Xəbər lenti

Dünya 15:27 05.12.2023

Ağ Ev müharibədən sonra Qəzzanın idarəedilməsi planını təklif etdi - "Politico"

ABŞ prezidenti Co Bayden administrasiyasının rəsmiləri müharibədən sonra Qəzza zolağında yenilənmiş Fələstin Administrasiyasının nəzarəti ələ almasını nəzərdə tutan çoxmərhələli plan hazırlayıb.

Qaynarinfo bu barfədə "Politico”ya istinadən xəbər verir.

Nəşr qeyd edir ki, bu, tam məqbul həll yolu olmasa da, ABŞ rəsmiləri bunu pis variantların ən yaxşısı kimi görürlər.

Dövlət katibi Entoni Blinken və digər administrasiya rəsmiləri açıq şəkildə Fələstin Administrasiyasının Qəzza zolağına rəhbərlik etməli olduğunu desələr də, bunun necə işləyəcəyi ilə bağlı təfərrüatları açıqlamayıblar.

Lakin onlar artıq Fələstin Administrasiyasının Qəzza zolağında gələcək rolunu faktiki olaraq istisna edən İsrailin baş naziri Benyamin Netanyahunun müqaviməti ilə üzləşiblər. İsrail rəsmiləri oktyabrın 7-də HƏMAS-ın 1200-ə yaxın israillinin ölümü ilə nəticələnən hücumu nəticəsində başlanan müharibədən başqa heç bir şeyi müzakirə etməkdən böyük ölçüdə çəkinir.

Bununla belə, planı hazırlayan ABŞ strateqləri İordan çayının qərb sahilinin bəzi hissələrini idarə edən, lakin uzun müddətdir korrupsiya və səmərəsizlikdə ittiham olunan Fələstin Administrasiyası məsələsinə qayıtmağa davam edir. Onların fikrincə, bu, ən real variantdır.

"Biz ilişib qalmışıq. Fələstin Administrasiyasının Qəzza zolağında lider rolunu oynamasına güclü siyasi üstünlük verilir, lakin onun legitimlik və imkanlarla bağlı ciddi problemləri var", deyə Dövlət Departamentinin rəsmisi bildirib.

ABŞ planı

Geniş konsepsiya İsrail qoşunları ilə HƏMAS yaraqlıları arasında şiddətli döyüşlər başa çatdıqdan sonra Qəzzanın çoxmərhələli yenidən qurulmasıdır. Bundan dərhal sonra bölgəni sabitləşdirmək üçün beynəlxalq qüvvələrə ehtiyac duyulacaq, bunun ardınca isə uzunmüddətli perspektivdə Fələstin Administrasiyası yenilənəcək.

Planın əsas hissələrinə ABŞ-dan təhlükəsizliklə bağlı yardımın artırılması daxildir. "Nəticədə biz münaqişədən sonrakı Qəzza zolağında Fələstin təhlükəsizlik strukturuna sahib olmaq istəyirik", deyə Bayden administrasiyasının yüksək rütbəli rəsmisi bildirib.

Rəsmilər vurğulyıb ki, irəli sürülən ideyalar hələ başlanğıc mərhələsindədir və bir çox gözlənilməz hadisələrdən asılıdır. ABŞ rəsmiləri ağır döyüşlərin ən azı daha bir neçə həftə davam edəcəyini gözləyirlər.

Strategiya üçün maneələr

"Politico" qeyd edir ki, ABŞ-ın irəli sürdüyü istənilən strategiya İsrailin skeptisizmi və ərəb məyusluğu da daxil olmaqla çoxsaylı maneələrlə üzləşəcək, baxmayaraq ki, regional oyunçular və analitiklər ümumiyyətlə Vaşinqtonun müharibədən sonrakı mərhələdə həlledici rol oynamalı olacağı ilə razılaşırlar.

Ola bilsin ki, hazırda ən böyük problem döyüşlərdən sonra aralıq olaraq Qəzzanın sabitləşdirilməsində kimin rol oynayacağını müəyyən etməkdir. 

Anonim mənbə bildirib ki, ərəb ölkələri Qəzzaya qoşun yeritmək ideyasına tərəddüd edir və ya tamamilə rədd edirlər, bəziləri bu fikrə daha açıq görünür. Bayden administrasiyası ABŞ qoşunlarının göndərilməsini istisna edib. Müzakirə olunan ideyalardan biri Birləşmiş Ərəb Əmirliklərindən tibb müəssisələrinin bərpası və ya dövlət qulluqçularına təlim keçməsinə yardım göstərilməsi üçün xahiş etməkdir.

"Birləşmiş Millətlər Təşkilatı müharibədən sonra Qəzzada ən azı humanitar cəbhədə rol oynaya bilər", deyə başqa bir ABŞ rəsmisi bildirib. Bununla belə, İsrail hökuməti BMT-nin israillilərə qarşı qərəzli olduğunu bildirərərk bu ideyaya isti baxmır. 

Qonşu Misirin müharibədən sonrakı Qəzzada mühüm rol oynaması ehtimal edilir. Misir prezidenti Əbdülfəttah əs-Sisinin beynəlxalq təhlükəsizlik qüvvələrinin müvəqqəti iştirakı ilə gələcək Fələstin dövlətinin demilitarizasiyası təklifi Bayden administrasiyasının dairələrində geniş tirajlanıb.

"Böyük qeyri-müəyyən məsələ Qəzza zolağında HƏMAS-dan nəyin qalacağıdır", deyə Bayden administrasiyasının yüksək rütbəli rəsmisi bildirib. 

Qruplaşmanın sayı az olsa belə, onun silahlara çıxışı qoşun göndərməyi düşünən ölkələrin hesablamalarını kəskin şəkildə dəyişə bilər.
Birləşmiş Ştatların görməyə ümid etdiyi əsas məsələrdən biri də ərəb liderləri tərəfindən HƏMAS-ın daha açıq şəkildə qınanmasıdır. Onların çoxu HƏMAS-ı öz hakimiyyətlərinə potensial təhlükə olaraq görürlər və şəxsi görüşlərdə onların hərəkətlərini pisləyirlər. HƏMAS 15 ildən çoxdur ki,  Qəzza zolağına nəzarəti Fələstin Administrasiyasından alıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->