Siyasət 14:44 10.06.2021

ABŞ dövlət katibinin bölgəmizə səfəri: Riker nə formalaşdırmağa çalışır? (ŞƏRH)

"Rikerin səfəri sərhəddəki böhrana son qoymayacaq, amma delimitasiya və demarkasiya prosesinə dəstək verəcək”.

Bunu Qaynarinfo-ya açıqlmasında politoloq Məhəmməd Əsədullazadə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Rikerin bölgəmizə səfərinin Ermənistanın sərhəd təxribatlarının dayandırılması və sərhədlərin delimitasiya və demarkasiyası prosesinə nə kimi töhfə verə biləcəyindən danışarkən deyib: 

"Rikerin bu səfəri Azərbaycanla Ermənistan arasında əlaqələrin formallaşmasına ABŞ-ın dəstək verməsi üçündür. Riker bu istiqamətdə ortaq mövqe formalaşdırmağa çalışır.  
 
 

Lakin onun səfəri iki ölkə arasında sərhəd bölgəsində yaranan böhrana, erməni təxribatlarına son qoymayacaq. Riker qeyd etdi ki, hər iki ordu sərhəddən geri çəkilməlidir. Azərbaycan isə təbii ki, bununla razı deyil və ona getməyəcək. Ermənistan isə görürük ki, diversiya təxribatlarını davam etdirir, buna son qoymaq istəmir. Görünən də odur ki, yaranan böhran İrəvan tərəfdən qaynaqlanır”. 

Həmsöhbətimiz qeyd edib ki, sərhəddəki böhrana son qoymaq istəyirsə, ABŞ rəsmiləri ilk növbədə məsələni Ermənistanla müzakirə etməli, ona təzyiq göstərməlidir: 

"Amma ortalıqda bu da yoxdur. İrəvan yaratdığı böhranı davam etdirəcək və məsələnin danışıqlar yolu ilə aparılmasına çalışmayacaq”.  

Digər məqama gəldikdə, ekspertin qənaətincə, bu səfər Bakı ilə İrəvan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə dəstək verə bilər: 
"Riker SSRİ xəritələrinə uyğun olaraq sərhədlərin delimitasiya və demarkasiyasının aparılması tərəfdarı olduğunu bildirdi. Üçtərəfli bəyanata uyğun olaraq Bakı Ermənistandan bu məsələni siyasiləşdirməməyi tələb edir. Belədə, sərhədlərin delimitasiya və demarkasiya prosesinin Ermənistanda seçkilərdən sonra daha da intensivləşəcəyinin şahidi ola bilərik. Həmin prosesdə Rikerin açıqlamasından görünən odur ki, Ağ Ev də iştirak etmək istəyir. Onlar prosesə ədalətli şəkildə dəstək verəcəksə, Bakı onun dəstəyini qəbul edəcək. Lakin bununla belə, prosesdə əsas tərəf Rusiya olaraq qalır”.

Rüfət Sultan