Tanınmış folklorşünas alim, şair-publisist, AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Nizami Muradoğlu (Məmmədov) vəfat edib.
AMEA Folklor İnstitutundan "Report”a verilən məlumata görə, o, 66 yaşında dünyasını dəyişib.
Nizami Murad oğlu Məmmədov 1955-ci il aprel ayının 2-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əylis kəndində anadan olub. 1972-1976-cı illərdə akademik Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-ədəbiyyat fakültəsində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil alıb.
1976-cı ilin oktyabr ayından 1977-ci ilin noyabr ayınadək hərbi xidmətdə olub.
1978-1986-cı illərdə Naxçıvan MR-da komsomol təşkilatlarında, 1987-1994-cü illərdə təhsil sahəsində çalışıb.
1994-cü ilin may ayından 1996-cı ilin noyabrınadək Ordubad rayon icra hakimiyyətində icra başçısının müavini, 1996-cı ilin noyabr ayından 2002-ci ilin aprel ayınadək icra başçısı vəzifəsində işləyib.
N.Muradoğlu (Məmmədov) 2010-cu ilin noyabr ayından AMEA Folklor İnstitutuna elmi işçi vəzifəsinə qəbul edilib. 2013-cü ildə "Məmməd Araz yaradıcılığında folklor motivləri” mövzusunda filologiya üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə edib.
2016-cı ildə folklorşünaslıq ixtisası üzrə dosent elmi adını alıb.
2019-cu ildə "Müstəqillik dövrü Azərbaycan şeiri və folklor” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.
2021-ci ildən AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin baş elmi işçisi kimi fəaliyyət göstərən Nizami Muradoğlu Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü idi. O, 20 kitab, 100-dən artıq elmi məqalə müəllifi olub.
N.Muradoğlu "Qızıl qələm”, "Vətən-media”, "Həsən bəy Zərdabi” mükafatları laureatı idi.
Allah rəhmət eləsin!
Şərhlər