Xəbər lenti

Aktrisa ilə evlənib, onu kinoya həsrət qoyan Rasim Ocaqov
Sənət 15:13 22.11.2019

Aktrisa ilə evlənib, onu kinoya həsrət qoyan Rasim Ocaqov

Azərbaycan kinosu tarixində saysız rejissorlar olub. "Balaxanıda neft fantanı” müəllifindən tutmuş "Dolu”, "Sübhün səfiri” filmlərini çəkən rejissorlara qədər. Peşəkar filmlər çəkiblər. Ola bilər ki, çəkdikləri filmlər arasında indiyə qədər sevilənləri var. Amma həmin rejissorları ustad adlandırmaq olmaz, çünki özlərindən sonra nə onların yolunu davam etdirən rejissor var, nə də kəşf etdikləri aktyor. Hazır "məhsullardan” yararlanıb filmlərini çəkiblər, vəssalam. Elələri də olub ki, onlarla assisentlik edənlər indi peşəkar rejissorlardır. Kəşf etdikləri aktyorlar isə kinomuzun inciləri...

Haqqında söhbət açacağımız rejissor Rasim Ocaqov ikincilərdəndir. O, yalnız film çəkməklə işini bitirmiş hesab etmədi. Həm film çəkdi, həm də Azərbaycan kinosu üçün peşəkar kadrlar yetişdirdi. Kəşf edib kinoya bəxş etdiyi aktyorlara hələ də çox böyük ehtiyac var.

Rasim Ocaqov təbiətcə qaraqabaq, başıaşağı adam idi. Düşüncəli görkəmi vardı. Onu həmişə barmaqlarının arasında siqaret nə isə düşünən görərdin. Özü heç vaxt ünsiyyətə can atmazdı. Amma onunla ünsiyyət qurmaq da çətin deyildi. Elə ki, səni tanıdı, məmnuniyyətlə söhbət edər, isinişərdi.

Şəkidə dünyaya gəlmişdi. Uşaqlıqdan foto ilə maraqlanmağa başladı. Həvəskar şəkillər çəksə də arzusu geoloq olmaq idi. Bir dəfə Şəkiyə sənədli film çəkən qrup gəlir. Bu vaxt fotoqrafiya ilə ciddi məşğul olan Rasim peşəkarların necə işlədiklərini görmək üçün yanlarına gedir. Möcüzəli kino aləmi onu özünə elə çəkir ki, gənc fotoqraf bu sənəti dərindən öyrənməyi qərara alır. Orta məktəbi bitirdikdən sonra Moskvaya gedir. MÜDKİ-nun kinooperatorluq fakültəsində (1951-1956, B.Qolovnya və L.Kosmatovun emalatxanası) təhsil alır. 1956-cı ildən "Azərbaycanfilm” kinostudiyasında quruluşçu-operator kimi çalışmağa başlayır.

Çox filmlərdə operator kimi çalışıb. O cümlədən "Bir cənub şəhərində”, "Bizim küçə” filmləri onun kamerası ilə çəkilib. "Bir cənub şəhərində” filmini kino aləmində çox vaxt Eldar Quliyevin yox, Rasim Ocaqovun filmi hesab edirlər. O, bəzən heç rejissorla məsləhətləşmədən çəkilişləri aparır, sonradan bu kadrlara birgə tamaşa edəndə rejissorlar onun işinə qibtə edirdilər. "Əsl dost”, "Bizim küçə”, "Mən rəqs edəcəyəm”, "Sən niyə susursan?” və "Skripkanın sərgüzəşti” filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaratdı.

Bir gün Rasim Ocaqov hiss edir ki, onun içində aşıb-daşan yaradıcılıq istəyi kamera ilə kifayətlənmir. Rejissor kimi film çəkmək istəyir. Bu arzu ilə M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirir. (1977).

Bu yerdə düşünürəm: kim olsaydı deyərdi ki, MÜDKİ-nun diplomunu alandan sonra nəyimə lazımdır, İncəsənət İnstitutunu bitirmək?

Amma Rasim Ocaqov həmişə peşəkarlığa xüsusi önəm verib, üstəlik çox məsuliyyətli insan idi.

İki il kino çəkmək arzusunu həyata keçirə bilməyib, ona film verməyiblər. Bir gün "Azərbaycanfilm”in rəhbəri onu çağırıb və deyib ki, sənə Moskvanın qəbul etmədiyi bir filmi yenidən işləmək üçün verirəm, bacarsan, rejissor olacaqsan, bacarmasan kino üzünə həsrət qalacaqsan. Beləliklə "Qatır Məmməd” filmi Rasim Ocaqova həvalə olunur. Rejissor artıq hazır bir filmi "söküb” yenidən "toxuyur”. Ayrılan vəsait xərclənib, plyonka işlənib, çəkilən çəkilib. Min bir əziyyətlə filmi yenidən ərsəyə gətirir. Moskva baxır və film nümayişə buraxılır.

O vaxtdan Rasim Ocaqovun rejissor yolu başlayır. 1973-cü ildən quruluşçu-rejissor kimi çalışır. "Ad günü”, "Bağlı qapı”, "İstintaq”, "Onun böyük ürəyi” filmini çəkir. "Onun böyük ürəyi” filmi Ocaqovun ilk sərbəst işi idi. 1958-ci ildə Bakı kinostudiyasında lentə alınmış bu filmdə Rasim Ocaqov həm də özünü psixoloji anların ustası kimi təsdiq etdi. Bu film Sumqayıt metallurqlarının həyatına həsr olunmuşdu. Filmə baxanda hiss edirsən ki, bu ağır peşə adamlarının ekran həyatı operatorun kamerası ilə romantik və cəzbedici bir formaya salınıb. İnsanların od püskürən soba qarşısındakı gərgin anları, bəzən romantik məqamlarda geniş və orta planlardakı vəziyyətləri elə ustalıqla yaradılıb ki, tamaşaçı həqiqətən onun yaradıcılarının istedadına heyran qalır.

Doğrudan da, tamaşaçı filmə operatorun gözü ilə baxır. Əgər kinooperator duyumlu, texniki cəhətdən mükəmməldirsə, deməli, filmin baxımlılığı təmin olunub.

Orta məktəbdən tapıb bu filmdə Rəna roluna dəvət etdiyi Sveta Cavadovaya aşiq olması isə filmlərə ara verməyinə səbəb olur. Orta məktəbi qurtaran ərəfədə kinoya çəkilməsi ilə bu aləmin möcüzəliyinə vurulub ondan ayrılmayacağını zənn edən gənc qız özü də bilmirdi ki, gənc rejissor da ona vurulub və onu bu sahəyə gətirdiyi kimi də ayırmağa çalışacaq.

Bu sevgi onların evliliyi, Svetanın isə kinoya həmişəlik vida etməsi ilə sonuclanır. Rasim Ocaqov filmlərini çəkməklə məşğul olur və 1990-cı ildən "Ocaq” studiyasını yaradıb öz sevimli işini müstəqil davam etdirməyə başlayır.

"Tütək səsi”, "Özgə ömür”, "Park” "Təhminə”, "Bağlı qapı”, "Həm ticarət, həm ziyarət”, "Ölsəm, bağışla” filmləri Ocaqovun yaradıcılığının məhsuludur.

Deyirdi, müharibə filmləri çəkə bilmirəm, çünki onu yaşamamışam. Rasim Ocaqov yalnız içindən keçənləri, yaşadıqlarını ortaya qoyan rejissorlardan idi. Ona görə də çəkdiyi filmlər sevilir və illər sonra da tamaşaçıda təsirsiz ötüşmür.

Səhhətindəki problemlərdən əziyyət çəksə də onu yıxan siqareti atmırdı. Deyirdi, onun hər qullabı beynimdə yaranan bir süjetdən çıxır.

Kinematoqrafçılar İttifaqında işləyəndə isə film çəkmirdi daha. Düşünürdü ki, kimsə, işi olmayan rejissor çəksin, onun artıq işi var və kifayət qədər də film çəkib. Özü deməsə də hamı bilir ki, Hacı İsmayılov, Fəxrəddin Manafov kimi bir çox sənətkarlar onun aktyor tapıntılarıdır. İndiyə qədər operator Kənan Məmmədov Rasim Ocaqov məktəbindən bəhrələndiyini deyir.

Sonuncu filmi "Otel otağı” oldu. Yenə insan mənəviyyatı, insanın iç dünyası filmin əsasını təşkil etdi. Hər filmin bütöv bir fikir, tutarlı söz olması Rasim Ocaqov yaradıcılığının məğzi idi.

Azərbaycanın (1967), Çeçen-İnquş Respublikasının əməkdar incəsənət xadimi (1964), xalq artisti (1982), Azərbaycanın (1980) və SSRİ-nin (1981) dövlət mükafatları laureatı Rasim Ocaqov 7 iyul 2006-cı ildə 73 yaşında ürək çatışmazlığından dünyasını dəyişdi.

"Bu gün Azərbaycan kinosundan Rasim Ocaqovun filmlərini götürsək canlı varlıq olan kino yarıçılpaq qalar”.

Bu onun filmlərində çəkilən rusiyalı aktyor A. Kalyaginin fikridir.

Ramilə Qurbanlı
Kulis.az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->