Məqsəd Nur
Ölkə 10:19 02.10.2023

Ağdərə yolayrıcı imiş - 2

Eyni adlı yazını 1991-ci ildə, "Qarabağ" qəzetində yazdığıma görə məni işdən çıxardılar. Çıxardılar deyəndə, çox söz-söhbət oldu, axırı, mədəni şəkildə özün get dedilər, mən də qələmimi yaxama sancıb getdim. O vaxt qəzetdə təcrübəçi-müxbir, tələbə, eyni zamanda mətbəədə fəhlə idim. Belə bir yazı yazmağa israr etdim, Mardakert rayonunun əsl adının Ağdərə olduğuna dair nənəmdən eşitdiyim hekayəni qələmə aldım. Nənəm deyirdi ki, nə Mardakert, ora Ağdərədir, xırmanlıq olub, yolayrıcı idi, Arandan gələn yükləri, taxılı orada bölüşüb qatıra, öküzə yükləyir, Kəlbəcərə gətirirmişlər. Bir sözlə, indiki dillə desək, Ağdərə nəqliyyat habı imiş... 

O tərəflərdən yaxşı bir reportaj da yazmışdım, fotolar çəkmişdim, ermənilərin silahlandırılmasına, bizdən isə ov tüfənglərinin yığılmasına dair. Ustad Aqil Abbas zirək tərpəndi - çəkdiyim fotoları qəzetində nəşr etdi...

İlk dəfə, çox kiçik yaşlarımda Kəlbəcərdən gəlib Ağdərənin içindən Mirbəşirə (indiki Tərtərə) keçərkən yol kənarında rusca "Aqdam" yazılan yol işarəsini gördüm. O vaxtadək tez-tez böyüklərdən adını eşitdiyim Ağdam yuxularıma girirdi. Düşünürdüm ki, dam necə ağ ola bilər? Mardakertdə "Aqdam" yazısını görəndə isə yenə Ağdamı təsəvvür etməyə başladım. Bəyaz günəş altında mürgüləyən ağappaq damlar görürdüm. Damların altında üzü ağappaq evlər. Sonralar Ağdamda olanda oranın parlaq günəşinə baxır və doğrudan da, elə bilirdim ki, bu şəhərin günəşi digər şəhərlərdən daha parlaq, az qala ağappaq idi. Sonuncu dəfə Xocalı soyqırımından bir gün sonra reportaj hazırlamaq üçün Ağdama getdim, qəfil mənə elə gəldi ki, şəhərə qaranlıq çöküb, həmin bəyaz günəş isə bu qaranlığı dağıtmaq üçün ordan-burdan boylanmağa çalışır. 

Ağdərədə "hökumət" binasının alındığını görəndə sevindim. Bir dəfə də, 5-6-cı siniflərdə oxuyanda Ağdərədən ( o vaxtkı Mardakert) keçib Kəlbəcərə gedirdik. Yolüstü Mardakertin mərkəzindəki univermağa girdik. İkinci mərtəbədə geyim satılırdı, böyük qardaşım mənə pencək almaq qərarına gəldi. Kassaya yaxınlaşıb pulunu ödəyəndə satıcı qadınla mübahisə etdi. Qadının bizimlə kobud davrandığını və niyə rus dilində danışdığını (qardaşım rus dilini çox yaxşı bilirdi, o vaxt da Gəncədə tarix fakültəsini yenicə bitirib müəllimliyə başlamışdı) üzünə dedi. Səs-küy düşdü. Yadımdadır, qardaşım, pulun qalığını da götürmədi, pencəyi və məni götürüb univermaqdan çıxmağa çalışdı, amma qadın ardımızca birinci mərtəbəyədək gəlib ermənicə deyinə-deyinə pulu arxamızca atdı. Qardaşım geri baxmadı, pulun qalığını götürmədi, dönüb qadına da heç nə demədi, lakin mən qadının qəzəbli üzünü hələ də xatırlayıram...

Yeri gəlmişkən, hamı kimi mən də Ağdərə-Kəlbəcər yolunun açılmağına çox sevindim. Qəribə hisslər yaşadım. Baxmayaraq ki, o yol uzundur, meşənin içindən keçir, Sərsəng su anbarının sahili ilə burula-burula gedir, indiki vaxtda təhlukəli ola bilər, əminəm ki, müharibədən salamat çıxan kəlbəcərlilərin əksəriyyəti bircə dəfə də olsa, o yolu getmək istəyəcəklər. Ağdərə onların dədə-baba yoludur. 

Hə, bir də onu deyim ki, ara-sıra o vaxtkı "Dağlıq Qarabağ Təşkilat Komitəsi"nin sədri Viktor Polyoniçkonu tərif edən, guya onun bizi sevdiyini söyləyən ciddi adamların yazılarına da rast gəlirəm. Səhv etmirəmsə, Polyoniçko nizamişünas idi, şərqi yaxşı bilirdi, işi də silahları bizdən yığmaq, millətlərarası münasibətlərin qızışdırılmasına imkan verməmək idi. Amma bir işi də vardı ki, bizimkiləri daim  Lefortovo həbsxanası ilə hədələyirdi.  Adətən, bunu elə öz partnomenklaturamızın əli ilə edirdi. Polyoniçko həm də birtərəfli qaydada bizi silahsızlaşdırmaqla məşğul idi. Bax bu dəqiq yadımdadır.   

Silah da, müharibə də insanlara o qədər zədə vurur ki, bəzən bu zədələri unutmaq üçün əsrlər lazım olur. Mənə görə, Qafqazda 19-cu əsrin əvvəlindən formalaşmağa başlayan insan tipinin hekayəsi məğlubiyyətə uğradı. Kim insan qalmağı necə bacardı, başqa söhbətdir.  Xalqları da insanlar təşkil dir. Hətta sovet ideologiyası da bu tipi dəyişə bilmədi. Hər iki xalqın canında düşmən xofu, rus nifrəti qaldı. Lakin "xalq" dediyimiz həm də onun hekayəsindən ibarətdir. Kilsələrin, məscidlərin, rejimlərin, tayfaların, başçıların və ailələrin qoyub getdiyi hekayələr də belə bir sonluğa gətirib-çıxara bilər.  

Hər halda Qafqazda sülhə ehtiyac var. Bəs, görəsən, bundan sonrakı yeni insan tipi necə olacaq?  Mənim tipimin xatirəsində Ağdərə bir yolayrıcıdır, orada qızmar günəş altında taxıl bölünür, öküzlər, qatırlar, yüklənir, həyat davam edir... 

Məqsəd Nur