Ağdamlı şair Ağdam qayıdan gün Ağdamın getdiyi gündən danışır... (MÜSAHİBƏ)

Ağdamlı şair Ağdam qayıdan gün Ağdamın getdiyi gündən danışır... (MÜSAHİBƏ)

"Ordan-burdan" layihəsi çərçivəsində növbəti müsahibimiz "Ulduz" jurnalının baş redaktoru, şair Qulu Ağsəsdir.

- Qulu müəllim, salam. Necəsiniz? Özünüzü necə hiss edirsiniz? Bu gün həm də Ağdam işğaldan azad olundu... Bir ağdamlı kimi hansı hissləri keçirirsiniz?

- Salam. Yaxşıyam. Yaxşı olun. Mənim üçün Ağdamsız keçən 28 il! Özümü də hazırda çox yaxşı, sevincli, qürurlu hiss edirəm. Hələ belə yaxşı hiss eləməmişdim. Bu gözəl günlərdən savayı bizə nə lazımdı? Qarabağ məsələsi bizim üçün xəyal idi, gerçək oldu...

- Yadınıza nələr düşür? Nələri xatırlayırsız?

- Yadımdan nə çıxıb ki?! 1992-ci ildə xalam oğlu Qazançıda şəhid oldu. Getdik dəfnə. Sentyabr idi. Ağdama vərəqələr yaymışdılar: Üç dildə. Rus, erməni, Azərbaycan: "Ağdamı qıracağıq! Çıxın!" Mən vərəqəni oxuyanda yanımıza Qrad düşdü. Ölənlər oldu. Artıq öz kəndimiz işğalda idi. Yasdan geri döndük.
Uzundərədə düşüb şəhidləri ziyarət elədik. Xalam oğlu da orda dəfn olunmuşdu təzəcə. Maşın Bərdəyə çatanda Qrad məsafəsindən uzaqda idik. Hər yerə atırdılar yuxarıdan, hər yerə! İlk növbədə, mərkəzə. Amma Ağdam adamla doluydu, hamı nəsə alırdı, çay içən kim, nərd atan kim... 

- Bəlkə buna görə ən çox şəhid verən rayonlardan oldu Ağdam?!

- Ölüm onları addımbaşı təhdid edirdi, adamlar isə təhdidi eyinlərinə almırdılar. Ölümdən qorxmaq - ermənidən qorxmaq demək idi! Ermənidən qorxmaq isə nakişilik.

- Torpaqlarımız işğal olunanda yadınızda nələr qalıb?

- Hər şey e, hər şey. Bərdəyə çatanda dönüb bir də geri baxdım. Gələcəm, dedim. Gözləyəcəm, dedi... Hiss elədim... O gözlədi. Mən  gecikdim... amma indi gec də olsa, qayıdıram. Ağdam yadımdan çıxmayıb bu illərdə. Onun mənim düşüncəmdə öz obrazı var.

- Şair kimi bu hissi hansısa cümlə ilə ifadə eləyə biləsiniz?

- Çətin məsələdir. Ağam şəhərim! Adam şəhərim, Ağdam şəhərim!

- Oranı indi də çıxdığınız kimi xatırlayırsız? Hər yeri dağıtsalar belə...

- İndən sonra orda nə qursalar da, mənim yaratdığım obraz dəyişməyəcək. Köhnə Ağdam yaddaşımda əbədi qalacaq. Təkcə tikililəri yox, adamları ilə. Orda qoyub gəldiyim adamlar mənimçün sağdılar, mən qayıdıb onları da görəcəm.

- Qayıdıb həmişəlik orada yaşamaq bəs? Düşünürsünüz? Hər şeyi burda atıb getmək asan olacaq?

- Ağdama hamı qayıdacaq. Bütün ölkə. Biz Qarabağ savaşında uduzduq o illər. Qarabağı uduzduq. Çünki o yalnız Qarabağ savaşı idi. İndi isə qalib gəldik. Çünki Vətən savaşı oldu! Qarabağı hamıdan çox əsgərlər haqq edir! Qazilər haqq edir! Şəhid ata-anaları haqq edir! İlk növbədə, onlarındı Qarabağ! Mənim növbəm ən sondadı. Mən də qayıdacam...

- Məşhur Şuşa şeiriniz var, hamımızın sevdiyi. Bəs, Ağdam şeiri niyə yazmamısınız?

- Bu şeiri yazmaq üçün 28 il gözləmişəm! Ona "gələcəyəm” dediyim gündən. İndi vaxt gəldi, yazdım. İçimdə saxlamışdım bu misraları. Çapa verəcəyəm, qiraətçi də oxuyacaq. Oxuyarsınız hamınız.

- Şəkillərdən görsənir ki, viran qoyublar oranı. Gedib evini dağılmış görmək, məzarı dağılmış görmək bir də yaşlı doğmalarımızın oranı görmək istəyib də ömrünün çatmaması... Bütün bunlar zəmin yaradacaqmı hər şey əvvəlki kimi olsun? Təmir-tikinti işləri ruh verəcək ora? Köhnə ruhu. Gözəl Ağdamı...

- Dediyim kimi, mən Ağdamı necə görmüşəmsə, elə də xatırlayacam. Gözümdə daim elə qalacaq. Nə olsa da, nə etsələr də. Ağdam mənə hər halı ilə gözəldi.

- Gedib orada ən çox kimi sağ görmək istəyərdiniz?

- Yaxşı qonorar almışdım. Dostlarla oturduq. Axşam gəldim evə. Pulu tökdüm anamın qabağına: Dilə məndən, nə dilərsən! Dedi, içib məni öpmə. Dedim, ayrı? Əl çəkmədim. Dedim, bu saat əlim hər yana çatır (min dollar qızışdırıb məni). Dedi, əlin Ağdama çatır?! Çatırsa, apar məni Bakıdan... O, qaçqınlığa 20 il dözdü. İçində çəkdi. Anam ayrı Kişi idi! Qayıdıb onu görmək istəyirəm ata evimizdə...
Deyirlər ki, yeni nəsil sevməyəcək Qarabağı. Bakıda doğulan uşaq nə bilir Qarabağ nədi? Amma bu gün Qarabağı həm də oranı görməyənlər aldı. Amma yenə də dəyişən nəsə olacaqmı? Görməyənlər görənlər qədər sevəcəkmi? Genetika, qan rol oynayacaqmı? Qarabağı görən adamların hamısı dünyasını dəyişdikdən sonra onlarda olan sevgi köçə biləcəkmi görməyənlərə...

- Məsələn, sizin qızınız da. O, Ağdamı siz qədər sevə biləcək? Bu sevgini həm də aşılamaq lazımdır. Bacardınızmı bunu?

- Qarabağ elə yerdi ki, ordan heç düşmən əl çəkmir. O ki bizim gənclik ola! Boş söhbətlərdir. Qarabağı uşaqdan-böyüyə hər kəs sevir...

- Ağdama ayaq basan kimi ilk görmək istədiyiniz yer var? Evdən ayrı. Uşaqkən oynadığınız yer məsələn. Böyüdünüz yerlər, qalıbsa - ağaclar. Sevmisinizsə, sevdiyiniz qızın evi. Xüsusi müqəddəs nəsə varmı?

- Quyumuzu görmək istəyirəm.

- Su quyusu?

- Hə. Su quyumuzu, Sürüşək daşı, bir də ad yazdığımız qayaları.

- "Mənim Qarabağla bağlı xatirələrimi bir yerə yığıb ordu düzəltmək olar". Sizin sözünüzdü. Bu gün xatirələriniz Azərbaycan ordusu tərəfindən işğaldan azad oldu. Bəs, elə bir xatirə varmı indiyədək heç kim bilmir? Amma həmişə içinizdə yaşayıb, güldürüb, kədərləndirib? Adamı ayaqda diri tutan xatirələrdən. Yoxsa elə sıradan uşaqlıq xatirələridir hamısı?

- Var. Amma burda deməyəcəm. Onu sənə Ağdamda danışaram.

- İnşallah, Qulu müəllim. Bəs, ədəbiyyatla bağlı düşüncələr var? İlk olaraq, məsələn, oralı xatirələrindən ibarət roman, hekayələr. Digər bir məsələ isə hazırkı işinizlə bağlı. Yəqin ki zamanla ədəbiyyat sahəsi də yoluna düşəcək. İndidən deyirlər ki, AYB-nin Qarabağ şöbəsi olsun o torpaqlarda. Məsələn, Bakıdan tamamilə əl çəkib, Ağdam AYB şöbəsinin sədri Qulu Ağsəs olmaq...

- Qarabağ şöbəsi illərdi var və fəaliyyət göstərir.

- Məhz işğaldan azad olunmuş ərazilərdə. Elə Ağdamın özündə. Mərkəzində.

- İnşallah, torpaqlar təmizlənsin, Qarabağ Qafqazın gözü olacaq. Otuz il gözləmişik, bir az da dözək. Hər şey yaxşı olacaq. Hələlik planım o yerləri görməkdi. Bir də illərdi yazmadıqlarımı kağıza köçürmək.

- Onda bir daha gözünüz aydın olsun. Qarabağda görüşənədək. Son olaraq müsahibəni oxuyanlara nə demək istəyərdiniz?

- Demək istəyirəm ki... Qarabağ qayıdacaq deyəndə sizi aldatmırdım... Bir dəfə Fransa səfirliyi qarşısında mitinq idi. Qarabağa görə. Çoxdanın söhbətidir. Polis mitinqi dağıdanda Böyükkişi Heydərli zədələnmişdi. Onda mən bir yazı yazmışdım. "O, Qarabağı alıb sizə vermək istəyir. Ömründə belə bəxşeyiş görməmisən...”

Orxan Saffari

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR