Xəbər lenti

Almaniya səhvən hərbçilərə və məmurlara 5 milyon avro artıq pul ödəyib
Dünya 18:33 21.06.2026

Almaniya səhvən hərbçilərə və məmurlara 5 milyon avro artıq pul ödəyib

Hesablamalarda yol verilən səhv səbəbindən xaricdə çalışan Almaniya diplomatik əməkdaşları və hərbçilər bir il ərzində aldıqları məbləğdən daha çox ödəniş alıblar.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Der Spiegel” nəşri məlumat yayıb. Bildirilir ki, artıq ödənilən vəsaitin ümumi məbləği təxminən 5 milyon avroya çatır.

Almaniyanın xaricdə fəaliyyət göstərən səfirlik əməkdaşlarına və ölkə hüdudlarından kənarda xidmət edən hərbçilərə əməkhaqqı ilə yanaşı əlavə kompensasiya da ödənilir. Bu kompensasiyanın məbləği konkret ölkədə yaşayış dəyəri, inflyasiya səviyyəsi və digər amillər əsasında müəyyən edilir. Həmin ölkədə həyatın Berlinlə müqayisədə daha bahalı olması kompensasiyanın da yüksək olmasına səbəb olur. Ödənişlərin yenidən hesablanması hər il iyulun 1-də həyata keçirilir və bu prosesə Almaniyanın Federal Xarici İşlər Nazirliyi cavabdehlik daşıyır.

"Der Spiegel”in yazdığına görə, nazirlik hesablamaların aparılması üçün adətən "Mercer” konsaltinq şirkətinin xidmətlərindən istifadə edir. Naməlum səbəbdən 2025–2026-cı illər üçün aparılan hesablamalarda səhvə yol verilib və nəticədə kompensasiya alan şəxslərin üçdəbirinə bir il ərzində normadan artıq vəsait ödənilib.

Məlumata görə, Almaniya qanunvericiliyi artıq ödənilmiş məbləğin dövlət qulluqçuları və hərbçilərdən geri alınmasına imkan vermədiyi üçün Almaniya Xarici İşlər Nazirliyi dəymiş zərərin kompensasiyasını "Mercer” şirkətindən tələb etmək imkanını nəzərdən keçirir.

Aydın
--> -->