ABŞ uyğur türklərini müdafiə etdi, Çin “səhvinizi düzəldin” dedi - Sanksiya

ABŞ uyğur türklərini müdafiə etdi, Çin “səhvinizi düzəldin” dedi - Sanksiya

Çin Xarici İşlər Nazirliyi ABŞ Nümayəndələr Palatasının Sincan Uyğur Muxtar Bölgəsindəki uyğur türklərinə qarşı edilən repressiya siyasətinə görə Çin səlahiyyətlilərinə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsinin qəbul edilməsinə sərt reaksiya verib.

Qaynarinfo xəbər verir ki, Çinin xarici işlər nazirliyinin sözçüsü Hua Çunying ABŞ Nümayəndələr Palatası tərəfindən qəbul edilən qanun layihəsinin Çinin daxili işlərinə müdaxilə olduğunu iddia edərək beynəlxalq münasibətlər və beynəlxalq konvensiyalar haqqında ümumi qaydaları pozduğunu iddia edib.
Hua Sincanda baş verənlərin din, etnik mənsubiyyət və ya insan hüquqları ilə əlaqəli deyil, zorakılıq və terrorla mübarizə çərçivəsində olduğunu bildirib.
Çin hökumətinin milli suverenliyini və təhlükəsizliyini qorumaqda qərarlı olduğunu ifadə edən Hua ABŞ-ı səhvini düzəltməyə və Çinin daxili işlərinə qarışmamağa çağırıb.

ABŞ Nümayəndələr Palatası Sincan Uyğur Muxtar Bölgəsindəki uyğur türklərinə qarşı aparılan repressiya siyasətinə görə Çin səlahiyyətlilərinə sanksiya tətbiq edən bu qanun layihəsinin ötən ay ABŞ Senatında qəbul edilən fərqli bir variantı olan layihədə də ABŞ Prezidenti Donald Tramp administrasiyasından uyğur türklərinə və digər müsəlman azlıqlara qarşı edilən zülm və zorakılıqdan məsul bəzi Çin rəsmilərinə qarşı sanksiyalar tətbiq edilməsi istənilmişdi.
Nümayəndələr Palatası və Senatın qəbul etdiyi qanun layihələrinin birləşdirilərək imzalanması üçün Ağ Evə göndəriləcəyi gözlənilir.

Qeyd edək ki, son illərdə Çində uyğur türklərinin yaşadığı Sincan Uyğur Muxtar Bölgəsindəki "təhsil mərkəzi" adı altında fəaliyyət göstərən düşərgələr və uyğur türklərinin milli kimliyi və mədəniyyətinə qarşı edilən qanun pozuntuları beynəlxalq ictimaiyyət tərəfindən tənqid olunur.

İyulun 11-də Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasına üzv 22 dövlət Çinin Sincan Uyğur Muxtar Bölgəsindəki uyğur türklərinə və digər azlıqlara qarşı rəftarını tənqid edən, kütləvi həbsləri dayandırmağa çağıran bir sənəd imzalamışdı.

Human Rights Watch (HRW) isə öz hesabatında Sincan Uyğur Muxtar Bölgəsində son 2 ildə çox sayda uyğurun "önləyici polis tədbirləri" adı altında günahsız yerə saxlanıldığı və siyasi cəhətdən təhlükəli hesab edilən şəxslərin heç bir məhkəmə qərarı olmadan konsentrasiya düşərgələrinə göndərildiyi qeyd edilib.

Alpər
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR