələr fərqli məcraya yönəldi və partiyadaxili qarşıdurma "Məxməri inqilab”ın qələbəsi ilə bitdi.
O vaxt Zifçak "Ostrava texniki universitetinin tələbəsi Milan Rujiçka” adı ilə müxalifətçi qrupların daxilinə nüfuz etməli və orada xüsusi xidmət orqanlarının agenti kimi fəaliyyət göstərməliydi. O, buna nail olur, dissidentlər Vatslav Qavel, Petr Ul, Anna Şabatova ilə tanışlıq yaradır.
Artıq 1989-cu ildə dissidentlər Zifçak-"Rujiçka”nı müxalifət hərəkatının fəalı kimi qəbul edirlər. O, müstəqil tələbə assosiasiyası yaradır və dissident mühitindəki məlumatları xüsusi xidmət orqanlarına ötürür. 17 noyabr nümayişi ərəfəsində Dövlət Təhlükəsizlik Xidməti general Aloiz Lorentsin rəhbərliyi altında xüsusi plan hazırlayır. Həmin planda mərkəzi rol leytenant Zifçaka tapşırılır.
17 noyabrda Müstəqil tələbə assosiasiyası Praqada nümayiş təşkil edir. Həmin aksiyada Zifçak tələbə lideri Milan Rujiçka adı ilə iştirak edir. Nümayiş polis tərəfindən dağıdılır, bu vaxt Rujiçka zərbə alır, asfalta yıxılır və peşəkarcasına huşunu itiirmiş şəxs rolunu oynayır. Onu xəstəxanaya yola salırlar və öldüyünü elan edirlər.
Elə həmin gecə tələbə yataqxanalarında polislərin Martin Şmid adlı tələbəni öldürdüyünə dair məlumatlar sürətlə yayılır. Petr Ulm məlumatı "Azad Avropa” radiosuna ötürür. Radio saxta məlumatı efirə verir. Dezinformasiya dərhal ifşa olunur, Petr Ul səhvə görə üzr istəyir. Ancaq artıq gec idi. Tələbə Şmidin qətlə yetirilməsi haqda yalan ictimai rəyi qızışdırır və "Məxməri inqilab” qarşısı alınmaz fazaya keçir.
1 il sonra parlamentdə bu haqda ifadə verən Zifçak hadisələrin mahiyyətini açıqlayır. Onun sözlərinə görə, Çexoslovakiya kommunist partiyasının Baş katibi Miloş Yakeşin konservativ kursu partiya nomenklaturasında və xüsusi xidmət orqanlarında bir çoxlarının xoşuna gəlmirdi. Onlar ölkədə SSRİ-dəki "Yenidənqurma”nın təkrarlanmasını istəyirdilər. Narazıların arasında nüfuzlu liderlərdən Lyubomir Ştrouqal, Ladislav Adamets və general Aloiz Lorents də vardı. Bu qrup etiraz hərəkatından istifadə edərək partiya və dövlətin rəhbər kadrlarını dəyişmək, hakimiyyəti öz əllərinə almağa çalışır. Elə bu məqsədlə də 17 noyabr nümayişinin maksimum çoxsaylı və qarşıdurma şəraitində baş tutmasına çalışırlar. General Lorents Zifçaka tələbə Martin Şmidin ölümünü imitasiya etmək əmri verir. Bu "ölüm” ssenarinin mərkəzi bəndi olmalıydı.
Tezliklə bəlli olanda ki, tələbə Martin Şmid sağdır, xüsusi xidmət orqanları həqiqətin yayılmasına mane olmağa başlayır. Hətta dissidentlərdən birinin evində təşkil edilən mətbuat konfransı dağıdılır, iştirakçılar isə həbs olunur.
"Martin Şmidin öldürülməsi”nə cavab olaraq bütün ölkədə kütləvi etirazlar başlayır. Təxribat baş tutur, hakimiyyət orqanları iflic vəziyyətinə düşür. Partiya dünənə qədər mövcud olmayan müxalifət qüvvələrinin liderləri ilə danışıq masasına əyləşir.
Sanki plan baş tutur. Noyabrın 24-də Baş katib Miloş Yakeş istefa verir. Onu Qorbaçov kursuna meylli Karel Urbanek əvəzləyir. Partiyanın yeni rəhbərliyi "Paris baharı” kursunu seçir. Ancaq hadisələrin gedişatı ilkin planları pozur. Rəhbərliyin dəyişməsinə çalışanlar sistemin dəyişməsinə səbəb olurlar. Cəmi 1 ay sonra dissident Vatslav Qavel Çexoslovakiyanın prezidenti seçilir. Halbuki, bu hadisələrə qədər Qavel sadəcə dar çərivədə tanınırdı, onun mikroskopik təşkilatının isə populyarlığı yox idi.
Beləliklə, xüsusi xidmət orqanlarının taktiki uğuru strateji məğlubiyyətlə nəticələnir. Ancaq bu uğursuzluğa görə Zifçak məsuliyyət daşımır – o, boynuna düşən tapşırığı yüksək səviyyədə yerinə yetirir.
***
Təxribat nəticəsində Çexoslovakiyada sosialist quruluşu çökür, ölkə bazar iqtisadiyyatına keçir. Əhalini bir çox sosial nailiyyətdən məhrum edən islahatlar başlayır.
Bir müddət sonra Zifçakı və general Lorentsi "səlahiyyətləri aşmaqda” ittiham edirlər. Məhkəmə onlara cüzi cəza kəsir. Hazırda Zifçak Çexiyada, Lorents isə Slovakiyada yaşayır. 86 yaşlı Lorents kapitalizmə məharətlə uyğunlaşıb – o, zəngin və nüfuzlu iş adamıdır...
Məmməd Süleymanov
Şərhlər