Xəbər lenti

ABŞ səfirinin 450 milyon dollarlıq yaxtada istirahəti italyanların qəzəbinə səbəb oldu
Dünya 15:08 18.07.2026

ABŞ səfirinin 450 milyon dollarlıq yaxtada istirahəti italyanların qəzəbinə səbəb oldu

ABŞ-ın İtaliyadakı səfiri Tilman Fertittanın şəxsi superyaxtası ilə İtaliyanın sahilyanı şəhərlərinə iki aylıq diplomatik səfəri Vaşinqton və Roma arasındakı əlaqələri gücləndirmək məqsədi daşısa da, ölkə parlamentində etirazlara və narazılıqlara səbəb olub. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times" yazıb.

Jurnalistlərin məlumatına görə, səfər ABŞ dövlətçiliyinin 250 illiyinə həsr olunub. Səfirliyin açıqlamasında bildirilib ki, bu tur Fertittaya "İtaliya sahillərində yaşayan italyanlarla şəxsən ünsiyyət qurmaq" imkanı verəcək.

Qeyd olunur ki, "Boardwalk" superyaxtasının səfəri İtaliya Sahil Mühafizəsi, maliyyə polisi və liman orqanlarının iştirakı ilə genişmiqyaslı təhlükəsizlik əməliyyatı ilə müşayiət olunub. Səfirə də xüsusi mühafizə ayrılıb.

Bütün bu tədbirlər İtaliya parlamentində ciddi narazılığa səbəb olub.

Yaşıllar və Sol Alyansı Partiyasının deputatı Luana Zanella bu səfəri vəsait çatışmazlığı yaşayan İtaliya dövlətinin hesabına təşkil edilən diplomatik tətil adlandırıb və belə dəbdəbəli nümayişlərin yolverilməz olduğunu bildirib.

Ölkənin biznes və sənaye nazirinin müavini Valentino Valentini isə Fertittanın səfərinin təhlükəsizliyinin təmin edilməsinin İtaliya büdcəsinə nə qədər başa gəldiyini açıqlaya bilməyib.

Lakin o xatırladıb ki, Roma Vyana Konvensiyasına əsasən İtaliyadakı bütün xarici diplomatların təhlükəsizliyini təmin etməyə, o cümlədən zərurət yarandıqda xüsusi mühafizə ayırmağa borcludur.

FT qeyd edir ki, yaxın vaxtlarda "Boardwalk" yaxtası Venesiyaya çatacaq və yerli sakinlər onun gəlişini etiraz aksiyası ilə qarşılayacaqlar.

Qeyd olunur ki, səfərin ümumi dəyəri 450 milyon dollardır.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->