Siyasət 17:43 25.11.2020

ABŞ-ın yeni prezidenti Qarabağ məsələsində hansı mövqedə olacaq? - Rəylər

ABŞ-ın yeni Prezidenti seçilən Co Bayden gərəksiz münaqişələrə müdaxilə etməyəcəklərini bildirib. 

ABŞ üçün hansı münaqişələrin gərəkli və ya gərəksiz olmasını, Qarabağ məsələsində ABŞ-ın yeni administrasiyasının mövqeyinin necə olacağıyla bağlı politoloqların fikrini öyrəndik.

Politoloq Nəzakət Məmmədova Qaynarinfo-ya açıqlamasında Baydenin ABŞ-ın ənənəvi xarici siyasətindən imtina etməyəcəyini bildirib: 

"Baydenin gərəksiz münaqişələr deyərkən məhz hansı konfliktləri nəzərdə tutduğunu biz hələlik deyə bilmərik, bunu yeni prezidentin öz səlahiyyətlərini həyata keçirəcəyi qarşıdakı 4 ildə görəcəyik. Ola bilsin ki, Bayden Yaxın Şərq, Əfqanıstan kimi ABŞ-ın hazırda bilavasitə hərbi kontingenti olan ölkələri nəzərdə tutur. Çünki ABŞ "qırğı"larına mənsub olsa da, Bayden hələ Obama dövründə vitse-prezident olarkən ABŞ kontingentinin Əfqanıstandan çıxarılmasını, yalnız xüsusi təyinatlı qüvvələrin saxlanılmasını təklif etmişdi. Bayden komandasının ABŞ xarici siyasətində ənənəvilik, çoxtərəfli əməkdaşlıq xəttini əsas götürəcəyi gözlənilir ki, bu da BMT və müttəfiqlərin razılığını aldıqdan sonra hər hansı ölkədə ABŞ-ın hərbi iştirakının yolverilən olması anlamına gəlir. Buna görə də ABŞ-ın BMT-də daimi nümayəndəsi postuna iddialı Linda Tomas-Qrinfild bəyan edib ki: "Amerika qayıdır, çoxtərəfli yanaşma qayıdır,  diplomatiya qayıdır!" Baydenin qlobalist olması nəzərə alınaraq onun hakimiyyəti dövründə praqmatik Trampdan fərqli olaraq dəyərlərə və ənənələrə üstünlük verəcəyi, köhnə müttəfiqlərlə qırılmış münasibəti bərpa edəcəyi gözlənilir. Lakin Rusiya, Ukrayna, Belarusa münasibət olduğu kimi qalacaq, çünki Tramp adminstrasiyasında da əsas vəzifələri Rusiyaya qarşı sərt xətt tərəfdarı olan Pompeo kimi "qırğılar" tutmuşdu. Bununla belə, Qarabağ məsələsinə münasibətdə ABŞ-ın həmsədr statusuna əsaslanaraq, öz iddialarından geri çəkilməyəcəyi, əksinə, daha israrlı olacağını müşahidə edəcəyik”.

Analitik İlkin Həsənliyə görə, Baydenin açıqlamalarında təəccüblü nəsə yoxdur:  

"Artıq 10-15 ildir ki, Amerikada hakimiyyətə gələn şəxslər analoji açıqlamalar verirlər. Məsələn, Obama dövründə mənasız münaqişə Əfqanıstan və İraq müharibəsi idi. Tramp dövründə çox şey dəyişmədi və son açıqlamalarında belə Talibanla əldə olunan razılaşmanı təbliğat vasitəsinə çevirmişdi. Bayden də sələfləri kimi mənasız münaqişə ifadəsindən istifadə edərək, əhalinin rəğbətini qazanmaq istəyir. Amerikanın ənənəvi və planlaşdırılan siyasəti var.
 
Əfqanıstan və İraqdan ordunun çıxarılması prosesi barədə qərarları var. Bayden də bu prosesi davam etdirəcək. Amma Suriya məsələsində bunu demək çətindir. Ona görə ki, Bayden bu münaqişəni çox da mənasız saymır. Bu münaqişə Baydenin vitse-prezidentliyi dövründə başlanıb və bu səviyyəyə çatıb. Başqa hansı münaqişələri nəzərdə tutduğunu söyləmək çətindir.  Çünki dünyada baş verən bir çox münaqişələrin həmmüəlliflərindən biri də elə Amerika özü olur”. 

Baydenin Qarabağ məsələsində tutacağı mövqe barədə danışan İlkin Həsənli qeyd edir ki, ABŞ Qarabağ münaqişəsinin həllində aktivliyini artırmağa çalışacaq:

"Bayden 1973-cü ildən indiyə qədər siyasətdədir. 2008-ci ilə qədər erməni lobbisi ilə çox iş görüb. 2008-ci ildə vitse prezident seçiləndən sonra Bayden üçün ermənipərəstlik ikinci plana keçib. Yəqin ki, Baydenin ikinci prezidentlik dönəmində də belə olacaq. Qarabağ məsələsinə gəldikdə deyə bilərəm ki, Amerikanın Qarabağ münaqişəsindən geri çəkiləcəyini düşünmürəm. Amerika maraqlarını təmin etmək üçün münaqişənin həllində daha da aktivləşməyə çalışacağını gözləyirəm. Ondan kənarda münaqişənin həllinə imkan verməməyə çalışacaq və həll prosesində daha aktiv rol almağa cəhd edəcək. Azərbaycana da bu sərf edir. Bir məsələni qeyd edim ki, ABŞ rəsmilərinin Qarabağla bağlı ən çox bəyanatları Baydenin vitse-prezident olduğu dönəmdə verilib, yəni Obamanın prezidentliyi dövrünə. 2013-2014-cü illərdə Minsk qrupunun Amerikalı həmsədrləri olmuş ABŞ diplomatlarının Azərbaycanın maraqlarına uyğun təklifləri olmuşdu. 7 rayonun Azərbaycana qaytarılması və s. Bu baxımdan Baydenin prezidentliyi dövründə ABŞ-ın Azərbaycana qarşı əks mövqe tutacağı inandırıcı deyil. Fikrimcə, indiki şəraitdə ABŞ müəyyən qədər Azərbaycanın yanında da ola bilər. Bunu əsaslandıracaq əsas səbəb isə Baydenin təbliğat dövründə səsləndirdiyi fikirlərdir ki, Amerika Baydenin prezidentliyi dövründə Tramp dönəmindən fərqli olaraq anti-Rusiya siyasətini daha gücləndirəcək. İrana qarşı da eyni siyasət olacaq. Ona görə, Amerikanın gələcək 4 ilin siyasətində Azərbaycanı qane edəcək məqamlar olacaq…”

Orxan Əhmədli