"Mən ABŞ-ı təmsil edirəm. On yeddi yaşım var. Müsabiqənin birinci günü çox gərgin şəraitdə keçdi, rəqabət çox güclü idi. Lakin özümü toplaya bildim və ən yüksək balı qazandım".
Qaynarinfo xəbər verir ki, bu sözləri Bakıda keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasının qızıl mükafatçısı Benjamin Qi Azərtac-a müsahibəsində deyib.
"Yarışmanın ikinci günündə isə liderliyimi qoruyub saxlamağa nail oldum. Ardıcıl ikinci ildir ki, "IOI”də qızıl medal qazanıram. Budəfəki yarışmada isə 547.09 balla birinci yerə çıxdım. Rekordumu təzələdiyim üçün özümü xoşbəxt hiss edirəm. Beynəlxalq İnformatika Olimpiadasında təşkil olunan müsabiqələr alqoritmlərlə bağlı problemlərin həlli yollarının tapılmasında biz şagirdlərin proqramlaşdırma sahəsində bilik və bacarıqlarımızı tətbiq etməyə imkan yaradır. Bu sahəni öyrənmək istəyən yeni şagirdlərə məsləhət görürəm ki, yaratdığım veb-səhifəmə baş çəksinlər. İndiyə qədər öyrəndiklərim və informatika olimpiadasındakı təcrübəmi onlarla bölüşmək istərdim”, - deyə qalib bildirib.
Gələcək planları barədə danışan B.Qi bildirib ki, proqramlaşdırma sahəsində karyerasını qurmaq üçün Massaçusets Texnologiya İnstitutuna qəbul olmaq istəyir.
Qeyd edək ki, ölkəmizdə ilk dəfə keçirilən Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyətləri iştirak ediblər. Olimpiadada iştirakçılar 28-i qızıl, 54-ü gümüş, 81-i bürünc medala layiq görülüb.
Şərhlər