Ailədə şiddətə məruz qalan jurnalistlər: “O cəzaları almasaydım...” (SORĞU)

Ailədə şiddətə məruz qalan jurnalistlər: “O cəzaları almasaydım...” (SORĞU)

Fuad Qəhrəmanlının ailəsində baş verən zorakılıq faktlarının ictimailəşməsi son günlərin əsas müzakirə mövzusudur. Məsələ barədə birmənalı fikir yoxdur. Əsasən siyasətçi F.Qəhrəmanlı qınansa da, hətta onun həbs edilməsi tələb olunsa da, qızını ittiham edənlər də az deyil.
Bu fikirdə olanların əksəriyyəti hesab edir ki, hər bir ailədə şiddət olur, onun içtimailəşdirilməsi doğru deyil.

Amma gerçəklik bundan ibarətdir ki, ailə daxilində qadına göstərilən şiddətlə uşaqlara göstərilən şiddət arasında sıx əlaqə var. Şiddət görərək böyüyən uşaqlar gələcək həyatlarında problemli münasibətlər yaşama riski ilə qarşılaşırlar. Onların gələcəkdə quracaqları münasibətlərdə şiddət və istismarın olma ehtimalı daha yüksək olur.

Uşaq və ailə psixoloqu Fərqanə Mehdiyeva deyir ki, ailədaxili şiddət şəxsiyyətin formalaşmasında qara yaralar açır: "Ailədaxili şiddət uşaqlarda böyük travmalar yaradır və şəxsiyyətin formalaşmasında qara yaralar açır. Hər bir travmanın özünəməxsus göstəriciləri var. Bu travmalar bəzən özüün açıq göstərir, bəzən isə gizli yaşanır. Günümüzdə empati, özünə güvənin olmaması, eqoistlik kimi davranışlar məhz ailədaxili şiddətin nəticələrindən meydana gəlir. Düzdür, hamımız bu proseslərdən keçmişik. Hamımız uşaq vaxtı valideyn tərəfindən döyülmüşük. Ona görə də bütün cəmiyyət aqressivdir. Və bu gün hamımız xroniki depressiyadan əziyyət çəkirik”.

Bəs jurnalistlər, ictimai fəallar necə, ailədə şiddət görüblərmi? Bununla bağlı BakuPost-un əməkdaşı həmkarlarımız arasında şorğu keçirib:

"Mənəvi şiddətin ən ağırına məruz qalmışam”

Bakı Şəhəri Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı: "Ailədə şiddət görməmişəm. Bu baxımdan özümü şanslı sayıram. Bəzən atanın qızını döyməsi, işgəncə verməsilə bağlı xəbərləri oxuyanda çox pis oluram. Həm də çox təəccüblənirəm. Çünki, mənim aləmimdə ata qızın ilk qəhrəmanı, ilk qoruyucusudur. Ailənin böyük övladıyam, atamın ilkiyəm. Həmişə atamdan xüsusi sevgi, qayğı, nəvaziş görmüşəm. Hətta bu yaşımda da mənə "quzu bala” deyib əzizləyir. Həyatımda bir şillə belə vurmayıb. Bir dəfə hansısa səbəbə görə səsin qaldırmışdı mənə. Sonra bildim ki, səhərə qədər başımın üstündə oyaq qalıb ki, birdən mən pis olaram. Anamsa atamdan fərqli olaraq sərt olub. Uşaq vaxtı məni bir neçə dəfə döyüb. Hətta, xatırlayıram ki, bir dəfə süpürgədən belə istifadə edib. Bu, ən çox dərs oxumaqla bağlı olub.

Anam mənim ilk müəllimimdir, ibtidai sinifdə dərs deyirdi mənə. Həmişə deyirdi ki, sən hamıdan yaxşı oxumalısan, nümunə olmalısan. Təbii bu mənə psixoloji təsir edəcək bir şiddət olmayıb. Ancaq istənilən halda mən zor tətbiqinin əleyhinəyəm, səbəb nə olursa olsun. Amma zorakılıqdan, şiddətdən danışarkən düşünürəm ki, bu təkcə fiziki təsirdən ibarət deyil. Onun ən ağır formalarından biri də mənəvi zoraklılıqdı, mənəvi şiddətdir. Bax bunun bəlkə də ən ağırına məruz qalmışam .

Mən müharibə uşağıyam, təxminən 10 yaşımda qrad mərmilərinin yağışı altında doğulduğum torpağı tərk etmişəm. Bu bir zərbə. Uşaqlığımı itirmişəm – bu ən böyük zərbə. 6-7 məktəb dəyişmişəm. Oxuduğum hər sinifdə "qaçqın” damğası altında əzilmişəm. Bu daha bir zərbə: avtobusda gedəndə ananın ağlayan uşağına "sakit dur, yoxsa qaçqınlar gələr” dediyini eşitmişəm. 90-cı illərdə yaşadıqlarımdır bunlar. Bütün bunları keçmişəm təbii ki, aşmışam artıq. Amma mütləq ki, həyatımda, daxilimdə bir iz buraxıb. Hansısa qorxularım var, məsələn, ən böyüyü də itirmək qorxusudur”.

Qaynarinfo.az saytının rəhbəri Zahir Əzəmət: "Evin Axırıncı uşağı olmuşam, ərköyün böyüdüblər məni. Bununla belə bizim böyüdüyümüz ortam, sistem, qapalı mühitdə biz buna şiddət demirdik, bu terminlər internetin, açıq cəmiyyətin gətirdiyi anlayışlardır. Problem ondadır ki, bunlar demokratiya ilə, seçim hüququ ilə, iqtisadi azadlıqla birlikdə gəlməliydilər. Alınmadı. Ona görə də ortada belə hibrid və eybəcər bir durum yaranıb”.

"Yeni Müsavat”ın əməkdaşı Sevinc Telmanqızı: "Ailə daxili şiddətə heç zaman məruz qalmamışam. Uşaqlıq, yeniyetməlik dönəmim çox rahat, sakit ailədə keçib. Valideynlərimi özümdən narazı salmayacaq qədər nümunəvi uşaq olmuşam. Ailə həyatı qurduğum şəxs isə yetərincə yüksək səviyyəli, dünyagörüşlü və ən əsası dəmir kimi möhkəm əsəbləri olan adamdır. Tanış olduğumuz 18 il ərzində aramızda mübahisə çıxsa belə, bunu fiziki şiddətə çatdırmayacaq qədər mədəni münasibətlər qurmuşuq. Ən pis halda bir-birimizi iqnor etməklə kriz anlarından çıxmışıq.

Amma şiddət təkcə fiziki olmur. Mənəvi şiddət – bura aşağılama da daxildir, cinsi ayrı-seçkilik də, cəmiyyətdə qadının rolunu kiçiltmə cəhdi - isə cəmiyyətdə tez-tez qarşılaşdığımız haldır. Mən də bundan sığortalanmamışam. Maşın sürəndə də, ictimai həyatda ön plana çıxanda da bu mənəvi şiddət zaman-zaman özünü göstərib.

"Lüt vəziyyətdə anamın əlindən çıxıb qaçdım”

Kəramət Böyükçöl: "Mən uşaqlıqda atamdan yox, anamdan daha çox şiddət görmüşəm. Bilmirəm, buna şiddət demək olarmı? Anam məni atamın yanında döyə bilmirdi, çünki qoymurdu, kişi işə gedəndə isə çıxıb əlindən qaçırdım, tuta bilmirdi. Anamın nazik bir nar çubuğu vardı, qabığını soyub hazır vəziyyətdə hamamda kalonkanın böyründə gizləyirdi. Çünki məni atamsız tutduğu yeganə yer hamam idi.

Həftədə iki dəfə çimizdirir, iki dəfə də döyürdü. Başıma, bədənimə vurmurdu, çubuğu ancaq quyruğuma çəkirdi. Bir dəfə lüt vəziyyətdə anamın əlindən çıxıb hamamdan qaçdım, düz atam gələnə kimi məhlədə lüt hərləndim. Anam nə qədər elədi, məni tuta bilmədi. Boş-boşuna da döymürdü, səbəbləri vardı, dəhşət nadinc idim, hər üç günün siyahısını tutur, cəzasını hamama saxlayırdı...

"O cəzaları almasaydım, indiki kimi adam olmazdım”

Jalə Mütəllimova: "Mən evin böyük qızı olmuşam. Çox dəcəl olmuşam. Qızlar o yana, oğlanlarla dava edirdim. Tərsliyim var idi. Atam eləmə dediyi hər şeyi edirdim. Təbii ki, əməllərimə görə cəzalandırıldım. Qulaq dartma ilə də, oxlovla da.... Hətta məktəbdən gələn şikayətlərdən sonra anam mənə "səni sinif yoldaşlarının yanında cəzalalandıracam” xəbərdarlığını eləmişdi.
Sonra o xəbərdarlığın icraatı da olunmuşdu. Onda da, indi də bilirdim ki, bu şiddət deyil, haqq etdiyim cəzadır.
O cəzaları almasaydım, indiki kimi adam olmazdım. Cəza və şiddət ayrı-ayrı şeylərdir. Mən cəza görmüşəm şiddət yox”.

"Atamın şilləsidən sonra babam məni apardı”

Real TV-nin baş redaktoru Mahir Məmmədli: "Mənim uşaqlığım 80-ci illərə təsadüf edib və o vaxt valideynin övladına "qulaqburma” verməsi, şillə vurması ailədaxili şiddət sayılmırdı. Mənim yadımda qalan hadisə 1985-1986-cı illərdə baş verib. Dərsə hazırlaşırdım, yazı yazırdım. Atam da yanımda dayanmışdı. Nə qədər başa salsa, fikrim həyətdə oynayan uşaqlarda olduğundan, yenə səhv yazırdım. Bu vaxt atam əlinin arxası ilə vurdu və təsadüfən zərbə gözümün altına dəydi, yeri göyərdi. Səhəri gün ana babam gəldi, məni o vəziyyətdə gördü və heç kimə demədən məni öz evlərinə apardı. Uzun müddət onlarda qaldım. Babam nəvələrinin içində ən çox məni istəyirdi və atamın məni vurması ilə heç cür barışa bilmirdi”.

"Anamın vurduğu çapıq hələ gözümün kənarındadır”

"Kaspi” qəzetinin əməkdaşı Xəyalə Rəis: "Açığı, mən uşaq vaxtı şiddətin nə olduğunu anlamırdım. Çünki bizim ailədə atam, qardaşım qadına əl qaldırmayıblar. Bu günə qədər atamın anama şiddət tətbiq etdiyini görməmişəm. Bir neçə dəfə yüksək səslə mübahisə etdiklərinin şahidi olmuşam, onu da bizi görəndə özlərini fərqli aparıblar. Ancaq mənim üçün şiddətdən daha betər uşaqlıq xatirələrim olub. Məsələn, dostlarım çöldə oyunlar oynayanda anam onlarla oynamağıma icazə verməzdi.

9-cu sinfə qədər anam əlimdən tutub məktəbə aparır və dərslərim bitəndən sonra geri gətirirdi. Üzərimdə hər zaman anamın, qardaşımın diqqəti, nəzarəti olub. Mən uşaqlıq keçirməmişəm. 11 il valideynlərim mənim əvəzimə qərar veriblər. Ailəmdə nə valideynlərim arasında, nə də mənə şiddət tətbiq olunmayıb. Bir dəfə 4-cü sinifdə oxuyanda anam mənə "Qərənfil” şeirini öyrənə bilmədiyim üçün başımdan vurub, onda da əlimdəki çubuq gözümün kənarına batıb.

O gündən qaşımın bir tərəfində çapıq qalıb. Hər dəfə güzgüyə baxanda "Qərənfil” şeirinin məndə olan xatirəsi yadıma düşür. O gündən sonra anam mənə toxunmayıb”.

"Haqq edirdim o kötəyi”

Çingiz Özgür: "Düzü, mən bilmirəm buna "ailədaxili zorakılıq” demək doğrudur ya yox. Çünki, mənim hadisəm o dövr və o zaman üçün hər kəsin yaşadığı, adi hallardan biri idi. Ona görə də, buna "zorakılıq” deyib böyütməyin tərəfdarı deyiləm. Sadə deyək:- bəli, mən də o məşhur " valideyin şilləsini” dadanlardanam.

Hərçənd ki, daha sonralar anladım ki, kifayət qədər haqq edirdim o kötəyi. Bu, mən məktəbi qurtarıb ali məktəbə imtahan verən ili olub. Etdiyim hərəkətin səhv olduğu bir neçə dəfə mənə deyilmişdi, lakin mən davam edirdim. Və etdiyim də, sıradan, şəxsi məsələlərdə səhv deyildi, çox ağır nəticə verə biləcək hərəkət idi. Nəysə, gələk zorakılığa. Atam məni yaxşıca döydü... Mən də incidim ondan. Bir də ali məktəbə qəbul olan gün "barışdıq”.

İndi nəsə desəm, zorakılığa haqq qazandırmaq kimi çıxar deyə, qorxuram. Çünki bütün hallarda, bütün növ zorakılıqların əleyhinəyəm. Amma bir kəlmə deyim ki, o vaxtlar, bizim yaşadıqlarımız doğrudan da "ailədaxili məsələ” idi.

"Belimdə o qədər taxta qaşıq, oxlov qırılıb ki”

"Ayna” qəzetinin əməkdaşı Raminə Eyvazqızı: "Çırpmaq yox, tənbeh olunub. Anam 2 növbə işləyirdi. Bakıda evimiz kooperativ idi, evpulu, 3 uşaq ,ev işləri, iş. Atam işləyirb, amma 3 uşağın bütün yükünü, əziyyətini anam çəkib. Belimdə o qədər taxta qaşıq, oxlov qırılıb ki. Amma mən bunu travma kimi yaşammaışam. Anam bacımla məni çox qoruyub. Mühafizəkar olub. Çölə bayıra buraxmayıb bizi. "Sən qızsan” ifadəsi çox yorub bizi. Hətta xaricdə təhsil imkanım olub, qızam deyə anamın bir sözü ilə atam icazə verməyib”.

"Adam onların altından çıxa bilmir”

Ramin Hacılı: "Mən uşaq olarkən qaçqın düşmüşük, atam xəstə düşüb, ailəyə işləyərək özüm baxmışam. Qardaşım məndən iki yaş balaca, anam isə fağır qadın... Daha sonra atam o uzun sürən xəstəlikdən dünyasını dəyişdi. Mənim travmalarım fərqlidi; atasız böyümək, döyüş bölgəsində dünyaya gəlmək, şəhid yaslarında xidmətçi olmaq, çadır və vaqonda böyümək, həm işləyib, həm təhsil almağın çətinlikləri...
Yalnız qazandığım uğurlara görə bu ailə xarici travmalara qalib gələ bilmişəm. Bu işdə mənə aldığım yüksək təhsil yardımçı olub.

Ailədaxili şiddət çox pisdi. Kaş heç bir evdə olmaya. Onun altından çıxmaq olmur. Gərək, valideynlər övladını həqiqətən sevirsə, nə xanımına nə də uşaqlarına zor işlətməyə. Hətta övladın yanında qonşuya və ya yad birinə belə zorakılıq etməyəsən. Sonra övladın zorakı olub, öz valideyininə belə saldıra və ya özünü bədbəxt edə, bunun vicdan əzabin çəkə bilərsən.

Mən bununla qarşılaşmadığım üçün yəqin, sevgini nifrətdən, sülhü savaşdan, insanı zorakılıqdan, vətəni canımdan üstün tuturam”.

"Atam xəlvət salıb döyürdü”

Bəstəkarlar İttifaqının mətbuat katibi İltifat Hacıxanoğlu: "Uşaq vaxtı dəcəl olmuşam. Atam məni hərdən xəlvətə salıb döyürdü. Amma ən çox anam döyüb... Daha çox 4 almağımın üstündə döyülmüşəm. 10-cu sinfi bitirənədək atamın qorxusundan 4 almamışam. Çox pis döyürdü deyə həmişə beş alırdım”.

"Nə olubsa zərurətlə əlaqəli olub”

DJ Cavid Osmanov: "Mənim və qardaşımın uşaqlığı Qarabağ müharibəsi ilə korlanıb. ÖlkədəKİ depressiv vəziyyət, atamın cəbhədə olması, anamın iki dəcəl oğlanla tək başına qalması yəqin, nə olduğunu təxmin edirsiz. Hesab edirəm ki, ailəmdə nə olubsa zərurətlə əlaqəli olub”.

APA-nın əməkdaşı Səlcuq Elçin: "Ailədə şiddətə məruz qalmamışam, uşaq vaxtı qulağımı çəkiblər. Amma belə şiddət olmayıb”.
XƏBƏRLƏR
BLOGLAR