Qətər Xarici İşlər Nazirliyi İsveçrədə danışıqların başladığını və ABŞ, İran və Pakistan nümayəndələrinin iştirakı ilə yüksək səviyyəli komitənin ilk iclasının keçirildiyini elan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Qətər XİN bəyanat yayıb.
"Qətər dövləti, Amerika Birləşmiş Ştatları, İran İslam Respublikası və iki vasitəçi ölkənin - Qətər dövləti və Pakistan İslam Respublikasının nümayəndələrinin iştirakı ilə zirvə görüşünün başladığını elan edir", deyə məlumatda qeyd olunub.
Rəsmi Doha ümid etdiyini bildirib ki, bu görüşlər ABŞ və İran arasında anlaşma memorandumunda nəzərdə tutulan bütün aspektləri əhatə edən hərtərəfli və davamlı bir razılaşmanın əldə olunmasına gətirib çıxaracaq.
Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari tərəflərin yekun razılaşmanın bəndlərini müzakirə etmək üçün ixtisaslaşmış texniki qruplar yaratdıqlarını bildirib. Diplomatın sözlərinə görə, bu, bütün tərəflərin danışıqlar prosesinin xoşməramlı şəkildə irəliləməsinə sadiqliyini əks etdirir.
Əl-Ənsari həmçinin Pakistanın tərəfdaş və vasitəçi kimi rolunu, Vaşinqton və Tehranın diplomatik həllərə sadiqliyini və Misir, BƏƏ, Səudiyyə Ərəbistanı və Türkiyənin danışıqlar prosesinə verdiyi dəstəyi yüksək qiymətləndirib.
Pakistanın xarici işlər naziri İshaq Dar Səudiyyə Ərəbistanının "Al Arabiya" televiziya kanalına müsahibəsində bildirib ki, ABŞ və İran danışıqlarda Tehranın mövcud uran ehtiyatlarının zənginləşdirmə səviyyəsini azaltmaq üçün razılığa gəliblər.
"Amerika İranın nüvə ehtiyatlarının çıxarılmasını istədi, amma biz zənginləşdirmə səviyyələrini azaltmaq qərarına gəldik", deyə o bildirib. Nazirin sözlərinə görə, İranın nüvə ehtiyatları hələ də yeraltındadır. O, həmçinin qeyd edib ki, Vaşinqton və Tehran diplomatiyanın həll yolu olduğu qənaətinə gəliblər.
Diplomat əlavə edib ki, İran növbəti 60 gün ərzində Hörmüz boğazından keçən gəmilərə tranzit rüsumları tətbiq etməyəcək: "Boğazdakı vəziyyət müharibədən əvvəlki vəziyyətinə qayıtmalıdır. Çin də gəmilərin Hörmüz boğazından hər iki istiqamətdə rüsum tətbiq etmədən sərbəst keçidini dəstəkləyir".
İshaq Dar əlavə edib ki, ABŞ-İran danışıqları çərçivəsində yaradılan üç texniki qrup Tehranın nüvə proqramını, Livandakı vəziyyəti və İran aktivlərinin dondurulmasının aradan qaldırılmasını müzakirə edir.
Regional gündəmə toxunan Pakistanın xarici işlər naziri İsrailin Livandakı hərəkətlərini təxribatçı adlandırıb və onları dayandırmağa çağırıb. O, həmçinin Misir, Səudiyyə Ərəbistanı və Türkiyədən olan həmkarları ilə Qəzza zolağındakı münaqişənin həlli məsələsini yenidən canlandırmaq barədə razılığa gəldiyini açıqlayıb.
ABŞ-nin Vitse-prezidenti Cey Di Vens bəyan edib ki, İsveçrədə başlayan ABŞ-İran danışıqlarında böyük irəliləyiş əldə edilib.
"Son bir neçə saat ərzində artıq əhəmiyyətli irəliləyiş əldə etmişik. Ümid edirəm ki, yaxın gələcəkdə daha böyük irəliləyiş əldə edəcəyik", deyə o, bildirib.
"İranın nüvə proqramı başa çatır, Hörmüz boğazı açılır", deyən Vens vurğulayıb ki, Ağ Ev lideri Donald Tramp hökumətinin missiyası Yaxın Şərqin mürəkkəb məsələlərini diplomatiya vasitəsilə fəal şəkildə həll etməkdir. Vens danışıqların hazırkı nöqtəyə çatmasında Qətərin rolunu qabardıb.
Diplomat həmçinin Livanda atəşkəsin təmin edilməsində irəliləyişlərin olduğunu da açıqlayıb: "Son bir neçə gündə Livanda atəşkəsin qorunması baxımından böyük irəliləyişlər müşahidə etdik. Livanla bağlı işlərin necə getməsindən çox məmnunam. Hələ görüləsi daha çox iş var, amma biz bunu etməyə davam edəcəyik".
Vens əlavə edib ki, İsveçrənin Burgenstok şəhərində keçirilən ABŞ-İran danışıqları bütün fikir ayrılıqlarını həll etməyəcək, lakin iştirakçılara hər iki tərəf üçün ən vacib olan məsələləri nizamlamaq imkanı verəcək:
"Bu gün bütün fikir ayrılıqlarını həll etməyəcək, lakin tarixdə ilk dəfə olaraq komanda şəklində bir araya gəlib tərəflər üçün ən vacib olanı müəyyən etməyə, bu problemləri həll etməyə və daha yaxşı bir gələcəyə doğru çalışmağa imkan verəcək".
Bu arada, İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqlayıb. İranın Tasnim xəbər agentliyi mənbəyə istinadən məlumat yayıb ki, Tehran Livanda atəşkəs elan edilənə və İran neftinin satışına qoyulan məhdudiyyətlər aradan qaldırılana qədər Hörmüz boğazını açmayacaq.
Qeyd olunub ki, Hörmüz boğazının açılması üçün ilkin şərtlər İranın xarici aktivlərinin blokdan çıxarılması, Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması, blokadanın tamamilə aradan qaldırılması və neft satışına icazələrin verilməsidir.
Vurğulanıb ki, ABŞ-ın İran limanlarına və sahil ərazilərinə daxil olan və çıxan bütün dəniz nəqliyyatına qarşı blokadanı ləğv etməsi rəsmi Tehranı qane etmir.
ABŞ Prezidenti Donald Tramp isə İrana Hizbullahla bağlı xəbərdarlıq edib.
ABŞ Prezidenti Tehranı Livanda dəstəklədiyi Hizbullahı dayandırmağa çağırıb: "Hizbullah problemlər yaradır, İran maliyyələşdirdiyi vəkil qüvvələrini dərhal problemlər yaratmaqdan çəkindirməlidir. Əgər bunu etməsə, biz ötən həftə etdiyimiz kimi, lakin daha sərt şəkildə İrana yenidən çox güclü zərbələr endirəcəyik!”.
Qeyd edək ki, İran rəsmiləri ABŞ nümayəndə heyəti ilə birgə şəkil çəkdirməkdən imtina edib. Bu barədə "Tasnim" agentliyi mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, Amerika nümayəndə heyəti və danışıqların təşkilatçıları görüşün əvvəlində İran rəsmiləri ilə əlsıxma səhnəsi və birgə foto çəkdirməyi planlaşdırıblar. Lakin İran nümayəndə heyəti buna razılıq verməyib.
"Danışıqlar aparan komandaya yaxın olan bu mənbə əlavə edib ki, İran nümayəndə heyətinin bu mərasimdə iştirakdan imtina etməsi ilə əlaqədar canlı yayım və fotosessiya İran nümayəndə heyəti olmadan keçirilib, bundan sonra İran nümayəndə heyəti iclas zalına daxil olub", - məlumatda əlavə olunub.
Şərhlər