Xəbər lenti

ADY ətraf mühitin qorunması istiqamətində fəaliyyətini genişləndirir
Ekonomiks 12:28 05.06.2020

ADY ətraf mühitin qorunması istiqamətində fəaliyyətini genişləndirir

Azərbaycan Dəmir Yolları (ADY) son illər ətraf mühitin qorunması istiqamətində fəaliyyətini daha da genişləndirib. 5 iyun - Ümumdünya Ətraf Mühit Günü ilə bağlı ADY-nin yaydığı məlumatda bildirilir ki, hazırda ölkədə yük və sərnişin daşımalarının 90 faizi elektrik enerjisi ilə işləyən lokomotiv və qatarlar vasitəsi ilə həyata keçirilir ki, bu da havanın təmiz qalmasına əhəmiyyətli dərəcədə müsbət təsir gostərir.

Qaynarinfo ADY-yə istinadən xəbər verir ki, son dövrlər ADY dəmir yolu xətlərində modernizasiya işlərini aparmaqla yanaşı, ekologiya ilə dost olan lokomotiv və vaqon parkının zənginləşdirilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirib. Buna misal olaraq Fransanın "Alstom” şirkətindən alınmış 10 ədəd elektrovozu göstərmək olar. Hazırda bu lokomotivlər yük və sərnişin daşımalarında geniş istifadə olunur.

Azərbaycan Dəmir Yolları son 5 ildə İsveçrənin "Stadler Rail” şirkətinin istehsalı olan ikimərtəbəli elektrik qatarları alaraq, onları Abşeron dairəvi dəmir yolu xətti və Bakı-Gəncə istiqamətində istismara verib. Bu qatarlarda quraşdırılmış müasir avadanlıq və sistemlər sərnişinlərə komfort və təhlükəsizliyin zövqünü yaşatmaqla yanaşı, enerji sərfiyyatının azaldılmasına da xidmət edir.



Mütəxəssislərin hesablamalarına görə, bir "Stadler” qatarı 15 avtobus və ya 96 minik avtomobilin sərnişinini daşımaq iqtidarındadır. Digər nəqliyyat vasitələri atmosferi karbon qazı ilə çirkləndirdiyi halda, bu elektrik qatarlarının havaya CO2 tullantısı sıfıra bərabərdir. Bununla yanaşı, "Stadler”-lərin hərəkət etdiyi xətlərdə yeni calaqsız yol infrastrukturu yaradılmışdır ki, bu da səs çirklənməsinin qarşısını almağa imkan verib.

Qeyd edək ki, son dörd ildə Azərbaycan Dəmir Yollarına aid ərazilərdə 43 minə yaxın ağac, 140 hektar ərazidə kol bitkiləri əkilib. Bu il yaranmasının 140-cı ilini qeyd edən "Azərbaycan Dəmir Yolları” QSC təsərrüfatlarında ekoloji vəziyyətin daha da yaxşılaşdırılması, eləcə də ətraf mühitin qorunması istiqamətində fəaliyyətini genişləndirməyi hədəfləyir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->