Fevralın 6-da (2026-cı il) "Netflix" platformasında macar qrosmeysteri Yudit Polqara həsr olunmuş "Şahmatın Kraliçası" (Queen of Chess) adlı sənədli film nümayiş olunacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə şahmatçı öz sosial şəbəkə hesablarında məlumat paylaşıb.
"Bu tarixi qeyd edin", – deyə o, paylaşımına şərh yazıb.
Ekran əsərində təkcə Yuditin şahmat dünyasındakı uğurlarından deyil, həm də onun şəxsi həyatından bəhs ediləcək. Filmin əsasını Yudit, onun ailəsi və şahmat dünyasının digər mühüm fiqurları ilə aparılan müsahibələr təşkil edəcək. Rejissor Rori Kennedinin rəhbərliyi ilə hazırlanan filmdə Polqarın şahmatdakı kişi hegemonluğuna qarşı mübarizəsi və Harri Kasparovla olan tarixi rəqabəti mərkəzi mövzulardan biri olacaq.
Yudit Polqarın rekordları və nailiyyətləri:
•Dünya reytinqi: 1988-ci ildə, cəmi 12 yaşında olarkən dünyanın ən yaxşı qadın şahmatçısı seçilib.
•Ən gənc qrosmeyster: 15 yaşında olarkən Bobbi Fişerin rekordunu qıraraq tarixin ən gənc qrosmeysteri adını qazanıb (bu rekordu 1994-cü ilə qədər saxlayıb).
•Kişilərlə rəqabət: Polqar qadın turnirlərindən imtina edərək yüksək rəqabət üçün kişi turnirlərində oynamağa üstünlük verib.
•Çempionların qənimi: Karyerası ərzində 11 dünya çempionuna (o cümlədən Kasparov, Karpov, Anand, Karlsen və s.) qalib gəlib.
•Tarixi reytinq: O, dünyanın ən güclü 10 şahmatçısı siyahısına daxil olan ilk və yeganə qadındır (2005-ci ildə pik reytinqi 2735 olub).
•Reytinq həddi: ELO reytinqində 2700 bal həddini keçən yeganə qadın şahmatçıdır.
Yudit Polqar Macarıstan qadın yığmasının tərkibində iki qızıl, kişi yığmasının tərkibində isə iki gümüş medal qazanıb. O, 2014-cü ildə peşəkar oyunçu karyerasını başa vurduğunu elan etsə də, hazırda FİDE-nin fəxri vitse-prezidenti kimi fəaliyyətini davam etdirir.
Təqdim etdiyimiz videoda https://www.youtube.com/watch?v=nx2HjM8cGCs şahmat kraliçasının sənədli filmi və onun Sundance Film Festivalındakı premyerası barədə ilk təəssüratları yer alır.
Alpər
Şərhlər