May ayında Xirosimada keçirilən G7 sammitindən sonra ABŞ prezidenti Co Bayden Çinlə münasibətlərdə "istiləşmə” gözlədiyini bildirib. Lakin son vaxtlar keçirilən bir sıra rəsmi ikitərəfli görüşlərə baxmayaraq, münasibətlər soyuq olaraq qalır.
Qaynarinfo Nyu York universitetində yanında Stern adına Biznes məktəbinin iqtisadiyyat üzrə professoru Nuriel Rubininin
yazısını təqdim edir.
Yeni soyuq müharibə nəinki "istiləşmir”, o, buzlaşır: "Böyük yeddilik” (G7) sammiti Çinin Amerikanın "hərtərəfli cilovlama, mühasirəyə alma və sıxışdırma” strategiyasının həyata keçirilməsi ilə bağlı narahatlığını xeyli artırıb. G7 liderlərinin az hərəkət etdiyi və daha çox danışdığı əvvəlki görüşlərdən fərqli olaraq, Xirosima sammit bu qrupun tarixindəki ən mühüm görüşlərdən biri oldu. ABŞ, Yaponiya və Avropa, eləcə də onların dostları və müttəfiqləri Çinə qarşı güclərini birləşdirmək niyyətində olduqlarını açıq şəkildə bəyan etdilər.
Yaponiya (hazırda bu qrupa sədrlik edir) Hindistanın baş naziri Narendra Modi də daxil olmaqla Qlobal Cənubun əsas liderlərini sammitə dəvət etdi. Böyüyən güclərə müraciət etməklə, G7 digər ölkələri Çinin yüksəlişinə daha sərt reaksiyasına qoşulmağa inandırmaq istəyir. Və çox güman ki, çoxları Çinin Asiyada və dünya səhnəsində gücünü getdikcə daha çox nümayiş etdirən dövlət kapitalizminin avtoritar gücü kimi təqdim edilməsi ilə razılaşacaq.
Hindistan (bu il G20-yə sədrlik edir) Rusiyanın Ukraynadakı müharibəsində neytral mövqe tutsa da, o, Çinlə uzun müddətdir ki, strateji rəqabətdədir, qismən ona görə ki, iki ölkə çox uzun bir sərhədi bölüşür və onun böyük hissəsi mübahisəli olaraq qalır. Beləliklə, Hindistan Qərb ölkələrinin rəsmi müttəfiqinə çevrilməsə belə, özünü müstəqil, artan qlobal güc kimi göstərməyə davam edəcək və onun maraqları Çin və faktiki Çin müttəfiqlərindən (Rusiya, İran, Şimali Koreya və Pakistan) daha çox Qərbin maraqları ilə üst-üstə düşəcək.
Üstəlik, Hindistan təhlükəsizlik maraqları ilə birləşən və Çini cilovlamağı açıq hədəfə çevirən və ABŞ, Yaponiya və Avstraliyanın da daxil olduğu dördtərəfli təhlükəsizlik dialoqunun ("QUAD”) rəsmi üzvüdür. Yaponiya və Hindistanın çoxdankı dostluq əlaqələri var və onlar Çinlə ortaq düşmənçilik tarixini bölüşürlər.
Bundan əlavə, Yaponiya sammitə İndoneziya, Cənubi Koreya (bu ölkə ilə münasibətlərdə Çinlə bağlı ümumi narahatlıqlardan qaynaqlanan diplomatik "istiləşmə” başlayıb), Braziliya (Qlobal Cənubda başqa bir əsas güc), eləcə də Afrika Birliyinin sədri Azali Assoumanı və Ukrayna Prezidenti Volodimir Zelenskini dəvət etdi. Siqnal kifayət qədər aydındır: "sərhədsiz” Çin-Rusiya dostluğu digər güclərin Çinə münasibətinə ciddi təsir göstərib.
Lakin G7 bununla kifayətlənmədi, yekun kommünikenin əhəmiyyətli hissəsini qarşıdakı illərdə necə Çinə qarşı çıxacağını və cilovlanacağını izah etməyə həsr etdi. Digər məsələlərlə yanaşı, bu sənəd Çinin "iqtisadi məcburiyyət” siyasətini pisləyir və Çinin Asiyada öz hökmranlığını bərqərar etmək cəhdlərinin qarşısını almaq üçün Hind-Sakit okean tərəfdaşlığının vacibliyini vurğulayır, həmçinin Şərqi Çin və Cənubi Çin dənizlərində Çin ekspansionizmini tənqid edir və açıq bir xəbərdarlıq ehtiva edir: Çin Tayvana hücum etməməlidir.
Çinlə münasibətlərdə "riskləri aradan qaldırmaq” üçün addımlar atarkən Qərb liderləri daha yumşaq terminologiya seçdilər. Amma təkcə diplomatik jarqon dəyişməyib. Kommunikeyə görə, Qərbin Çini cilovlamaq səyləri Qlobal Cənubla aktiv siyasət, o cümlədən regionun əsas ölkələrini Çinin təsir dairəsindən kənarda saxlamaq üçün təmiz enerji keçidinə böyük sərmayə qoyuluşu ilə müşayiət olunacaq.
Təəccüblü deyil ki, Çin G7-yə qəzəbini saxlaya bilmədi. Xirosima sammiti təkcə "QUAD” görüşü ilə üst-üstə düşmədi, o, məhz NATO blokunun üzünü Asiyaya çevirdiyi və AUKUS ittifaqının (Avstraliya, Böyük Britaniya və ABŞ-ın daxil olduğu alyans) Sakit okean regionunda Çinlə qarşıdurmaya hazırlaşdığı anda baş verdi.
Eyni zamanda, Qərblə Çin arasında texnoloji və iqtisadi müharibə getdikcə daha da qızışır. Yaponiya Çinə yarımkeçirici ixracatına ABŞ məhdudiyyətlərindən zəif olmayan məhdudiyyətlər qoyur və Bayden administrasiyası Tayvan və Cənubi Koreyaya buna əməl etməyə təzyiq edir. Buna cavab olaraq Çin ABŞ-ın Micron şirkətinin istehsalı olan çiplərə qadağa qoydu.
ABŞ-ın çip istehsalçısı Nvidia-nın sürətlə korporativ supergüc kimi ortaya çıxması ilə (süni intellekt tətbiqetmələrini gücləndirmək üçün qabaqcıl çiplərinə tələbatın artması sayəsində) şirkətin Çində yeni satış məhdudiyyətləri ilə üzləşməsi ehtimalı var. ABŞ səlahiyyətliləri süni intellekt üzərində hökmranlıq yarışında Çini ən azı bir nəsil geridə qoymaq niyyətində olduqlarını açıq şəkildə bildiriblər. Keçən il qəbul edilmiş "Çiplər və elm haqqında” qanunda çip istehsalının ölkəyə qaytarılması ("reshoring”) üçün böyük stimullar var.
İndi risk ondan ibarətdir ki, Qərblə texnoloji uçurumu aradan qaldırmağa çalışan Çin ABŞ-ın sanksiyalarına və ticarət məhdudiyyətlərinə cavab vermək üçün nadir torpaq metallarının (onlar "yaşıl keçid" üçün çox vacibdir) hasilatı və emalı sahəsində öz dominant mövqeyindən istifadə edəcək. Çin artıq 2019-cu ildən bəri elektrikli avtomobil ixracını təxminən 700% artırıb və indi Boeing və Airbus məhsulları ilə rəqabət aparmaq üçün ölkədə istehsal olunan kommersiya təyyarələrinin istismarına başlayıb.
Baxmayaraq ki, G7 Soyuq müharibəni qızışdırmadan Çini cilovlamağa çalışsa da, Pekinin reaksiyası göstərir ki, Qərb liderləri istəyinə nail ola bilməyiblər. İndi həmişəkindən daha aydın görünür ki, ABŞ və ümumilikdə Qərb Çinin yüksəlişinin qarşısını almaqda qərarlıdır.
Təbii ki, çinlilər bugünkü eskalasiyanın səbəbinin təkcə ABŞ-ın strategiyası deyil, onların öz aqressiv siyasətinin də səbəb olduğunu unutmağı üstün tuturlar. Henri Kissincer (ABŞ-ın 1972-ci ildə "Çini kəşf etmək" siyasətinin memarı) 100 illik yubileyi ilə bağlı verdiyi son müsahibələrində xəbərdarlıq edib ki, iki ölkə yeni strateji anlaşmaya gəlmədikcə, toqquşma yolunda qalacaqlar. Və buz nə qədər qalın olarsa, şiddətli münaqişə riski bir o qədər yüksəkdir.
Nizami Bağırov
Şərhlər