Afrikada doğulan azərbaycanlı: İndi Avropanın məşhurlarından biridir

Afrikada doğulan azərbaycanlı: İndi Avropanın məşhurlarından biridir

Yusif Eyvazov Avropanın məşhur opera müğənnilərindən biridir. Onun repertuarı genişdir, əsasən verizm dövrünə aid əsərlərdir.

Yusif Eyvazov Metropolitan, La Skala, Vyana Dövlət Operası, Böyük Teatr, Paris Milli Operası və s. kimi Avropa və dünyanın məşhur səhnələrində çıxış edir.

İtaliyada keçirilən beynəlxalq müsabiqənin qalibi, Canandrea Qavazzeni adına fəxri medalın sahibidir. Eyni zamanda, 2012-ci ildə Bakıda vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub.

Bir Afrika ölkəsində

Yusif Eyvazov 1977-ci il mayın 2-də Əlcəzairdə müəllim ailəsində anadan olub. Valideynləri sovet dönəmində mütəxəssis kimi Əlcəzairdə işləyiblər. Atası metallurgiya mütəxəssisi, Bakı Dövlət Unversetinin professoru olub.

Yusifin musiqi təhsili Bakı Musiqi Akademiyasından başlayıb. 1998-ci ildə təhsilini davam etdirmək üçün İtaliyaya köçüb, Milanda məskunlaşıb. O, Franko Korelli, Maqda Olivero, Plasido Dominqo, Canandrea Qavazzeni və Antonio Foqlianidən ustad dərsləri alıb.

Karyerasına İtaliyanın kiçik opera teatrlarında tamaşalarla başlayıb. Fransa, Avstriya, Sloveniya, Almaniya, İspaniya, Yaponiya, Cənubi Koreya kimi bir çox ölkədə qastrol səfərlərində olub. Yusif Eyvazov 2008-ci ildə Milanda keçirilən beynəlxalq opera ifaçıları müsabiqəsində qalib olub. 2009-cu ilin yanvar ayında Moskva Konservatoriyasının Böyük zalında Vladimir Minin yubileyinə həsr olunmuş konsertdə çıxış edib. Elə həmin il Bakı və Romada resitallar verib. 2012-ci ildə Bakıda vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub.

2010-cu ildə Moskvada Böyük Teatrda Cakomo Puççininin operası ilə debüt edib. Kvardossi obrazını canlandırıb.

Debütlər silsiləsi

2013-cü ildə Ravennada Algiyeri Dante Teatrının səhnəsində Cüzeppe Verdinin 200 illik yubileyinə həsr olunmuş Beynəlxalq Opera Festivalında Otello rolunda debüt edib. 2014-cü ildə Roma Opera Teatrında Eyvazov və Anna Netrebko Puççininin "Manon Lesko” operasının premyerasında baş rollarda oynayıblar.

2015-ci ildə Los-Ancelesdə Plasido Dominqonun rəhbərliyi altında Payts Operasında - Şimali Amerikada debüt edib. Elə həmin il Yusif Metropolitan Operasında səhnəyə çıxıb. Bu onun burada debütü olub.

Debütlər silsiləsi 2016-cı ildə Paris Milli Operasın və Vyana Dövlət Operasında davam edib. Həmin ilin mayın 31-də Marinski Teatrında, iyulda isə Berlin Dövlət Operasında, həmçinin Zalsburq festivalında ilk dəfə səhnəyə çıxıb.

Romanslar

2017-ci ilin payızında Netrebko və Eyvazov Asiya və Avstraliyaya qastrol səfərinə çıxıblar.

2017-ci il sentyabrın 1-də rusiyalı bəstəkar İqor Krutoy tərəfindən Netrebko və Eyvazov üçün yazılmış ariya və duetlərdən ibarət "Romanslar” diski buraxılıb.

Həmin il dekabrın 7-də La Skalada Umberto Cordanonun operası ilə mövsümü açıb.

Yusif Eyvazov Milan Simfonik Orkestrinin müşayiəti ilə dəfələrlə konsert proqramları ilə çıxışıb edib. O, burada ən çox İtaliya operalarından məşhur ariya və duetləri ifa etməyə üstünlük verir.

"Qızıl maska”

2018-ci ilin aprel ayında Böyük Teatrında səhnəyə qoyulmuş "Manon Lesko” tamaşasında Eyvazov və Netrebko unikal yaradıcı duetə görə "Qızıl maska” teatr mükafatına layiq görülüb. Həmin ilin mayında Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Yusif Eyvazova "Azərbaycanın xalq artisti” adı verilib.

Mantaşyanın saxtakarlığı

Yusif Eyvazov 2020-ci ilin yanvarında bir sıra KİV-lərdə Drezden Opera Balının proqramını tərtib edilərkən erməni müğənni Ruzan Mantaşyanı iştirakçılar siyahısından çıxarmağa nail olması barədə xəbər yayıldıqdan sonra qalmaqalın mərkəzində olub. O, Mantaşyanla belə bir müqavilənin imzalanmadığını bildirərək bu xəbərləri təkzib edib. Mantaşyanın maraqlarını təmsil edən "Massis” prodüser agentliyi isə israr edib ki, onun opera balında iştirakı tam razılaşdırılıb, sonra Eyvazovun təzyiqi ilə ləğv edilib. Yəni guya azərbaycanlı erməni ilə duet oxumaqdan boyun qaçırıb. Amma Yusif Eyvazovun özü bu ittihamları qəti şəkildə rədd edib, opera ilə siyasəti qarışdırmadığını bildirib.

Növbəti qələbə

Yusif Eyvazov 2020-ci il oktyabrın 24-də Böyük Teatrda Plasido Dominqo ilə çıxış edərək onunla Cüzeppe Verdinin "Taleyin gücü” operasından Don Alvaro və Don Karlosun duetini ifa edib.

2021-ci ildə NTV kanalında ”Maska” musiqili-əyləncə şousunun ikinci mövsümündə ikinci yeri tutub. Həmin il sentyabrın 25-də Yusif "Şoumaskqoon” musiqi layihəsinin birinci mövsümünün premyerasına dəvətli qonaq olub.

2018-ci ildə Vyanda "Grand Prix De La Culture” mükafatının qalibi adına layiq görülüb.

Roma sevgisi

Yusif Eyvazov 2015-ci ildən rus və avstriyalı opera müğənnisi Anna Netrebko ilə evlidir. O, müğənni ilə 2014-cü ilidə Romada tanış olub, nişan həmin ilin yayında Zalsburqda baş tutub. Onlar indi Vyanada birlikdə yaşayırlar.

Mənbə: Teleqraf.com
XƏBƏRLƏR
BLOGLAR
X