Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsinə hazırlıq planı gələn həftə müəyyənləşəcək.
Bu barədə "Report"a Azərbaycan Futzal Federasiyasının Mətbuat katibi Mahal Məmmədov məlumat verib.
Onun sözlərinə görə, hazırda ölkəsi Braziliyada olan yığmanın baş məşqçisi Joze Alesio Da Silvanın Bakıya qayıdışından sonra təlim-məşq toplanışı ilə bağlı suallara aydınlıq gələcək.
Koronavirus pandemiyasına görə ölkədə tətbiq olunan sərt karantin rejimi ilə bağlı idman zalları bağlıdır. Federasiya rəsmisi milli komandanın məşqlərə başlamasına icazə verilməsi üçün AFFA tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargaha yazılı müraciət olunduğunu bildirib.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Slovakiya, Moldova və Yunanıstanla III qrupda mübarizə aparacaq. Yığma qrupda ilk oyununu yanvarın 29-da Bakıda Slovakiya komandasına qarşı keçirməlidir.
Şərhlər