Dünya 15:48 10.12.2019

ABŞ 738 milyardlıq hərbi büdcəsindən Ukraynaya 300 milyon ayırdı

ABŞ-ın 2020-ci maliyyə ili üçün 738 milyard dollar məbləğində müdafiə büdcəsinə Ukraynaya 300 milyon dollar məbləğində yardım daxil edilib.

Qaynarinfo xəbər verir ki, bu haqda TASS agentliyi Konqresin Nümayəndələr Palatasının profil komitəsinin sənədinə istinadən məlumat yayıb. Konqresin razılaşdırdığı vəsaitin Ukraynaya təhlükəsizlik sahəsində köməyin həyata keçirilməsi üçün ayrılacağı qeyd olunur.

ABŞ-ın 2020-ci maliyyə ili oktyabr 1-də başlayıb.

Büdcə ilə bağlı danışıqlar bir neçə ay davam edib. Büdcə layihəsinin 2019-cu ilin sonuna qədər qəbul ediləcəyi gözlənilir. Sentyabrın 16-da ABŞ hərbi nümayəndəsi Vaşinqtonun ABŞ-ın Kiyevə göndərdiyi ilk 250 milyon dollarlıq təhlükəsizlik üçün yardımından əlavə Ukraynaya 141.5 milyon dollar ayırmaq istədiyini bildirib.

Pentaqonun hesablamalarına görə, göstərilən 141,5 milyon dollar nəzərə alınmaqla Ukraynaya ümumi yardımın miqdarı 1,6 milyard dollardır.

Dekabrın 8-də məlum olub ki, ABŞ rəhbərliyi Ukraynaya hərbi yardım ayırmaq barədə qərar verərkən bu ölkədə korrupsiyaya qarşı mübarizə aparılıb-aparılmadığını nəzərə alacaq.
 
Alpər