Ali təhsil müəssisələrinin müsabiqəsində 42 804 abituriyent iştirak edib.
Dövlət İmtahan Mərkəzindən (DİM) "Qaynarinfo"ya verilən məlumata görə, onlardan 36381 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub.
11 728 nəfər dövlət sifarişi əsasında, 24 653 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Tələbə adı qazanmış şəxslər avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı avqustun 12-də (günün ikinci yarısında) «Abituriyent» jurnalının 7-ci sayında, ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı isə "Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq.
Boş qalan yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub.
Qeyd edək ki, DİM 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.
Qaynarinfo.Az
Şərhlər