ABŞ Çinin uyğur türklərinə, eləcə də qazax, qırğız və digər müsəlman azlıqlara qarşı siyasəti insanlığa qarşı cinayət və soyqırım kimi tanıyıb.
Qaynarinfo xəbər verir ki, politoloqlar bunu Donald Tramp admistrasiyasının gedərayaq çox önəmli qərarı kimi qiymətləndirirlər. Bu baxımdan Trampın son qərarının nələrə səbəb olacağı nüfuzlu araşdırma mərkəzlərinin müzakirə mövzusuna çevrilib.
Politoloq Xaqani Cəfərli hesab edir ki, Kanadadan sonra ABŞ-ın da belə bir qərar verəcəyi gözlənilirdi. Bu qərar uyğurların Çin dövlətinə qarşı Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldırmalarına yol açacaq:
"Bir müddət öncə müsəlman uyğurların təmsilçiləri Çin dövlətinin onlara qarşı rəsmi siyasətinin araşdırılmasına və hüquqi qiymət verilməsinə cəhd etmişdilər. Müsəlman uyğurların vəkillərinin Beynəlxalq Cinayət Məhkəməsinə təqdim etdikləri 80 səhifəlik iddia ərizəsində törədilən cinayətlərə görə məsuliyyət daşıyan 30 nəfərdən çox çinli məmurun, o cümlədən, dövlət başçısı Si Czinpinin adı var idi.
Keçən ilin ortalarında üzə çıxan məlumat isə Pekinin kommunist rejiminin tarixdə görünməmiş cinayət əməlinin - müsəlman uyğur qadınların uşaqlığına çip qoymaqla demoqrafik artıma mane olmaq niyyətinin üstünü açmışdı. Çin hökumətinin bu siyasətinə qarşı Qərb dövlətlərindən zaman-zaman etirazlar səslənsə də, Rusiyanın Pekinə dəstəyi və müsəlman dövlətlərinin susqunluğu aparılan etnik təmizləmənin qarşısını almağa imkan vermirdi.
Ancaq indi vəziyyət dəyişib. Vaşinqtonun bu addımından sonra Qərb dövlətləri və ABŞ-ın müttəfiqlərinin əksəriyyəti də oxşar mövqe sərgiləyəcəklər. Bu zaman Pekinə qarşı sərt sanksiyaların tətbiqi qaçılmaz olacaq.
Həmçinin, ABŞ-ın məlum addımı müsəlman ölkələrində də Çinə qarşı münasibəti dəyişəcək. Nüfuzlu müsəlman ruhanilərin Çin mallarını yaxın zamanlarda haram elan etməsi də istisna edilmir.
Qeyd edim ki, Çinin ixracında müsəlman ölkələri mühüm yer tutur. Artıq 25 ildir Çinin müsəlman ölkələrinə ixracı artan xətlə yüksəlir. Məsələn, əgər 1996-cı ildə Türkiyənin idxalatında Çin malları 1 faiz təşkil edirdisə, 2014-cü ildə bu rəqəm 12 faizə çatmışdı. Eyni zamanda, əgər həmin il Mərkəzi Asiya ölkələrinin idxalatında Çin mallarının payı 5 faiz idisə, 2014-cü ildə bu rəqəm 29 faizə qalxmışdı. Bu statistik məlumatların qeydə alındığı tarixdən, 2014-cü ildən sonra Çin bu ölkələrə ixracını artırmaqda davam edir.
Çinin kreditləri ilə hakimiyyətdə qalan rejimlər indiyə kimi Pekinin sərt ixracat siyasətinin qarşısında müqavimət göstərmək imkanına malik deyildilər. Amma Çinin müsəlman uyğurlara qarşı siyasətinin ABŞ tərəfindən tanınmasından sonra dünyada rəsmi Pekinə qarşı münasibət dəyişəcək və ona qarşı sanksiyalar tətbiq olunacaq. Bu isə bütün müsəlman ölkələrini ciddi silkələyəcək”.
Politoloq Çinə qarşı atılan addımların siyasi tərəfinin də olduğunu bildirir:
"Tramp hakimiyyətə gəldikdən sonra Çini ABŞ-ın siyasi və iqtisadi maraqları üçün əsas təhlükə hesab etməyə başladı. Oxşar mövqe Qərbin bütün siyasi dairlərində də var. Bu səbəbdən siyasi şərhçilər Çinə qarşı məhdudlaşdırıcı tədbirlərin görülməsilə bağlı konsensus yarandığını qeyd edirlər. Buna görə də Vaşinqtonun Çinə qarşı hansısa sanksilayalar tətbiq etməsinin Avropa tərəfindən dəstəklənəcəyi şübhəsizdir”.
Qeyd edək ki, rus politoloqlar müsəlman uyğurları və Tibeti Çinin daxilində hər an partlamağa hazır olan bomba hesab edirlər. Xüsusi ilə də çinlilərlə müsəlman uyğurlar arasında münaqişənin min ildən artıq tarixə malik olduğunu nəzərə alanda, rusiyalı politoqların bu dəyərləndirmələrinin gerçəkliyi ifadə etdiyi aydın görünür. Müsəlman uyğurlar Uyğurustan və ya Şərqi Türküstan adlanan bu ərazilərdə dəfələrlə dövlət qurublar və indi də öz dövlətlərini yaratmaq uğrunda mübarizə aparırlar. Rusiyalı politoqlar Uyğurustan və ya Şərqi Türküstan adlanan bu əraziləri Şimali Qafqazdakı vəziyyətə bənzədirlər. Eyni dövlətin tərkibində bir-biri ilə ziddiyyət təşkil edən həyat tərzi, dünyagörüşü formalaşıb. Bu isə gec-tez müstəqil dövlət uğrunda mübarizənin alovlanmasını təmin edir. Uyğurlar Qərbdə və bəzi müsəlman ölkələrində böyük diaspora malik olmasalar da, müstəqllik uğrunda mübarizənin sönməsinə imkan vermirlər. Çinin bütün sərt tədbirləri də uyğurların müstəqillik mübarizəsini boğa bilmir. Çin hakimiyyəti isə uyğurların fərqli həyat tərzini belə, ölkənin ərazi bütövlüyü üçün ciddi təhlükə hesab edirlər. Çinlilər uyğurların iki əsr əvvəl qaldırdıqları üsyanın acı dərslərini hələ unutmayıblar.
Qazaxıstanlı politoloqlar isə Uyğurustanda baş verənləri uyğur kommunistlərin ötən əsrin əvvələrində yol verdikləri səhvin acı nəticəsi hesab edirlər. Rus bolşevik hökumətinin Orta Asiyanı da kommunist dövlətin tərkibinə qatdıqları o zamanlar qazax kommunistlər uyğur kommunistləri də eyni addımı atmağa sövq etmək məqsədilə uzun danışıqlar aparıblar. Ancaq uyğurlar müstəqillik uğrunda mübarizə aparacaqlarını, Çinin tərkibində olmaq istəmədikləri kimi Rusiyanın da nəzarəti altına keçmək istəmədiklərini bildiriblər. Amma uyğur kommunistlər bir neçə il sonra mövqelərini dəyişiblər. İkinci Dünya müharibəsi illərində Şərqi Türküstanda qurulan kommunist rejimi SSRİ-nin tərkibinə daxil olmaq niyyətini Moskvaya da bildirib. Lakin Lenindən fərqli olaraq Stalin Şərqi Türküstanın o zaman mövcud olan 16 sovet respublikasının sırasına qoşulmasına razılıq verməyib. Beləliklə, beşillik müstəqillikdən sonra Şərqi Türküstan yenidən Pekinin əsarətinə düşüb. Bununla belə, sovet xüsusi xidmət orqanları uzun illər uyğurlarla gizli əlaqə saxlayaraq Çinlə ehtimal olunan toqquşma zamanı Şərqi Türküstanda separatçılıq hərəkatı yaratmaq üçün həmişə hazır olublar. İndi isə ABŞ Çinin dünya liderliyinin qarşısını almaqda uyğur kartının faydalı olacağını düşünür…
Orxan Əhmədli
Şərhlər