Alimlər İntibah dövrü (renessans) artefaktlarında mikroskopik DNT izlərini bərpa edə biliblər və bu izlərin bir hissəsini italyan dahi rəssam Leonardo da Vinçiyə aid edə bilirlər.
Qaynarinfo "The Independent"ə istinadən xəbər verir ki, tədqiqatçılar "Müqəddəs uşaq” adlı qırmızı kireydən çəkilmiş rəsmdə DNT izləri aşkarlayıblar: bu rəsmin müəllifi böyük ehtimalla da Vinçidir. Həmçinin onun əcdadı Frozinо di Ser Covanni da Vinçinin İtaliyadakı tarixi arxivdə saxlanılan məktublarında da izlər tapılıb.
Tədqiqatlara görə, "Müqəddəs uşaq” rəsmi və Leonardo da Vinçinin bir qohumuna aid məktubda aşkarlanan bəzi Y-xromosom ardıcıllıqları, rəssamın doğulduğu Toskana regionunda ortaq mənşəyə malik insan qrupu ilə əlaqəli ola bilər.
Bu Y-xromosom ardıcıllıqlarının böyük referans məlumat bazaları ilə müqayisəsi onların E1b1 / E1b1b haploqrupuna aid olduğunu göstərib. Bu xromosom xətti bu gün Cənubi Avropada, xüsusilə İtaliyada, həmçinin Şimali Afrikada və Yaxın Şərqin bəzi bölgələrində yayılıb.
"Science" jurnalına istinadən, tapılan DNT-nin bir hissəsi Leonardo da Vinçiyə aid ola bilər. Lakin alimlər vurğulayırlar ki, bu hələ qəti sübut deyil, çünki DNT-nin mənşəyini dəqiq təsdiqləmək son dərəcə çətindir.
Səbəb isə budur ki, alimlərin müqayisə edəcəyi nümunələri yoxdur: da Vinçinin tanınmış nəvəsi olmayıb və onun məzarı XIX əsrin əvvəllərində pozulub.
Məqalədə qeyd olunur ki, tarixi artefaktlar zaman keçdikcə ətraf mühitdən DNT toplayır, bu da onları yaradan və istifadə edən insanlar, materiallar və saxlanma şəraiti barədə məlumat verə bilər. Lakin belə qiymətli obyektləri zədələmədən və ya çirkləndirmədən araşdırmaq uzun müddət ciddi problem olaraq qalırdı. İndi alimlər da Vinçiyə aid sənət əsərləri və yazışmalardan "tarixi bioloji izlər” toplamaq üçün "minimum invaziv” metod inkişaf etdiriblər.
Araşdırılan DNT-nin xüsusiyyəti
Aşkarlanan DNT fraqmentlərinin əksəriyyəti bakteriya, göbələk, bitki və viruslara aiddir. Bu isə artefaktların materialları, saxlanma şəraiti, bərpa işləri və əsrlər ərzində onlarla davranış barədə məlumat verir. Eyni zamanda genetik materialın bir hissəsi insan mənşəlidir. Araşdırmanın müəllifləri arXiv platformasında yayımlanan qeyri-rəyləndirilmiş tədqiqatda bildirirlər:
"Biz insan mənşəli olmayan DNT qarışıqları aşkar etdik, bəzi nümunələrdə isə nadir kişilərə xas DNT siqnalları mövcuddur".
Nümunələrin toplanması üçün tədqiqatçılar muzeylərdə istifadə olunan yumşaq sürtmə üsulundan istifadə ediblər. Bu üsul artefaktın səthindən dəri parçaları, tərləmə izləri, mikroorqanizmlər, bitki polenləri, liflər və toz toplamağa imkan verir. Bu materiallardan alimlər kiçik, lakin məlumatlı DNT miqdarını ayıra biliblər.
Alimlərin sözlərinə görə, insan mənşəli olmayan bəzi DNT fraqmentləri artefaktların tərkibi, istifadə olunan materiallar və Florensiya və digər Rönesans dövrü Avropa regionlarının coğrafi və təbii mühiti barədə məlumat verir.
Məsələn, İtaliya raygrassı kimi bitkilərin izlərinin mövcudluğu artefaktın XV-XVI əsrlər İtaliyasından gəldiyini göstərə bilər. Arno çayı sahilində yayılmış söyüd növləri isə səbət, kitab cildləri, dayaqlar və kömür istehsalı üçün geniş istifadə olunub.
"Müqəddəs uşaq" əsərində Citrus növlərinin unikal mövcudluğu tarixi kontekstlə birbaşa əlaqə yarada bilər", deyə tədqiqatçılar qeyd edirlər.
Bütün araşdırılan artefaktlar kişilərlə əlaqəli olduğundan alimlər Y-xromosom markerlərinin analizinə fokuslanıblar.
Daha inandırıcı nəticələr üçün — xüsusilə artefaktların mənşəyi, geolokasiya və tarixi xüsusiyyətləri barədə — gələcək araşdırmalar tələb olunur ki, qədim bioloji izləri müasir çirklənmələrdən ayırmaq mümkün olsun.
Aydın
Şərhlər