Ölkə prezidentinin martın 16-da imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamında bir sıra ilahiyyatçı və dindarların da adları var.
Belə ki, əfv sərəncamı ilə "Nardaran hadisələri”nə görə tutulmuş Zülfüqar Mikayılzadə, Elman Ağayev, Elxan Həsənov, Ruzi İsmayılov azadlığa buraxılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 6 dekabr tarixli hökmü ilə Zülfüqar Mikayılov 17 il, Elman Ağayev 13 il, Elxan Həsənov 12 il 3 ay, Ruzi İsmayılov isə 15 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Taleh Bağırovun lideri olduğu "Müsəlman Birliyi Hərəkatı"nın sədr müavini Elçin Qasımov da əfv olunan dindarlar sırasındadır. O, 2015-ci ilin payızında həbs olunub.
Bundan başqa, azadlığa buraxılanlar arasında 2015-ci il Nardaran hadisələri zamanı və ondan sonra həbs olunmuş Rasim Cәbrayılov, Elvin Bünyatov, Lәtif Әhmәdov, Qorxmaz Cәlalov da var.
Daha bir dindar məhbus Әlimxan Hüseynov da azadlığa buraxılanlar arasındadır.
Azadlığa buraxılan məhkumlar arasında 2012-ci il "Eurovision” mahnı yarışması ərəfəsində həbs olunmuş "Azadxeber” saytının baş redaktoru Nicat Əliyevin adı da var.
Həmin şəxslər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilmişdilər.
Modern.az-ın əldə etdiyi məlumata görə, dindarların əfvi üçün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Prezident yanında Əfv Komissiyasına müraciət edib. Komissiya əfv sərəncamı üçün məhkumların siyahısını hazırlayarkən şeyxin müraciətini nəzərə alıb. Ölkə başçısı da bu müraciəti dəyərləndirib.
Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev ölkə prezidentinin əfv sərəncamı ilə bir qrup dindar məhkumun azad olunmasına münasibət bildirib. O, Modern.az-a açıqlamasında deyib ki, Allahşükür Paşazadə hər zaman mərhəmətin və humanizmin tərəfdarıdır:
"Allahşükür Paşazadə təkcə dindarlarla bağlı deyil, digər şəxslər barədə də cənab prezidentə müraciət edib".
Ə.Nuriyev şeyxin konkret olaraq kimlər üçün müraciət etməsi haqda əlavə məlumat verməyib:
"Bu barədə ancaq müraciət edən insanlar məlumatlı ola bilər, nəsə söyləyə bilər. Mən hər hansı formada nəsə deyə bilmərəm. Konfidensiallığı poza bilmərəm. Allahşükür Paşazadə hər zaman cətin vəziyyətə düşənlərin hüquqlarını müdafiə edib. Hər zaman onların azad olunmasının tərəfdarı olub".
Qeyd edək ki, ölkə başçısının dünən imzaladığı əfv sərəncamı ümumilikdə 431 məhkuma şamil olunub.
Şərhlər