İnternetdə tamamilə insan tərəfindən yaradılmış məzmunun son qalası sayılan "Wikipedia" ziyarətçi itkisi ilə üzləşib.
Qaynarinfo xəbər verir ki, "Wikimedia Foundation"un məlumatına görə, son bir il ərzində sayta insan tərəfindən edilən baxışlar 8 faiz azalıb.
Fondun nümayəndəsi Marşall Miller bildirib ki, trafikin azalması yeni bot-filtrləmə sisteminin tətbiqindən sonra aşkarlanıb. Əvvəllər qeyri-adi dərəcədə yüksək olan may–iyun aylarının göstəriciləri əslində filtrləri aşmağı öyrənmiş botlar tərəfindən formalaşdırılıb.
Lakin Millerin sözlərinə görə, əsas səbəb təkcə bu deyil. Getdikcə daha çox insan suallarına cavabları birbaşa çat-botlardan və sosial şəbəkələrdən alır, "Wikipedia"nı açmağa ehtiyac duymur.
Müasir axtarış sistemləri artıq sorğulara cavabı birbaşa nəticə səhifəsində strukturlaşdırılmış şəkildə təqdim edə bilir. Gənc auditoriya isə məlumatı ümumiyyətlə "TikTok" və ya "YouTube Shorts" kimi qısa videolardan axtarmağa üstünlük verir.
Miller qeyd edib ki, fond biliklərin əldə edilməsinin yeni yollarına qarşı deyil, çünki insanlar saytı ziyarət etməsələr də, süni intellekt sistemlərinin cavablarının çoxu "Wikipedia" materiallarına əsaslanır. Lakin ziyarətçilərin azalması könüllülərin sayının və ianələrin də azalmasına gətirib çıxarır:
"İnsanlar məlumatın haradan gəldiyini dərk etməyi dayandırdıqda, onu yaradanlara dəstək vermək istəyi də azalır".
Bu səbəbdən "Wikimedia Foundation" "Wikipedia" məzmunundan istifadə edən şirkətləri istifadəçiləri birbaşa sayta yönləndirməyə təşviq etməyə çağırır. Təşkilat artıq yeni məzmun nişanlama sistemini hazırlayır və yeni oxucuların cəlb olunmasına kömək edəcək könüllülər axtarır.
Aydın
Şərhlər