Xəbər lenti

ADAU ilə Oklahoma Dövlət Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalandı
Ekonomiks 14:56 30.07.2021

ADAU ilə Oklahoma Dövlət Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalandı

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Oklahoma Dövlət Universiteti arasında magistratura səviyyəsində İkili Diplom Proqramı üzrə Əməkdaşlıq Memorandumu imzalanıb.

Qaynarinfo-nun verdiyi xəbərə görə, imzalanma mərasimindən əvvəl Gəncədə səfərdə olan Oklahoma ştatının qubernatoru Con Kevin Stittin rəhbərlik etdiyi nümayəndə heyəti ADAU-nun Tələbə Evi, yeni tədris korpusu, laboratoriyaları ilə tanış olublar. Qonaqlara universitetin maddi-texniki bazası, keyfiyyətli aqrar təhsil almaq üçün yaradılmış imkanlar, stimullaşdırma proqramları barədə geniş məlumat verilib.

Daha sonra universitetin Tələbə Parkında Azərbaycan Dövlət Aqrar Universiteti ilə Oklahoma Dövlət Universiteti arasında magistratura səviyyəsində İkili Diplom Proqramı üzrə Əməkdaşlıq Memorandumunun imzalanmasına həsr olunmuş tədbir keçirilib. 

Tədbirdə çıxış edən ADAU rektoru, professor İbrahim Cəfərov qonaqları salamlayaraq bildirib ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsi uzun müdddətir ki, Oklahoma Dövlət Universiteti ilə sıx əməkdaşlıq edir. İki universitet arasında 2019-cu ildə anlaşma memorandumu, 2020-ci ildə isə strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Bu gün imzalanan memorandum ali təhsil müəssisələrinin magistlərinə birinci il ADAU-da, ikinci ili isə Oklahoma Dövlət Universitetində təhsil almaqla hər iki universitetin diplomunu almaq imkanı qazandıracaq.

Kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Respublikası ilə ABŞ-ın Oklahoma ştatı arasında 20 ildən artıq davam edən əməkdaşlıq ənənəsinin olduğunu xatırladıb: "Sevindirici haldır ki, 2019-cu ildən bu əməkdaşlıq kənd təsərrüfatı sahəsini də əhatə etməyə başlayıb. Bu gün biz Azərbaycanla Oklahoma ştatı arasında əməkdaşlığı gücləndirəcək vacib bir sənədin imzalanması mərasimində iştirak edirik. İmzalanacaq memorandum kənd təsərrüfatının ən vacib sahələrindən biri olan aqrar təhsil sahəsinin inkişafına müsbət təsir göstərəcək. Qonaqlarımız bu gün universitetimizlə tanış oldular, Azərbaycanda aqrar təhsil sahəsinin inkişafı üçün nə qədər böyük maddi-texniki və elmi potensialın olduğunu gördülər. Biz səbirsizliklə Azərbaycan Dövlət Aqrar Universiteti tələbələrinin Oklahomaya gedərək öz təhsillərini davam etdirməsini, eyni zamanda Oklahoma Dövlət Universiteti tələbələrinin Gəncəyə gələrək burada təhsil almasını gözləyirik”.

Oklahoma ştatının qubernatoru Con Kevin Stitt imzalanma mərasimində çıxış edərək Azərbaycan Dövlət Aqrar Universiteti ilə əməkdaşlığın genişlənməsindən məmnunluğunu bildirib: "Azərbaycana səfərimdə mənimlə birgə böyük heyət gəlib. Bu, bizim Azərbaycanla əməkdaşlığa nə qədər böyük önəm verdiyimizi təsdiqləyir. Səfər çox məhsuldar oldu və bu səfər çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti ilə Oklahoma Dövlət Universiteti arasında magistratura səviyyəsində İkili Diplom Proqramı üzrə Əməkdaşlıq Memorandumunun imzalanması məraisimində iştirakdan məmnunluq duyuram. Hesab edirəm ki, bu cür əməkdaşlıqlar münasibətlərimizi daha da dərinləşdirəcək, həm Azərbaycan Respublikası, həm də Oklahoma ştatı üçün böyük töhfələr verəcək”.

Tədbirdə çıxış edən digər rəsmi şəxslər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın genişləndirilməsini vacib addım kimi dəyərləndirib, bu işdə əməyi olan beynəlxalq təşkilatlara və dövlət qurumlarına öz təşəkkürlərini bildiriblər.

Daha sonra Azərbaycan Dövlət Aqrar Universteti ilə Oklahoma Dövlət Universiteti arasında magistratura səviyyəsində İkili Diplom Proqramı üzrə Əməkdaşlıq Memorandumunun imzalanması mərasimi keçirilib. İmzalanma mərasimindən sonra xatirə şəkli çəkdirilib, Oklahoma qubernatoru Con Kevin Stitt və nümayəndə heyətinin üzvləri tələbələrin suallarını cavablandırıblar.

Qeyd edək ki, Oklahoma ştatının nümayəndə heyəti Gəncəyə səfəri çərçivəsində Ermənistanın günahsız insanlara qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumları nəticəsində dağılmış evlərə baş çəkib, həlak olan sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq gül düzüblər. Heyət üzvləri həmçinin Göygöl rayonunda Respublika Süni Mayalanma Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Qonaqlara Mərkəzin fəaliyyəti, ölkədə heyvandarlığın inkişafı üçün görülən tədbirlər, bu sahəyə dövlət dəstəyi barədə geniş məlumat verilib.

 Nümayəndə heyətinin səfəri sabah başa çatır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->