Dünya 17:38 02.06.2020

ABŞ-da qaradərili Floydun ölümünün əsl səbəbi açıqlandı

ABŞ-da polis tərəfindən tutulduqdan sonra xəstəxanada ölən qaradərilinin ölümünün dəqiq səbəbi təyin edilib.

Qaynarinfo TASS agentliyinə istinadla xəbər verir ki, məhkəmə tibbi ekspertizasının rəyinə əsasən, 46 yaşlı Corc Floyd ürək-ağciyər şokundan - ürək tutması və nəfəs tıxanmasından ölüb. Eyni zamanda, onun vəziyyəti polisin onun boynunu diziylə sıxması üzündən pisləşib.

Bundan əlavə, mərhumun bədənində narkotik maddələrin izləri tapılıb. Floydun arterioskleroz və hipertansif ürək xəstəliyindən əziyyət çəkdiyi də qeyd olunur.

CNN telekanalının verdiyi məlumata görə, Nyu Yorkdakı keçmiş baş patoloji mütəxəssisi Maykl Bayden afroamerikalının boğulma səbəbiylə öldüyünü bildirib.

Xatırladaq ki, Floyd mayın 25-də Minneapolisdə saxlanılıb. Polis işçilərindən biri dizini onun boynuna basıb və nəticədə o, reanimasiyada ölüb. Hadisədən sonra bütün ölkədə etirazlar başlayıb.
 
Alpər