Ölkəmizin ilk müstəqil teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) Gürcüstana qastrol səfəri edib. Teatr iyunun 30-u Tbilisi şəhərində "Backstage” məkanında çıxış edib.
ADO teatrı səfər zamanı "Göydən 3 banan düşdü” adlı tamaşasını nümayiş etdirib. Tamaşanın quruluşçu rejissoru və müəllifi ADO-nun qurucusu Elmin Bədəlovdur. Rəssamı Leyla Quliyevadır. Rolları isə aktyorlar Elgün Həmidov, İskra Tarrant, Sabir Vol Məmmədov və Kamran Muradlı canlandırıb. Tamaşa Tbilisidə yaşayan teatrsevərlər tərəfindən böyük diqqətlə qarşılanıb. Səfərdən fotoları isə fotoqraf İlkin Səlifov çəkib.
Tamaşada Azərbaycan nağıllarının motivlərindən istifadə olunsa da nümayiş böyüklər üçün hazırlanıb. Eyni zamanda tamaşada milli musiqilərin təhrif olunmuş versiyasından da istifadə olunub.
ADO Theatre - Collective klassik teatr ənənələrindən uzaq, yeganə modern teatrdır. Kollektiv bir neçə dəfə Gürcüstana səfər edib. Eyni zamanda Fransa, İran, Tbilisi, Ukraina, Belarusiya, Türkiyə, İtaliyaya və ölkədaxili regionalara səfərlər edib.
Tbilisi səfərindən yenicə Bakıya dönmüş teatr heyəti 6-cı sezonunun açılışına hazırlaşır. Belə ki, 15 iyul tarixində ADO teatrı 5 yaşın tamamı, 6-cı sezonun açılışı ilə əlaqədar geniş tədbir planı hazırlayır. Teatr tezliklə yubiley proqramını açıq elan edəcək.
Eyni zamanda iyulun 10-u saat 20:00`da "MimOda 18+” tamaşası, iyulun 13-ü saat 20:00`da isə STOP adlı tamaşa nümayiş olunacaq.
Şərhlər