"Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan "ADY Express” MMC korporativ sosial məsuliyyəti çərçivəsində koronavirus (COVID-19) xəstəliyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürülən təşəbbüsə qoşulub.
Qurumdan Qaynarinfo-ya verilən məlumata görə, "ADY Express" şirkəti ölkə başçısı cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat məbləğində vəsait ayırıb.
"ADY express” MMC koronavirus infeksiyası (COVID-19) ilə mübarizə çərçivəsində vətəndaşları Nazirlər Kabineti yanında operativ qərargahın təlimatlarına ciddi riayət etməyə, yaşlı insanların qayğısına qalmağa, zərurət olmadığı təqdirdə evdən çıxmamağa və ictimai yerlərə toplaşmamağa çağırır.
Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan "ADY Express” MMC nəqliyyat-logistika sektorunun ayrılmaz bir hissəsi kimi, qlobal pandemiya şəraitində fəaliyyətini davam etdirərək, idxal, ixrac və Azərbaycan ərazisindən keçən tranzit yüklərinin nəqlini həyata keçirir. Şirkətin baş ofisi məsafədən iş rejimi, digər strukturlar isə növbəli iş rejimi şəraitində çalışırlar.
Şərhlər