ADO meriyanı da məhkəməyə verdi

ADO meriyanı da məhkəməyə verdi

Ölkəmizin ilk müstəqil teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) Bakı Şəhər İcra Hakimiyyətini də məhkəməyə verib.

Bu barədə hüquqşünas Samirə Ağayeva məlumat verib: "ADO teatrının rəhbəri Elmin Bədəlov Bakı şəhər İcra Hakimiyyətinə qarşı 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində iddia qaldırıb. İddia ondan ibarətdir ki, o, teatrın rəhbəri olaraq, 2017-ci ildən etibarən Bakı Şəhər İcra Hakimiyyətinə (o cümlədən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə) rəsmi müraciətlər göndərib. Müraciətlər Bakı küçələrində qısa tamaşalarla çıxış etmələri ilə bağlı olub.

Müraciətlərə cavab olaraq teatra küçə tamaşaları ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə müraciət etməsi tövsiyə olunurdu. Bədəlov Nazirliyə müraciətlər göndərsə də, Nazirlik icazə almaq üçün teatrı yenə də Bakı Şəhər İcra Hakimiyyətinə göndərib. İki ildən çoxdur ki, bu məsələ həll olunmayıb. Dövlət orqanları bu məsələni bir-birinin üstünə atmaqla kifayətlənirlər. Lakin Bakı Şəhər İcra Hakimiyyətinin Mədəniyyət bölməsi mövcuddur və belə məsələlərdə iki qurum əlaqəli iş görməlidir. Teatrın sonuncu müraciəti Bakı şəhər İcra Hakimiyyətinə 17 sentyabr 2019-cu ildə saat 18:26-da kuryer vasitəsilə çatdırılıb. Bir aydan çox vaxt keçməsinə baxmayaraq Bakı şəhər İcra Hakimiyyətindən rəsmi cavab alınmayıb. İddia ərizəsində son müraciətə əsaslı cavab vermək vəzifəsinin qoyulması tələb edilir".

Bir neçə gün bundan öncə teatrın Mədəniyyət Nazirliyinə qarşı iddiası üzrə hazırlıq iclası keçirilib. Nazirlik məhkəmədə iştirak etmədiyinə görə məhkəmə nazirlikdən cavab almaq üçün prosesi naməlum vaxta təxirə salıb.

Həmçinin ADO teatrının küçə tamaşalarına Mədəniyyət Nazirliyi tərəfindən əngəllərin törədilməsinə etiraz olaraq vətəndaşlar bir müddət öncə imzatoplama kampaniyasına start verib. 1800-dən çox vətəndaş beynəlxalq imzatoplama saytı olan "Change.Org" saytı vasitəsilə bir araya gəlib. Teatr həmin imzaları rəsmi məktubla nazirliyə göndərib və nazirin vətəndaşların, eyni zamanda teatrın mövqeyinə cavab verməsini istəyib. Nazirlik isə vətəndaşların çağırışına hələ ki, reaksiya verməyib.
XƏBƏRLƏR
BLOGLAR