Hüseynbala Səlimov
Siyasət 09:49 21.10.2021

Aİ ilə saziş imzalayaq, ya imzalamayaq?

Hüseynbala Səlimov

Əvəllər hər şey tamam başqa cür idi. Siyasətdə bir müəyyənlik vardı. İndi isə hətta Avropa İttifaqı (Aİ) və NATO kimi strukturların üzərində buludlar seyrəlmir. Siyasi müşahidəçilər artıq poleksitdən danışır və yazır, bununla da Polşada gedən proseslərə işarə edirlər. Burada isə çox gərgin proseslər gedir – polyaklar öz ali qanunlarında Avropa hüququnun üstünlüyü ilə bağlı maddələrə təkrar baxırlar.

Niyə cari siyasətin bu detalları üzərində dayandıq? Məsələ bundadır ki, bizim KİV-lərdə də Aİ ilə saziş bağlamaqla əlaqəli müzakirə və disputlar gedir.
Ən yüksək səviyyədə dəfələrlə qeyd edilib ki, gələcək sazişin bütün maddələri razılaşdırılıb, bütün punktları işlənib, risklər hesablanıb və sazişin imzalanması bir vaxt məsələsidir. Üstəlik, belə bildirilir ki, əgər pandemiya olmasaydı, sənəd çoxdan imzalanacaqdı.

Amma siyasi müşahidəçilər iki məqamı qeyd edirlər: xarici və daxili. Əvvəlcə xarici məqam haqqında. Demək olar ki, əksər müşahidəçilər bu prosesin uzanmasını Rusiyanın mümkün təzyiqlərilə izah edirlər. Amma burada bir məqamı yada salmaq lazımdır: İrəvan sazişi imzaladı. Düzdür, İrəvanın imzaladığı sazişin hələ də işçi sənədə çevrilmədiyini deyənlər də var, çünki onların fikrincə, bu, adi bir siyasi deklarasiyadır, amma son məlumatlara görə, Aİ Ermənistana bir milyard dollardan artıq yardım ayırıb.

Bundan başqa, hər şeyi Rusiyanın üzərinə yıxmaq ən asan məsələdir. Burada daha bir detalı da qeyd edək ki, Rusiya özü Dünya Ticarət Təşkilatının üzvüdür və digər postsovet ölkələrini də təşkilata qoşulmağa çağırır.

Amma təəssüf! Azərbaycan hələ prosesi uzadır və hələ də Ticarət Təşkilatının üzvü deyil, hərçənd ki, onun təşkilata qoşulması ən azı bizim gömrük sistemimizdə ciddi dəyişikliklərə səbəb ola bilərdi.

Vaxtilə biz imkan daxilində hakim partiyanın təmsilçilərindən bu yubanmanın səbəblərini soruşurduq. Amma inanın ki, bu vaxta qədər onlardan dəyərli və inandırıcı bir arqument eşitməmişik...

Daxili məqamlara gəldikdə isə, rəsmi Bakının, birincisi, Aİ–nın perspektivlərilə bağlı ciddi ümidləri yoxdur. Əlbəttə, bu da səbəbsiz deyil. Britaniya qurumu tərk etdi, Polşada və Macarıstanda çox ciddi proseslər gedir. Üstəgəl, tez-tez Gürcüstanın təcrübəsinə müraciət edilir: deyilir ki, baxın, bu qədər çalışdılar, amma heç nəyə nail olmadılar.

Düşünürük ki, burada bəzi arqumentləri saf-çürük etmək olar. Demək olmaz ki, Gürcüstan heç nəyə nail olmayıb. Tiflis o qədər sənəd imzalayıb ki, onu, məsələn, NATO-nun qeyri-rəsmi üzvü adlandırırlar. Həftənin birinci günü gürcülər ABŞ ilə növbəti hərbi saziş imzaladılar. Bundan sonra ABŞ müdafiə nazirinin Ukraynaya və Rumıniyaya səfər edəcəyi deyildi. Gürcüstanla imzalanmış saziş onu deməyə əsas verir ki, ABŞ–ın bu ölkədə hərbi iştirakı bir az da genişlənəcək və inkişaf edəcək.

Aİ ilə saziş imzalanmasının başqa arqumentləri varmı? Məsələ bundadır ki, Aİ ilə sırf iqtisadi əməkdaşlıq belə siyasi islahatların aparılmasını nəzərdə tutur, çünki məhz sonuncu iqtisadi əməkdaşlıq üçün ciddi zəmin hesab edilir. Amma burada bir məqamı qeyd etmək yerinə düşər. Çox təəssüf, ölkəyə neft dolları gəlməyə başlayandan sonra siyasi islahatlar demək olar ki, topmozlandı.

Əvvəllər isə hər dəfə kredit alandan sonra biz siyasi öhdəliklər də götürürdük və onlara əmək etmək məcburiyyətində qalırdıq. Amma varlı neft ölkəsi olandan sonra bu prosesi dayandırdıq və beynəlxalq demokratik institutların tələblərini bir növ rədd etdik.

Amma bir şeyi başa düşməliyik: neft və qaz əbədi deyil. Bizə başqa məhsullar və bazarlar haqqında düşünmək lazımdır. Onları isə bizə Aİ təklif edir. Bəs onda biz niyə onunla saziş imzalamağı bu qədər yubadır və ya düşünülmüş şəkildə ləngidirik?..