Şair, yazıçı, publisist və Qaynarinfo-nun baş redaktoru Pərviz Cəbrayılın 55 yaşı tamam olur.
Qaynarinfo bu münasibətlə onun yeni hekayəsini və şeirlərini təqdim edir:
Pərviz Şahbaz oğlu Cəbrayıl 18 yanvar 1971-ci ildə Biləsuvar rayonunda dünyaya gəlib. 1991-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. O, jurnalist kimi "Azadlıq", "Azad Söz" (baş redaktor), "525-ci qəzet", "Carçı", "Avrasiya", "Ekspress", "Millətin səsi" qəzetlərində çalışıb, Qafqazın ilk tele-jurnalı olan "Tv-tel"in redaktoru olub, hazırda Qaynarinfo.az saytının baş redaktorudur.
Pərviz Cəbrayılın indiyədək "Öləngi" (roman, hekayə və şeirlər), "Hər sabah yaşam" (şeirlər), "Yad dildə" (roman) və "Məryəm surəsi" (roman) kitabları nəşr olunub.
Dərs (Miniatür hekayə)
Atası dağ boydaydı, qaya kimi, daş kimi adamdı.
Ona elə gəlirdi, atasının ürəyi daşdandı. Bəlkə də daş bağlamışdı ürəyi, biləmmirdi.
Onu əsgərliyə yola salanda ağlamadı kişi. Heç qucaqlamadı da oğlunu.
Öpəcəyini isə gözləmirdi də. Öpülmək nəydi, ata öpüşü nəydi, bilmirdi.
Onunla bir yerdə gedən yoldaşlarını ataları qucaqladı, öpdü, bağrına basdı. Ağlaşdılar hamısı. Ata-bala.
Onun atası ağlamadı. O özü də. Hətta gülümsündü də. Ağlaşanlara baxıb qımışdı. Atam ağlamırsa, demək, kişi dediyin belə olmalıydı! Atasını həmişə kişi görmüşdü. Ağlaşan atalara ikrah duydu.
...Ağlamamışdı, "yaxşı, day get, gecikərsən birdən” demişdi sadəcə. O biri valideynlər tələsmədən balalarını duz kimi yalayırdılar. Heç buraxmaq istəmirdilər ağuşlarından. Heç yana tələsmirdilər, uşaqlarının gecikə biləcəyindən də narahat deyildilər, əksinə, vaxtı uzatmağa çalışırdılar. Onun atasısa sanki harasa tələsirdi. Oğluna yox, hayanasa baxırdı, sanki o tələsdiyi yönə. Hətta deyəsən onu yüngülcə itələmişdi də kürəyindən. Ayrılığı niyə belə sürətləndirməyə çalışdığını düşünmüşdü sonralar, illərlə içində evirib-çevirmişdi.
Atası müəllim idi. Bu cür edirdisə, demək, dərs verirdi.
...Atasını o dünyaya yola salanda o da ağlamadı! Ancaq atasının ona verdiyi dərs deyəsən burda işləmədi – ona "yaxşı, day get, gecikərsən birdən”, - deyə bilmədi.
Çox sonralar anladı. Qarabağda İkinci savaş başlayanda. Atası "yaxşı, day get, birdən gecikərsən” deyəndə iki illik hərbi ayrılıqdan heç olmasa bir dəqiqə, bəlkə dörd-beş saniyə tez dönməyini istəyirmiş...
Bunu öz oğlunu savaşa yola salanda anladı.
Atasından sonra ilk dəfə ağladı...
***
DİL DƏRSİ
Gündüzlər -
iş...
Axşamlar -
"ah keçmiş..."
Gecələr -
"gecmişşş..."
...mış, miş, muş, müş...
Sən demə, bizə
ömür adına
yazılmış
gün belə,
gün altında
qoşa şəklimiz belə
yoxmuş...
gedək, dostum,
bizimçün
şəkilçi düşünülməmiş...
***
SƏN MƏNƏ AĞ...
Sən mənə
ağ məktublar yolla.
Yazdıqlarını
ağ mürəkkəblə qolla.
Sənə ağ cavablar
yollayım.
Məktublarımız
ələ keçərsə belə,
qorxma.
Kimsə aça bilməz
bu sirri
məktubları daşıyan
dolanbac,
əyri-üyrü
donqar belli
Ağam yollardan qeyri.
Sən mənə
ağ məktublar yolla,
gözlərim yol olmamış...
sal yolun ağına,
yolla...
***
DE NEYNİM
Daha heç kim
oxşamır sənə,
daha heç kimdə
aranmırsan bir vaxtkı kimi.
Daha hamını sən bilib
kimsəyə qısqanmıram
kimsəni,
kimisə sən bilib
marşrut taksidən düşəndə ətəyinə toxunmaq,
yaxınlıq istəmirəm.
İstəmirəm təsadüfən kiminsə telinə toxuna barmaqlarım.
Birouz üz götürüb kimsələrdən
üzünə geyindirmək keçmir içimdən.
adlar seçmirəm səninçün
ad kitabından.
Daha heç kim sən deyil,
hamının adı özünündü,
üzü,
teli,
ayağı, əli,
taxdığı gümüş üzüklər, qolbağlar,
sırğalar,
boyunbağlar,
mobil telefonlar belə,
özünün.
Daha mədəmin ağrısı,
aclıq çağrısı
oturub ürəyimdə,
beynimdə
sənin bilmədiyim nişanlarını
götür-qoy eləmək yerinə.
Məndən asılı deyil,
mən neynim, de...
Axı sən...
daha...
özün varsan,
Özünü gəzim
üzüm varsa...
***
QATAR GƏLİNCƏ
Səndən sonra,
sən gedən kimi...
başımı xarab eləyən ayrılığı
içirib-içirib
kefləndirmək
düşdü beynimə.
İncimə,
şüşə ürəklim,
mən atmışdım ayrılığı,
onu sən qaytardın
ömrümə.
Daha ondan başqa
ömür yoldaşı görmürəm
yolları ayırmağa,
qurmağa.
Dəmir yolların dizinə baş qoyub
qatar gəlincə...
təmiz tut arağı
vurmağa...
***
BİZİ AYRILIQ QOYMUR ARALANMAĞA
Biz
tər-təmiz
dəmir yoluyuq birlikdə;
ölüncə qoşayıq,
dost-dosta,
qardaş-qardaşa,
baş-başayıq;
biz ömür-gün
yoldaşıyıq.
Sonuna qədər
ayrılmaq,
bir santim aralanmaq yox bizə.
Üstümüzdən
qatarlar keçər
ağır-ağır -
sərnişin qatarları -
çiçək kimi işıqlı,
yaraşıqlı,
şimşək kimi yeyin...
Üstümüzdən
qatarlar keçər
ağır-ağır -
neft qatarları -
içində işıq daşıyar,
çölündə qaranlıq -
fağır-fağır...
Sonuna qədər
ayrılmaq,
bir santim
aralanmaq yox bizə -
üstümüzdən
qatarlar keçər...
və qovuşmaq yox bizə - aramızda
qılınc kimi uzanıb gedən
qoşa ayrılıq...
***
HÜSEYN CUDİNİN İNTİHAR SƏBƏBİ
Beşinci qatdakı evimin eyvanından intihar
Paris Hilton kimi çəkici
və hallı-dullu.
Təkcə,
beşinci qatdakı evimin eyvanından baxanda.
Fəqət,-
Bakıda intihar eləmiş cənublu dostumuz
ateist Hüseyn Cudi demişkən,- fəqət
düz Dəfnə ağacının üstünə düşəcəyəm, deyə,
qalmışam belə -
çar-naçar,
aşağı atılırsan Dəfnədi,
yuxarı – Tanrı.
Mən axı
Dəfnənin başına çələng olmağı
heç haqq etmədim,
hələ Tanrı bir ayrı.
Uzun illər ötdü,
heç kim bulmadı Cudinin intihar səbəbini,
indi mən bildim:
onun eyvanının altında Dəfnə ağacı yoxmuş...
Şərhlər