Dünya 13:38 16.12.2019

ABŞ səfirindən türk vitse-admiralına əxlaqsız təklif

"ABŞ döyüş gəmilərini Qara dənizə çıxarmaq və Yaxın Şərqdəki hədəflərini heç bir təhdidə məruz qalmadan vurmaq istəyirdi".

Qaynarinfo xəbər verir ki, bunu Türkiyənin təqaüddə olan vitse-admiralı Atilla Kıyat "Kanal İstanbul" layihəsi və Montrö sazişi müzakirələrinə münasibət bildirərkən deyib. Kıyat 10 il əvvəl ABŞ-ın Türkiyədəki səfiri olmuş Ceyms Cefrinin ona dediyi təklifin detallarını açıqlayıb:

"ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri əvvəllər ölkəmizdə səfir idi. Kayseridə mənim baş direktoru olduğum şirkətin tekstil fabrikini ziyarət etmək istəmişdi. "Buyurun" dedik, gəldi. "Siz Şimali Dəniz Sahə komandiri idiniz, Qara Dəniz və boğazlardan məsul şəxs idiniz. Türk və ABŞ donanmaları Qara dənizdə çox yaxşı işlər görə bilər", - dedi. Təbii ki, Montrö sazişinin prinsipləri çərçivəsində, dedim. "Türkiyə və ABŞ istədikdən sonra heç kəs bir şey deyə bilməz", - dedi. "Xeyr, səfir, bu saziş Türkiyə üçün həyati önəm daşıyır və bundan kənara çıxıla bilməz", - dedim. Susdu. Niyyəti Qara dənizə çıxaracaqları gəmilərdən atılan raketlərlə Yaxın Şərqdəki hədəflərini heç bir təhdidə məruz qalmadan vurmaq idi. Ankaraya gedib, görüşümüzü Dəniz Qüvvələri Komandanına bildirdim. O da məsələni Milli Təhlükəsizlik Şurasına çatdırdı".

Təqaüdçü vitse-admiral "Kanal İstanbul" layihəsi ilə qüvvələrin ordan keçməsi məcburi edilsə, Montrö sazişinin yenidən gündəmə gətiriləcəyini deyib. Bildirib ki, bunun gerçəkləşməsinə səbəb ola biləcək hər şeydən imtina edilməlidir.
 
Çingiz