Ali Məhkəmədə "Naviqator Mobil Servises” MMC-nin "Report" İnformasiya Agentliyinə (İA) qarşı qaldırdığı iddia əsasında Bakı Apellyasiya Məhkəməsinin verdiyi qərardan kassasiya şikayətinə baxılıb.
"Report" İA-nin hüquqi nümayəndəsi Kamandar Nəsibov bildirib ki, Nigar Rəsulbəyovanın sədrliyi, kollegiya üzvləri İlqar Hüseynov və Zakir Quliyevin iştirakı ilə keçirilən prosesdə "Naviqator Mobil Servises” MMC kassasiya iddiası əssasız hesab edilib, Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılıb.
Xatırladaq ki, "Report” İnformasiya Agentliyi uzun müddət sürən SMS fırıldaqçılığın aşkar olunması üçün araşdırma apararaq ictimaiyyəti məlumatlandırmışdı. Belə ki, mobil telefondan bəzi xəbər saytlarına keçid edərkən abunəçinin digər sayta yönləndirilməsi, virusun telefona daxil olması nəticəsində abunəçinin balansından pul silinməsi və erotik məzmunlu video təqdim olunması müəyyənləşmişdi. Araşdırma nəticəsində qeyri-etik məzmunda virus yayılan xidmətin mobil operatorlar üçün "Navigator Mobile Services" (NMS) şirkəti tərəfindən təqdim olunduğu aşkar olunmuşdu.
Asan gəlir mənbələrindən məhrum olmasından hiddətlənən "innovativ düşüncəli” bu şəxslər (qısa yoxlamadan sonra NMS şirkətinin saytının və həmin virus xarakterli videolar yayan saytların sahiblərinin eyni şəxslər - Aslan Hacıyev və Anar Hacıyevin olduğu müəyyənləşib) "Report” İnformasiya Agentliyini onları ifşa etdiyinə görə məhkəməyə vermişdi. Əsas kimi də materiallarda istifadə olunan "pornoqrafiya", "virus" sözlərinin onların fəaliyyətinə şamil olunmadığını göstərirdilər. Lakin məhkəmə prosesi gedişatında şikayətdə mübahisələndirilən məsələləri ədalətli şəkildə, hərtərəfli və tam obyektiv araşdırılıb və qanuni qətnamə qəbul edilib.
"Report”un əldə etdiyi məlumata görə son zamanlar hüquq mühafizə orqanları tərəfindən Azərbaycanda bu tipli SMS fırıldaqçılıqla məşğul olan şirkətlərə qarşı ciddi tədbirlər görülüb və onların çoxunun fəaliyyəti dayandrılıb, fırıldaq sxemlərinə son qoyulub. "Report” öz növbəsində belə fırıldaq sxemlərin ifşa olunması ilə bağlı araşdırmalarını davam etdirəcək, gələcəkdə aşkarlanan bu kimi hallarla bağlı məlumatların dərc olunmasını davam etdirəcək.
Mənbə: www.report.az
Qaynarinfo.Az
Şərhlər