İdman 20:44 10.09.2019

AFFA heç-heçəyə görə futbolçulara yüksək məbləğdə mükafat verəcək

AFFA AÇ-2020-nin seçmə qrup mərhələsinin Azərbaycan - Xorvatiya oyununda qeydə alınan 1:1 hesablı heç-heçəyə görə futbolçulara böyük məbləğdə pul verəcək.

Qaynarinfo-nun sportinfo.az-a istinadən xəbərinə görə, ilk "11-lik"də meydana çıxan hər bir futbolçu federasiyadan 30 min manat mükafat alacaq.

Oyuna sonradan daxil olanlar və ehtiyatda qalanlar isə 30 mindən az mükafat alacaqlar. Ümumilikdə, baş sponsor SOCAR milliyə 1 xala görə yarım milyondan çox pul paylayacaq.

Futbolçulara deyilib ki, mükafatlar bu günlərdə bank hesablarına köçürüləcək.

Qrup sonuncusu olan Azərbaycan yığması seçmə mərhələdə keçirdiyi ilk 4 oyunda müvafiq olaraq Xorvatiya, Macarıstan, Slovakiya və Uelsə uduzub, ilk xalını isə 5-ci turda - dünən xorvatlarla ikinci qarşılaşmada qazanıb.