Xəbər lenti

ABŞ-ın məşhur radioproqramı Azərbaycanla bağlı silsilə verilişlər yayımlayıb
Ölkə 12:45 12.08.2018

ABŞ-ın məşhur radioproqramı Azərbaycanla bağlı silsilə verilişlər yayımlayıb

ABŞ-ın məşhur radioproqramı Azərbaycan ilə bağlı silsilə verilişlər yayımlayıb.

Trend-in məlumatına görə, Amerika və dünyada çoxmilyonlu auditoriyası olan, Nyu-York şəhərində yayımlanan məşhur "Con Batçelor Şou” radioproqramının rəhbəri Con Batçelor 29 iyul - 4 avqust tarixlərində ölkəmizin Bakı, Naftalan, Tərtər və Gəncə şəhərlərində səfərdə olub və bu regionlardan canlı yayıma qoşulub.

Xatırladaq ki, "Con Batçelor Şou” ölkə üzrə 183 radio stansiyanı əhatə etməklə 2.7 milyon dinləyiciyə malikdir. Şou ABŞ-ın Nyu-York, Çikaqo, Filadelfiya, Dallas, San-Fransisko, Vaşinqton və Boston şəhərlərində yerləşən ən nüfuzlu stansiyalarda yayımlanır. Ümumilikdə, "Con Batçelor Şou” dünyanın 190 ölkəsində dinlənilir.

Azərbaycandan canlı yayıma çıxan "Con Batçelor Şou”da radioproqramın rəhbəri yalnız ölkəmizlə deyil, verilişin formatına uyğun olaraq ümumi məsələlərə də proqramında yer verib. Məsələn, iqtisadiyyat və beynəlxalq məsələlərin müzakirəsi zamanı onun proqramına ABŞ Prezidenti Donald Trampın iqtisadiyyat məsələləri üzrə köməkçisi Larri Kudlov və administrasiya ilə yaxın münasibətlərdə olan digər nüfuzlu ictimai xadimlər qoşulublar.

Ümumiyyətlə, həftə ərzində 7 saata yaxın canlı yayımlanan proqramda 10-a yaxın müsahibə yer alıb. Böyük auditoriyaya malik olan radioproqramda C.Batçelorun öz izləyiciləri ilə intensiv şəkildə Azərbaycanla bağlı məlumatlar paylaşması sosial media şəbəkələrində də böyük marağa və əks-sədaya səbəb olub.

C.Batçelorun Bakı, Naftalan, Tərtər və Gəncə şəhərlərinə səfərlərində və onun gündəlik yayımlanan canlı proqramında qonaq qismində Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov iştirak edib.

Canlı yayımın ilk günü Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədən başlayıb. Proqramda şəhərin geostrateji əhəmiyyəti haqqında danışılıb. C.Batçelor Xəzər və Qara dəniz arasında yerləşən Gəncə şəhərinin strateji dəhliz olduğunu vurğulayıb.

Proqramda səfir E.Süleymanov Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı roldan danışaraq, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən neft və qaz layihələri barəsində məlumat verib. Həmçinin diplomat 100 il əvvəl Azərbaycanda müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin elan edildiyini və ABŞ-dan daha əvvəl qadınlara səsvermə hüququnun tanındığını qeyd edib.

Daha sonra canlı yayıma qatılan amerikalı siyasətçi Tadus MakKotter ilə müzakirə zamanı E.Süleymanov Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın latın əlifbasına qayıdan ilk ölkələrdən biri olduğunu bildirib. Ümumilikdə isə Azərbaycanın müsəlman dünyasında ərəb əlifbasından latın əlifbasına keçən ilk ölkə olduğunu qeyd edən səfir vurğulayıb ki, müstəqilliyin bərpasından sonra latın əlifbasına keçilməsinin Azərbaycanın bir daha dünyəvi və dünyaya açıq dövlət olduğunu göstərir.

Regionun təhlükəsizliyindən söz açarkən səfir qeyd edib ki, işğalçı Ermənistan istisna olmaqla bütün qonşularla və tərəfdaşlarla, o cümlədən Azərbaycanın ən yaxın tərəfdaşı olan ABŞ və Avropa İttifaqı ölkələri ilə güclü əlaqələrin qurulması prioritet məsələlərdən biridir.

Canlı yayım zamanı səfir E.Süleymanov Azərbaycanın apardığı siyasətin bütövlükdə regionun inkişafında, bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynadığını vurğulayıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə iyirmi beş ildən çox aparılan danışıqların heç bir nəticə vermədiyi, eləcə də Ermənistanın özünün işğalçı siyasəti ilə beynəlxalq və regional nəqliyyat, enerji layihələrindən kənarda qaldığı bildirilib.

Naftalana səfəri zamanı C.Batçelor bu şəhərin müalicəvi turizm sahəsində geniş təcrübəsi, o cümlədən dünyada bənzərsiz xüsusi növ neftlə müalicə üsulları barədə məlumat toplayıb. Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimovla görüşən C.Batçelor şəhər barədə ətraflı məlumat alıb, şəhərdə aparılan yenidənqurma işləri və Naftalanın turizm potensialı ilə tanış olub. Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün ölkə ərazisində, o cümlədən Naftalanda böyük quruculuq, yenidənqurma işləri aparılır, müxtəlif sahələri əhatə edən layihələr icra olunur.

Dünya standartlarına cavab verən Qarabağ İstirahət və Müalicə Mərkəzinə gedən C.Batçelor burada ixtisaslı həkim heyəti ilə görüşüb, neftlə müalicə prosedurları ilə əyani tanış olub. Gördüklərindən mütəəssir olan C.Batçelor Naftalan, onun unikal xüsusiyyətlərini və müalicəvi turizmi barədə proqram hazırlayıb və gündəlik radioproqramda yayımını həyata keçirib.

İyulun 31-də Tərtərə səfər edən C.Batçelor bu rayonda aparılan quruculuq işləri və cəbhə xəttindəki vəziyyətlə tanış olub, o cümlədən burada Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı törədilən təxribatlara dair yerində məlumat alıb. Şıxarx və Qapanlı kəndinə səfər edən C.Batçelor rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hərbi birlik komandiri, general-mayor Hikmət Həsənov, yerli sakinlərlə görüşüb və cəbhə xəttini müşahidə postundan izləyib. Yerli rəsmilərdən aldığı müsahibələri öz gündəlik proqramında yayımlayan C.Batçelor Tərtər rayonunda müşahidə etdikləri barədə öz dinləyicilərinə məlumat verib.

Ermənistan tərəfindən Sərsəng Su Anbarından yayda su buraxılışının dayandırılmasını, qışda isə daşqınlar yaradılmasını Azərbaycan, xüsusilə də Tərtər və ətraf rayonların yerli əhalisinə və ətraf mühitə qarşı müharibə kimi xarakterizə edən C.Batçelor bunu "ekoloji terror” və hərbi cinayət adlandırıb.

Şəhər icra hakimiyyəti başçısının birinci müavini Elnur Rzayevlə görüşən C.Batçelora Gəncədə həyata keçirilən böyük quruculuq və inkişaf layihələri barədə məlumat verilib. Habelə söhbət zamanı kənar qüvvələrin şəhərdə təxribat və terror cəhdlərinin qarşısının alınması və görülən işlər barədə müzakirələr aparılıb.

Daha sonra C.Batçelor bir qrup alim və din xadimi ilə "dəyirmi masa” ətrafında müzakirələr aparıb. Öz proqramında Gəncəyə geniş yer ayıran C.Batçelor şəhərin iqtisadi, siyasi, tarixi əhəmiyyətini vurğulayıb, kənar qüvvələrin sözügedən təxribat və terror aktlarını pisləyib, bu cəhdləri İpək Yolunun açarı və Avropanın qapısı kimi dəyərləndirilən, böyük tarixi əhəmiyyətə malik Gəncənin inkişafının və strateji potensialının qarşısını almağa yönəlmiş addımlar kimi qiymətləndirib. Cəhdlərin iflasını qeyd edən C.Batçelor Gəncənin parlaq gələcəyinə əminliyini vurğulayıb.

Bakıda davam edən canlı yayımda səfir E.Süleymanov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış iyirmi faiz ərazisinin Ermənistan tərəfindən işğal edildiyini və münaqişənin bir milyondan çox qaçqın və məcburi köçkünün öz torpaqlarından uzaq düşməsi ilə nəticələndiyini diqqətə çatdırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökuməti tərəfindən qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində görülən işlərdən danışan səfir onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün müxtəlif layihələrin icra edildiyini qeyd edib, "Con Batçelor Şou” layihəsi çərçivəsində Tərtər və təmas xəttinə yaxın digər rayonlara səfər zamanı da bunun şahidi olduqlarını bildirib.

Canlı yayımlarında Ermənistan-Azərbaycan münaqişəsinə toxunan C.Batçelor təmas xəttinin Azərbaycan tərəfində inkişafı, Ermənistanın işğal etdiyi ərazilərdə isə səfalətin müşahidə edildiyini dəfələrlə vurğulayıb. Qeyd edib ki, Ermənistan tərəfinin işğalçı siyasəti davam etdirməsi nəinki regional sülh və sabitliyə ziyan vurur, Ermənistanı regionda həyata keçirilən layihələrdən təcrid edir və erməni xalqının gələcəyini zədələyir.

Proqramda C.Batçelorun "Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev ilə müsahibəsi də yer alıb. Müsahibə zamanı R.Nəbiyev "Azərkosmos”un fəaliyyəti, idarəçiliyində olan peyklər və gələcək planları barədə məlumat verib. "Azerspace-1” və "Azerspace-2” peyklərinin ABŞ-ın kosmik sahədə aparıcı şirkətləri olan "Orbital Sciences Corporation” və "Space Systems/Loral” (SSL) tərəfindən yüksək etibarlı platformalar əsasında istehsal olunduğu qeyd edilib. Bundan əlavə müsahibədə "Azərkosmos” tərəfindən Azərbaycanda kosmik sahədə kadr potensialının yaradılmasına dəstək verilməsi, şirkətdə toplanmış təcrübənin tələbələrə ötürülməsi və yerli mütəxəssislərin hazırlanması istiqamətində görülən işlər barədə məlumat verilib. Bildirilib ki, şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, "Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki "Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxaracaq.

Növbəti görüş Səngəçal terminalında BP şirkətinin Bakı ofisinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı ilə olub. Müsahibəsində T.Bayatlı Azərbaycanın xarici şirkətlərlə əlaqələri haqqında məlumat verib və 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi”nin tarixi əhəmiyyətindən bəhs edib, onun müddətinin 2050-ci ilə qədər uzadıldığını vurğulayıb.

Xəzər regionu və enerji təhlükəsizliyi ilə bağlı mövzunu müzakirə etmək məqsədilə səfir E.Süleymanov və Corctaun Universitetinin professoru Brenda Şaffer canlı yayıma qatılıblar. Canlı yayımda regionun enerji təhlükəsizliyi sahəsində həyata keçirilən layihələrin və bu layihələrin ümumilikdə Avropanın enerji təhlükəsizliyinə təsirindən bəhs edilib. Həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regionun inkişafına mənfi təsiri, 1991-ci ildə müstəqilliyini yenidən qazandıqdan sonra Azərbaycanın sürətlə inkişafı və geostrateji əhəmiyyəti vurğulanıb.

Daha sonra Ələt qəsəbəsində yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının nümayəndəsi Zaur Həsənov layihələr və gələcək planlar haqqında ətraflı məlumat verib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov ilə Sovetlər İttifaqının dağılmasından sonra Azərbaycanda enerji sektorunun inkişafı, neft və qaz hasilatının gələcəyi və əhəmiyyəti müzakirə edilib.

Bundan əlavə, Elin Süleymanov və Con Batçelor Azərbaycan Respublikası Milli Məclisində, Müdafiə Nazirliyində, Vergilər Nazirliyində və ADA Universitetində də görüşlər keçiriblər.

Milli Məclisin üzvü Cavanşir Feyziyev ilə görüşdə əsasən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın geosiyasi konteksti, qonşularla münasibəti və Azərbaycan tərəfindən həyata keçirilən qlobal layihələr, Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri barəsində ətraflı məlumat verilib.

ADA Universitetinin heyəti ilə görüş zamanı ADA-nın missiyası, Azərbaycanda elm sahəsinin inkişafına verilən töhfələr və əsas prioritetlər barəsində ümumi fikir mübadiləsi aparılıb.

Daha sonra Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general Hüseyn Mahmudov ilə görüş keçirilib. Görüşdə Müdafiə Nazirliyi tərəfindən qarşı tərəfə Ermənistan-Azərbaycan münaqişəsi, Xəzərin təhlükəsizliyi və Əfqanıstanda həyata keçirilən NATO missiyasına və Amerika ilə ikitərəfli əməkdaşlıq kontekstində Azərbaycanın Əfqanıstana göstərdiyi dəstək məsələləri barədə məlumat verilib və qeyd olunan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd etmək lazımdır ki, C.Batçelor öz gündəlik canlı yayımlarını Gəncədə yerləşən Kəpəz TV və radiosunun studiyasından, Bakıda isə Xəzər TV və radiosunun studiyasından Nyu-Yorka bağlanmaqla həyata keçirib və bu faktı fəxrlə öz auditoriyasına dəfələrlə çatdırıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->