Sənət 17:33 30.06.2022

“Şah İsmayıldan yox, Sayat Novadan film çəkərdim” - Əli İsa Cabbarovla söhbət (II HİSSƏ)

Qaynarinfo rejissor, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əlisa Cabarrovla müsahibənin ikinci - tarix şəxsiyyətlər haqqında çəkilmiş filmlərlə bağlı hissəsini təqim edir. 

Müsahibənin birinci hissəsini BURDAN oxuyun.

- Əlisa müəllim, belə bir söz-söhbət var idi o vaxt, guya Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadə haqqında italyanlar film çəkmək istəyib, amma SSRİ icazə verməyib... 

- İnanmıram. Ümumiyyətlə o vaxt sözün yaxşı mənasında xüsusi ideoloji "əməliiyatlar” həyata keçirilib. Məsələn, Gəncədə doğulmuş Nizami Gəncəvi haqqında film çəkmək, onun bizimkini olduğunu hamıya göstərmək kimi. Biz Nizamiyə iranlılardan daha çox yatırım edirdik. Kinosunu çəkdik, qəzəllərinə mahnı yazdıq, şəkillərini də çəkdik, tamaşalarını da qoyduq. Bir tarixi şəxsiyyəti özününküləşdirmək istəyirsənsə, gərək ona maya qoyasan. Təkcə puldan söhbət getmir, e özününküləşdirə, yiyə dura biləsən. Bu cəhətdən biz də Mixayloya yiyə dura bildik. Yazılı mənbələrdə rast gəlməmişəm, amma belə deyirlər ki, Mixayloya yiyə dura bilməyimizdə azərbaycanlı çekistlərin də böyük rolu olub. Onlar sübut edə bilib ki, Mehdi almanlardan daha çox sovetlər üçün çalışıb, qəhrəmanlıq, fədakarlıq göstərib. Axı Mixaylo almanların da kəşfiyyat məktəbində oxuyub, xüsusi təyinatlı olub. 

Bütün hallarda o illərdə Mixaylonu özümüzünküləşdirmək üçün çox işlər görülüb. Özü də "Uzaq sahillərdə” SSRİ-də populyar film olub. "İskustvo kino” jurnalının yazırdı ki, məhz bu obrazına görə Sovet kinosunun seks ulduzlarından biri Nodar Şaşıqoğlu idi. Sibirdə, Uralda biliblər ki, belə azərbaycanlılar var. Mixaylo kimi. Bu cür hadisələr, yanaşmalar, baxışlar istənilən halda bizim xeyrimizədir. Bu filmdən sonra Tofiq Tağızadənin də nüfuzu çox qalxdı. "Yeddi oğul istərəm” filmini Kamil Rüstəmbəyov çəkməli idi. Tofiq Tağızadənin qalxan nüfuzu hesabına bu film Rüstəmbəyovdan alınıb ona verilmişdi. Sovet döyüş, macəra filmi kimi məncə "Uzaq sahillərdə” çox uğurludur. Hətta orda gizli bir məqam da var: diqqətlə baxsaq, Mehdi Hüseynzadənin qəribçilik çəkdiyini, Abşeron həsrəti çəkdiyini görə bilərik, sən demə, Mixaylo Anjelikanı özü ilə Bakıya gətirmək istəyirmiş, onun davası həm də budur.  

- "Nizami” filminin adını çəkdiniz. Ümumi fikir ondan ibarətdir ki, bu film ümumiyyətlə alınmayıb. Siz necə düşünürsünüz, bu filmin alınmamağının səbəbi nədir? 

- "Nizami” filminin alınıb-alınmaması məncə müzakirə mövzusu deyil, daha yaxşı ola bilərdi. Qəribə bir nüans da var. İsa Hüseynov "Məhşər”i yazan adamdır. Ola bilsin ki, o, Nəsiminin ana dilində olan əsərlərini oxuyub, təsirlənib. Nəsiminin yaradıcılığını, sufiliyi, hurifiliyi dərindən araşdırmış insanlarla söhbət edib, özü üçün bir çox məqamları dəqiqləşdirib. Özündə də Nəsimidən bir zərrə olub, oturub yaza bilib. Nizami isə çox çətindir. İsa müəllim çox güman ki, Nizamini sətri tərcümədə oxuyub. Nizami həm də böyük alim olduğuna görə emossinal qavrayış üçün çətindir. Tərcümə vasitəsi ilə onun ruhu ilə kontakta girmək mümkün deyil. Mümkündür ki, İsa Hüseynov Nəsimidən fərqli olaraq, Nizaminin ruhu ilə kontakta girə bilməyib. Digər tərəfdən bu mövzu rejissor Eldar Quliyevin ruhuna tamam yaddır. Müslüm Maqomayevin baş rola təsdiqi də yanlış olub. Beləliklə, ümumilikdə baş verən bir neçə amil belə bir nəticəyə gətirib. Bir filmlə Nizami haqqında hər şeyi demək mümkün deyil. 

- Tarixi şəxsiyyətlərdən biri də Babəkdir. "Babək” filmi çox məşhurdur. Amma məsələn, döyüş səhnələri sanki o qədər də yaxşı alınmayıb. Ənvər Məmmədxanlının romanı ilə ssenari arasında da çox fərq var. Romanı lap çoxdan oxumuşam, səhv xatırlamıramsa, orda Babəkin doğulmasından ölümünə qədər hər şey var. Amma filmdə biz bunu görmürük. Əlisa müəllim, müstəqillik illərində Cavad xan, Hüseyn Cavid, Axundov haqqında filmlər çəkilib və ciddi tənqid olunub, bəyənilməyib. Siz nə düşünürsünüz bu filmlər haqqında? 

- Tarixi filmlərin ən birinci funksiyası informativ funksiyadı, məlumatlandırır. Sonra təbliğati effektini demək olar, tamaşaçıları nəyəsə, hansı dəyərlərəsə təşviq edir. Üçüncü funksiyası təbii ki, sənət funksiyasıdı, bəşəri missiyadı. İstər "Nəsimi”, istər "Babək”, istərsə də "Cəsur ürək” filmlərində bu funksiyaların üçü də var. "Cavad xan” filminə baxmamışam. O biri iki film ancaq birinci və qismən ikinci funksiyaları yerinə yetirirlər, bu çərçivələrdə istifadə edilə bilər. Onu da deyim ki, milli özünüdərkdə "Babək" filminin müsbət rolu olub. 80-90 ların hərəkatında da. Rasim müəllimin qəbuluna bu günlərdə Cənubdan gənclər gəlmişdi, İrana dəvət edirdilər. Qəbula "Babək"i oynayan aktyorla görüşmək kimi gəlmişdilər və pərəstiş etdikləri sənətkarın əlindən öpməkdən çəkinmirdilər. Film qonşu dövlətdə yaşayan həmyerlilərimiz arasında çox populyardır və təkcə film funksiyası daşımır, sanki  bayraqdır onlar üçün. 

- Əlisa müəllim, sizcə, niyə ən görkəmli şəxsiyyətlərimizdən biri Şah İsmayıl haqqında film çəkilmir. Hətta Sovet dövründə də bu mövzuya ögey münasibət olub sanki... 

- İndidən danışsaq, Azərbaycan kinosu həm peşəkarlıq, həm də maliyyə baxımından Xətai haqqında film çəkməyə hazır deyil. Şəxsən mən Xətai haqqında sanballı ssenari yazacaq müəllif tanımıram. Bəlkə iki-üç müəllif birləşsə, nəsə alına bilər. Digər vacib məsələ ondadır ki, biz praktik xalqıq. Məsələn, Məşədi İbad evlənməyi qarşısına məqsəd qoyub, deyir ki, o olmasın, bu olsun. Bu gün bizim üçün taleyüklü məsələ odur ki, Qarabağda həyat qaynasın, çiçəklənsin, Qarabağda doğum evləri, uşaq bağçaları olsun. Bu zarafat məsələ deyil. İş yerləri açılmalıdır orda. İnsan harda çörək qazanır, uşağını dolandıra bilir, vətəni oradır. Bu dəqiqə əsas vəzifə budur. Ancaq Şah İsmayılla bağlı film çəkmək üçün nələrisə mütləq nəzərə almalıyıq. Məsələn, İranla, Türkiyə ilə münasibətlərimizi... 

O ki qaldı Sovet dövrünə. Məncə, Şah İsmayıl sovet konyukturası üçün uyğun şəxs olmayıb. Sırf şair kimi nəsə çəkmək olardı, amma mümkündür ki, sovetlər İranla münasibətlərə xüsusi həssaslıqla yanaşıb. 

Bu dəqiqə mənə pul versələr ki, Şah İsmayıl haqqında da film çəkə bilərsən, Axundov haqqında da, Sayat Nova haqqında da. Mən əksər yaradıcılığı Azərbaycan dilində olan erməni - Sayat Nova haqqında çəkməyə üstünlük verərdim. Təkcə "hamımız qardaşıq” havasına görə yox. Həm də türk dilinin bütün Qafqazda hakim olduğunu göstərmək üçün. Yaxud, Şah İsmayıldansa, Şah Abbas haqqında film çəkərdim. Amma burda da Gürcüstanla münasibətləri nəzərə almaq lazımdır. 

- Tarixi şəxsiyyətlər haqqında çəkilmiş filmləri ümumi şəkildə qiymətləndirsək, hansı nəticəyə gələ bilərik və bu istiqamətdə hansı ümidlərimiz var? 

- Tarixi filmlərimiz öz missiyasını yerinə yetirib ki, Qarabağ müharibəsində qalib əsgərimiz ideoloji cəhətdən formalaşdıra bilmişik. Azadlıq meydanındakı hərəkatın da ideolji əsaslarından biri "Babək” filmdi. "Nəsimi”, "Axrıncı aşırım”, "Qaçaq Nəbi” kimi filmlər milli xarakterin identikləşməsində mühüm rol oynayıb. Uğursuz nümunələr də olub təbii ki, amma xüsusilə Sovet dövründə çəkilən filmlər milli özünədərkdə birmənalı müsbət rol oynayıb. Müasir dövrümüzdə tarixi filmlərimizin funksiyasi 21-ci əsrin qəhrəmanlığı anlayışının formalaşmasında müəyyən rol ola bilər. 21-ci əsr cəngsevərlikdən daha çox intellektual və ruhi qələbə tələb edir və bu cür qəhrəmanlığı formalaşdıran filmlər lazımdır. Müasir zamanda çəkilən tarixi filmlərin funksiyası təbii ki, sovetlərdəki kimi deyil, milli özünədərk məsələlərində indi daha çox elm, publisistika, KİV-lər öndədir. Bu ifadəni Sabit Bağırovdan eşitmişəm - rəqabətə davamlı vətəndaş. Sabit bəyin ideyasıdı. Müasir zamanda çəkilən filmlər müasir dünyada rəqabətə davamlı vətəndaşın və ilk növbədə şəxsiyyətin yetişməsində yardımçı omalıdı, filmin tarix janrda olub olmamasından asılı olmayaraq.

Ağa Cəfərli