ABŞ Prezidenti Donald Tramp Pakistanın müraciəti əsasında İrana qarşı hücumların dayandırıldığını açıqlayıb. O bildirib ki, atəşkəs danışıqlar başa çatana qədər uzadılacaq.
ABŞ ilə İran arasında 8 apreldən qüvvədə olan atəşkəsin başa çatmasına az vaxt qalmış Prezident Donald Tramp yeni qərar qəbul edib.
Tramp İran rəhbərliyi razılaşma ilə bağlı təklif təqdim edənədək atəşkəsin uzadılması barədə göstəriş verdiyini bildirib. Onun sözlərinə görə, bu müraciət Pakistanın baş naziri Şahbaz Şərif və baş qərargah rəisi Asim Munir tərəfindən edilib.
Qaynarinfo-nun verdiyi məlumata görə, Tramp qeyd edib: "İran liderləri və nümayəndələri ortaq təklif hazırlayana qədər İrana qarşı hücumları dayandırmağımızı istədilər. Buna görə ordumuza mühasirəni davam etdirmək, hər cəhətdən hazır vəziyyətdə qalmaq və təklif təqdim olunub danışıqlar yekunlaşana qədər atəşkəsi uzatmaq barədə göstəriş verdim”.
İran Pakistandakı danışıqlarda iştirakdan imtina edib
İran rəhbərliyi Vaşinqtonun əvvəlki öhdəliklərini yerinə yetirmədiyini əsas gətirərək Pakistanda keçirilməsi planlaşdırılan sülh danışıqlarında iştirak etməyəcəyini bəyan edib. Tehranın açıqlamasında ABŞ-nin təzyiqçi mövqeyi tənqid olunub və mövcud şəraitdə danışıqlara qoşulmayacaqları vurğulanıb.
ABŞ vitse-prezidenti səfərini ləğv edib
Bu inkişafdan sonra görüşlərdə iştirak etmək üçün regiona səfəri gözlənilən ABŞ vitse-prezidenti Cey Di Vens də Pakistan səfərini proqramından çıxarıb.
Diplomatik kanalların dalana dirənməsi fonunda, atəşkəsin başa çatmasına saatlar qalmış bölgədə gərginliyin artdığı bildirilir. Pakistanın vasitəçilik səyləri nəticə verməyib və tərəflərin hərbi hazırlıq vəziyyətinə keçdiyi qeyd olunur. Beynəlxalq ictimaiyyət yeni silahlı toqquşma riskindən narahatdır.
İran: Mühasirənin ləğvi ilə bağlı siqnallar var
İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani Nyu-Yorkda jurnalistlərə bildirib ki, mühasirə aradan qaldırılarsa, danışıqların növbəti mərhələsi İslamabadda keçirilə bilər.
İravani əlavə edib ki, İran danışıqların davamı üçün Hörmüz boğazında ABŞ tərəfindən tətbiq edilən mühasirənin ləğvini əsas şərt kimi irəli sürür. O vurğulayıb ki, ABŞ-nin siyasi həll və ya müharibə yolunu seçməsindən asılı olmayaraq İran hər iki ssenariyə hazırdır.
Tramp: ABŞ üstün mövqedədir
Tramp "CNBC” telekanalına müsahibəsində İranla mümkün razılaşmaya toxunaraq bildirib: "İranla yaxşı razılaşma əldə edəcəyik, mühasirəmiz uğurlu oldu”. O, ABŞ-nin danışıqlarda üstün mövqedə olduğunu qeyd edib və atəşkəsin uzadılmasına tam müsbət yanaşmadığını əlavə edib.
Tramp həmçinin hərbi əməliyyatlara dair iddialar səsləndirərək deyib: "Başqa seçimləri yoxdur. Donanmalarını məhv etdik. Hərbi hava qüvvələrini sıradan çıxardıq. Liderlərini öldürdük. Hörmüzə biz nəzarət edirik”.
İrandan cavab: Yeni addımlara hazırlaşırıq
Trampın açıqlamalarından sonra İran tərəfi sərt reaksiya verib: "Tramp mühasirə tətbiq etməklə və atəşkəsi pozmaqla danışıqlar masasını təslimiyyət platformasına çevirməyə və ya yeni müharibəni əsaslandırmağa çalışır. Təhdidlər altında danışıqları qəbul etmirik və son iki həftədə döyüş meydanında yeni addımlar atmağa hazırlaşmışıq”.
Aydın
Şərhlər