Xəbər lenti

Amal Abuşov
İdman 09:57 17.06.2026

"Turan Tovuz" üçün dünyanın sonu deyil!

1997-ci ildə ekranlara çıxmış mistika janrında bir film vardı. "Mən bilirəm siz keçən yay nə etmisiniz” filmində bir qrup gəncin başına gələnlərdən bəhs edilir. Şiddətlə məsləhət görürəm ki, izləməyənlər bu filmi mütləq izləsinlər. Filmin süjet xəttinin əsas qayəsi o olur ki, heç nəyi gizlin saxlamaq mümkün deyil. İstəmədən cinayət işləyən və onu ört-basdır edən gənclər müəmmalı bir mesaj alırlar. Həmin mesajda isə "sizin keçən yay etdiyinizdən xəbərim var” tipində ismarıc olur. 

UEFA "Turan Tovuz”u Konfrans Liqasına buraxmadı. Tovuz klubu öz haqqını qorumaq üçün CAS-a müraciət etdi. Amma eyni qabdan çörək yeyib, su içən qurumlar bir-birini ayağını tapdalamadıqları üçün CAS da UEFA-nın qərarını qüvvədə saxladı. Bununla da bir daha gördük ki, ədalət yavaş-yavaş öz dəyərini itirir, onu qorumaq heç də həmişə mümkün olmur. Biz deyirdik Ədalət təkcə Azərbaycanda aşıq adıdır. Zaman keçdikcə Avropada da belə olduğunu görürük.

Bəribaşdan bildirim ki, mən bu məsələdə "Turan Tovuz”un haqlı mövqeyini dəstəkləyirəm. 2019-cu ildə baş verən və klubun indiki rəhbərliyinə, futbolçularına heç bir aidiyyatı olmayan məsələlərə görə "Turan Tovuz”un avrokuboklara burxılmamasını qınayıram. Eyni zamanda bu məsələdə "Zirə”nin günahlandırılmasını da doğru hesab etmirəm. İnanmıram ki, qəsəbə təmsilçisi də başqasının bədbəxtçiliyi üzərindən özünə xoşbəxtlik qurmağa çalışsın. Amma UEFA qərar verib, "Zirə”ni "Turan Tovuz”un əvəzinə Konfrans Liqasında iştiraka çağırırsa, bundan imtina etməyin də heç bir mənası yoxdur. Ən azından ona görə ki, söhbət Azərbaycanı avrokuboklarda təmsil etməkdən gedir. O yer bizə ayrılıbsa, onu boş qoymaq Azərbaycan futboluna heç nə qazandırmayacaq. 

Qayıdım az əvvəl bəhs etdiyim film məsələsinə. Uzaq Amerikada belə istənilən sirrin üstünün gec-tez açılacağından film çəkib, təbliğatı o istiqamətdə qururlar. Bizimkilər isə "Turan Tovuz”un Konfrans Liqasına buraxılmamasının ətrafında əməlli-başlı sirr pərdəsi qurublar. Nə klub tərəfindən, nə də AFFA-dan normal bir açıqlama verilməyib. İndiyə qədər başa düşmürük ki, 2019-cu ildə kluba cəza verilibsə və həmin cəzada avrokuboklarla bağlı bənd olmayıbsa, nə üçün "Turan Tovuz” 2026-cı ildə bu formada cəzalandırılıb. Hamı bir-birinə atmaca atır, konkret hədəf göstərmədən dedi-qodular yayılır. Partizan düşərgəsində faşistlərə işləyən xainin olması kimi, Azərbaycan futbol ailəsində də kiminsə "Turan Tovuz”dan şikayət etməsi və bu səbəbdən UEFA-nın kluba yenidən cəza verməsi barədə iddialar eşidirik. 

Bəs o şikayəti edən, məsələni yenidən açıb-ağardan kimdir? O adam AFFA-da oturubsa, adını çəkmək lazımdır, qoy hamı tanısın. Yox, digər klubların nümayəndəsi belə bir iş görübsə, xalq həmin "qəhrəmanın” da kimliyini bilməlidir. İstər "Turan Tovuz” tərəfi olsun, istərsə də mətbuatın məlumatlı nümayəndələri. Kim bilirsə, desin. Örtülü bazarın dostluğu pozması da çoxdandan öz təsdiqini tapıb. İndiki halda geniş kütlənin işin əsas mahiyyətindən xəbərsiz olduğu gün kimi aydındır. Bu məlumat yetərsizliyi isə müxtəlif manipulyasiyalara, şaiyələrə və günahı olmayan şəxslərin ittiham edilməsinə səbəb olur. Elxan Məmmədovdur günahkar, yoxsa Cahangir Fərəcullayev? Olmaya, Ehtiram Quliyev və onun ətrafındakı şəxslər bu işin səbəbkarlarıdır? Ya onların heç birinin günahı yoxdur, günahkar tamam başqa şəxsdir?! Bizim həqiqəti bilmək haqqımız var.

Sonda üzümü "Turan Tovuz” cameəsinə tutmaq istəyirəm. Bir mövsüm avrokuboklara qatıla bilmədizsə, Ehtiram bəyin futboldan üz döndərəcəyinə görə narahat olmağa dəyməz. İlk mərhələdə uduzub, avrokuboklarla vidalaşmaq variant da var idi. İndi belə bir aqibət yaşandı. Tezliklə toparlanmaq və daha güclü olmaq lazımdır. Bir də ki, uşaq futboluna diqqət artırmağı unutmayın. Daha vacibi odur, bir mövsüm avrokuboklarda oynamamaqla dünyanın sonu gəlmir, cənablar.

Amal Abuşov
--> -->