Xəbər lenti

Almaniyanın Rusiya ilə kompromis yolu məğlubiyyətə aparır - Ralf Füks
Dünya 11:22 17.05.2024

Almaniyanın Rusiya ilə kompromis yolu məğlubiyyətə aparır - Ralf Füks

"Bəlkə Almaniyanın Ukrayna üçün etdikləri barədə danışmağı dayandıraq?”

Qaynarinfo Liberal modernizm mərkəzinin direktoru, Henrix Böll Fondunun keçmiş icraçı direktoru Ralf Füksün yazısını təqdim edir:

Almaniya siyasətinin 24 fevral 2022-ci ildən bu yana uzun bir yol keçdiyini heç kim inkar etmir. Federal kansler Olaf Şolts Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlamasından üç gün sonra Bundestaqda "dönüş” çıxışı ilə təhlükəsizlik siyasətində reallıqdan qaçma və Merkelin Rusiya siyasəti ilə bağlı bir neçə illik illüziyaları – Şoltsun Sosial-Demokrat Partiyası da burada fəal rol oynayıb – sanki bir zərbə ilə kənara atıldı. Ukrayna da Almaniyanın hərbi, humanitar və maliyyə dəstəyini dəfələrlə qiymətləndirib. 

Yenə də kanslerin onun siyasətini tənqid etməsini "gülünc” adlandırmasına dözmək çətindir. Təkcə Ukraynadakı iztirablara və ölümlərə, cəbhədəki kritik vəziyyətə və Rusiyanın raket terrorunun törətdiyi kütləvi dağıntılara görə deyil.

Bu müharibə haqqında həqiqətin bir hissəsi ondab ibarətdir ki, məhz Almaniya siyasəti onun başlanmasına töhfə verib. 2008-ci ildə Rusiyanın Gürcüstana təcavüzündən sonra cavabdan yayınması, 2014-cü ildə Ukraynaya qarşı ilk hücuma soyuq reaksiya və 2021-ci ilin payızından Rusiya qoşunlarının Ukrayna sərhədi boyunca yerləşdirilməsi fonunda susması Vladimir Putinin Qərbin böyük müqaviməti olmadan növbəti müharibəyə başlaya biləcəyinə inamını gücləndirdi.
Rusiya 2014-cü ildən bəri Ukraynaya qarşı müharibəsini heç vaxt dayandırmasa da, alman siyasətçiləri müharibə vəziyyətində olan ölkəyə istənilən silah tədarükünə sona qədər müqavimət göstəriblər. "Şimal axını 2” layihəsi bütün tənqidlərə rəğmən, uğurlu şəkildə həyata keçirildi. Almaniya bizim neft və qaz idxalımız hesabına Rusiya silahlarını böyük ölçüdə maliyyələşdirirdi. Rusiya hakerlərinin Almaniya Bundestaqına hücumuna göz yumuldu və Kremlin sosial şəbəkələrdə apardığı kütləvi informasiya müharibəsi, demək olar, heç bir müqavimətlə üzləşmədi. Almaniyanın münaqişədən yayınma siyasəti Avropada 1945-ci ildən bəri ən böyük müharibəyə səbəb oldu.

İndiyədək Almaniyanın Ukraynaya hərbi yardımı belə qiymətləndirilir: çox az, çox gec. Təkcə Polşa daha çox zirehli maşınlar və döyüş tankları, qumbaraatanlar və haubitsalar, Şoltsun tabu elan etdiyi pilotsuz uçuş aparatları, hücum helikopterləri və döyüş təyyarələri ilə təmin edib. İqtisadi güc baxımından digər ölkələr Almaniyadan əhəmiyyətli dərəcədə daha çox işlər görürlər. Lakin məsələnin mahiyyəti başqaları ilə müqayisədə deyil, Rusiyanın təcavüzünü dəf etmək üçün nəyin lazım olmasındadır. Burada çox az iş görürük. Söhbət bacarıqdan getmir. Çatışmayan Ukraynanı qələbə yoluna çıxarmaq üçün siyasi iradədir.

"Dönüş" yarı yolda ilişib qaldı. Almaniyanın "orta” kompromis yolu – Ukrayna uduzmamalı, amma qalib gəlməməlidir, Rusiya qalib gəlməməlidir, amma müharibəni uduzmamalıdır – uğursuzluğa düçar oldu. Putin uğuru hiss edir və irəli gedir. Ukrayna ya bu müharibədə Qərbin kütləvi dəstəyi ilə qalib gələcək, ya da biz onunla birlikdə bu müharibəni uduzacağıq.

Çox az, çox gec

 
İyul 2022: bir şahidin sözlərinə görə, Olaf Şolts Bundestaqın Xarici əlaqələr komitəsinə "Marder” piyada döyüş maşınlarını vermək istəməməsini "dəhşətli eskalasiya" riski ilə əsaslandırır. Ukrayna təcili olaraq zirehli piyada maşınları tələb edir, çünki onun əsgərləri Rusiyanın ağır artilleriya atəşindən faktiki olaraq müdafiəsiz qalıb. Aprelin ortalarında "Rheinmetall” artıq kanslerə 100 "Marder” təklif edib.
 

Müharibənin birinci ilinin payızında Ukraynanın güclü əks-hücumunun texnika və sursat çatışmazlığı səbəbindən dayandırılmasından sonra - 2023-cü ilin yanvarında 40 "Marder” nəhayət Ukraynaya gəlib çatdı. 

Bundan az sonra, nəhayət, 14 (!) "Leopard 2” əsas döyüş tankının Ukraynaya tədürükü barədə qərar qəbul edildi - yenə aylarca tərəddüddən sonra. Eyni zamanda məlum oldu ki, ABŞ "Abrams” tanklarının tədarükünü dayandırır. Federal kansler Almaniyanın Ağ Evlə sıx koordinasiyada hərəkət etdiyini vurğulamaqdan yorulmadı. Bu, Moskvanın kütləvi əks reaksiyası halında ABŞ-ın Ukraynanın yanında olacağına və bununla da Almaniyanın risklərini məhdudlaşdıracağına zəmanət kimi qəbul edilə bilər.

Lakin ABŞ-a istinad edərkən Vaşinqtonun böyük çətinliklərlə üzləşən Ukraynaya Rusiyanın tammiqyaslı hücumuna başlayandan dərhal sonra irimiqyaslı hərbi texnika göndərdiyi etiraf edilmir. Almaniyada ağır silahların tədarükünün müharibənin daha da genişlənməsinə səbəb olub-olmayacağı ilə bağlı müzakirələrin qızışdığı bir vaxtda Böyük Britaniya, Niderland, Polşa və Baltik ölkələrə kimi digər Avropa ölkələri artıq tam sürətlə zirehli texnika, artilleriya, gəmi əleyhinə raketlər və pilotsuz uçuş aparatları verməyə başlamışdılar. 

Putin bizim təmkinimizdən faydalanacaq

Almaniyanın "hücum silahları" ilə bağlı təmkinliliyi Ukraynanın əks-hücumunun yarı yolda qalmasına "kömək etdi”. Biz Putinə dağıdılmış ordusunu toparlamaq, Rusiya müdafiə sənayesini inkişaf etdirmək və kütləvi istehkamlar tikmək üçün vaxt verdik. Ukraynanın hücum gücünü azaldan və itkilərini artıran ölümcül sursat çatışmazlığı o vaxt da göz qabağında idi. Kreml Belarus və Şimali Koreyadan təchizat hesabına öz çatışmazlıqlarını ödəyə bilsə və İrandan hücum pilotsuz uçuş aparatları alsa da, avropalıların niyyət bəyannamələri ilə onların hərəkətləri arasında böyük boşluq yaranıb.

Həlledici amil Rusiyanın hava məkanında hökmranlığı idi və bu belə də qalır. Ukrayna ordusunun müasir döyüş təyyarələri, böyük PUA donanması və adekvat hava hücumundan müdafiə sistemləri olmayana qədər, uğurlu əks-hücum etmək mümkün olmayacaq. Rusiyanın havada üstünlüyünü və hərbi texnika və sursat baxımından üstünlüyünü nəzərə alsaq, Ukraynanın cəbhə xəttinin arxasındakı təchizat xətlərinə və bazalarına hücum edə biləcəyi uzun mənzilli raketlərin sayının artması lazımdır. 25 yanvar 2023-cü ildə kansler Şolts Bundestaqa "Leopard” tanklarının tədarükünə icazə verilməsini izah edib. Eyni zamanda, o, döyüş təyyarələrinin tədürükünü istisna edib və bununla da onu quru qoşunlarının yerləşdirilməsi ilə müqayisə edib.
 

Onun əsaslandırması "Taurus” idarəolunan raketlərinin göndərilməməsi ilə eyni modelə uyğun idi: "Biz Ukraynanı dəstəkləmək üçün mümkün və lazım olan hər şeyi edirik, eyni zamanda bu müharibənin Rusiya ilə NATO arasında müharibəyə çevrilməsinin qarşısını alırıq”. Başqa sözlə, Almaniyanın Ukraynaya dəstəyi kanslerin NATO ilə birbaşa qarşıdurmaya səbəb ola biləcək Rusiyanın əks-reaksiya riskindən şübhələndiyi yerdə bitir. Biz Kremlin genişmiqyaslı zorakılıq siyasətinə qəti şəkildə qarşı çıxmaq əvəzinə, Putinin qırmızı xətləri üzərində spekulyasiya edir və əl-qolumuzu bağlayırıq.

Bu məntiq "Taurus” raketləri ərafında mübahisə zamanı gündəmə gəldi. Martın 13-də Bundestaqda hökumətə suallar saatı zamanı kansler imtinasını üç əsas arqumentlə izah etdi: 1. Bu o qədər təsirli silahdır ki, hədəf proqramlaşdırma üzərində nəzarəti saxlamadan onu Ukraynaya çatdırmaq olmaz. 2. Bu, alman əsgərlərinin cəlb olunmasını tələb edər və bizi müharibənin iştirakçısına çevirər. 3. Ukraynaya oxşar raketlər tədarük edən Fransa və Böyük Britaniya üçün fərqli standartlar tətbiq edilir.

Ukrayna və NATO-ya güvənilməsin?

Bu məntiq Almaniya siyasətinin qeyri-müəyyənliyini ortaya qoyur: kansler dolayısı ilə deyir ki, o, Ukrayna hökumətinin "Taurus”dan Rusiya ərazisindəki hədəflərə qarşı istifadə etməyəcəyinə dair vədlərinə inanmır (baxmayaraq ki, bu, beynəlxalq hüquq normalarına uyğundur və hərbi məna daşıyır). Ukraynanın cənub-şərqindəki rus qoşunlarının tədarükünün böyük hissəsi Krım körpüsündəm keçdiyindən onun dağıdılması, çox güman ki, "Taurus”un hücumları üçün sevimli hədəf olacaqdır. Amma Krım körpüsünün vurulmasını kanslerin tabu hesab edib-etmədiyi sual olaraq qalır.

O, həmçinin vurğulayır ki, biz Ukraynanı maksimum dəstəkləyə bilmərik, çünki əks halda özümüz hücuma məruz qalırıq. Başqa sözlə, o, Almaniyanın milli təhlükəsizliyi ilə Ukraynanın hərbi uğurlarını qarşı-qarşıya qoyur, baxmayaraq ki, biri digərini əvvəlcədən müəyyənləşdirir. Və o eyham vurur ki, Fransa və Britaniya nüvə gücləri kimi bizdən də irəli gedə bilər.

Almaniyanı xüsusilə həssas kimi göstərməklə kansler həm də NATO-nun nüvə çətirini, o cümlədən müdafiə zəmanətlərini şübhə altına alır. Bu, ittifaqın ştepselini rozetkadan çıxarmaq deməkdir. Əgər əsas prioritet Alyans və Rusiya arasında qarşıdurmanın qarşısını almaqdırsa və Almaniya üç Qərb nüvə dövlətinin nüvə çətirinə arxalana bilmirsə, o zaman Baltik respublikalarını dəstəkləmək öhdəliyi onun üzərində yazılan kağıza dəyməz. O zaman kanslerin "NATO ərazisinin hər kvadratmetrini” qətiyyətlə müdafiə edəcəyinə dair bütün vədləri özü tərəfindən şübhə altına alınacaq.

Qorxu müharibə riskini artırır

Fransa prezidenti Emmanuel Makron Almaniyanın Ukraynaya hərbi dəstəkdə özünü təmkinli tutmasını düzgün təsvir edib: "Biz özü üçün heç bir məhdudiyyət qoymayan və istənilən qorxu hissini zəiflik kimi şərh edən bir rəqiblə qarşılaşırıq”. Belə bir rəqibə heç bir şəraitdə nəyisə etməyəcəyini söyləyən hər kəs sülhü təmin etmir, əksinə məğlubiyyətə yol açır. Makron quru qoşunlarının istifadəsini qəti şəkildə istisna etmədən Kremlə aydın siqnal göndərir: biz Ukraynanın dağılmasına imkan verməyəcəyik. O zaman bütün Avropa təhlükə altında olacaq. Ona görə də bu müharibə bizim müharibəmizdir və biz Ukraynanın qalib gəlməsi üçün əlimizdən gələni edəcəyik.

Bunlar kanslerin ağzından heç vaxt çıxmayan təkliflərdir. O, öz mantrasına sadiq qalır ki, Ukrayna uduzmamalı və Rusiya qalib gəlməməlidir. Yəni biz Ukraynanı o dərəcədə dəstəkləyirik ki, o, özünü müəyyən dərəcədə böyük fədakarlıqla müdafiə edə bilsin. Lakin biz onların rus qoşunlarını 1991-ci il sərhədlərindən çıxarılmasına verməyəcəyik. Kanslerin fikrincə, Rusiyanın Ukraynada aşkar məğlubiyyəti çox riskli olardı. Onlar Putini Ukraynada taktiki nüvə silahı yerləşdirməklə və ya NATO-ya planlı hücuma keçməklə müharibəni daha da genişləndirməyə sövq edə bilər. Sosial-demokratların parlament fraksiyasının liderinin müharibənin "dondurulması” ilə bağlı səs-küylü fikirlərinin Şoltsla razılaşdırıb-razılaşdırmamasından asılı olmayaraq, Rolf Mützenix əslində kanslerin "günəşli” siyasətinin məqsədini dilə gətirib.

Bu siyasətin paradoksu ondan ibarətdir ki, o, Rusiya ilə NATO arasında son toqquşma riskini minimuma endirməkdənsə, artırır. Ukraynadakı müharibə həm də liberal demokratiyaların qətiyyətinin və fəaliyyət qabiliyyətinin sınağıdır. Əgər onlar qorxaq və itaətkar olsalar, bu, Putinin imperiya iştahını daha da artıracaq. NATO onun gözündə kağız pələng kimi görünsə, o, Ukraynada dayanmayacaq. ABŞ prezident seçkilərində Donald Tramp qalib gəlsə, bu, daha da doğru olacaq.
Baltik respublikalarında rus mənşəli güclü azlıqlar var – bu, "müdafiə naminə müdaxilə” üçün klassik senaridir. Hökmən deyil ki, Rusiya hərbi baxımdan baş-başa gəlsin. Müqəddimə kimi hibrid müharibə ehtimalı daha yüksəkdir. Və sonra NATO üçün həqiqət anı gələcək. Bu senaridən qaçmaq istəyiriksə, Putini Ukraynada dayandırmaq üçün əlimizdən gələni etməliyik. Bu, milli təhlükəsizliyimiz üçün vacib şərtdir. Qərb öz üstün hərbi-sənaye potensialından istifadə edərsə, quru qoşunları məsələsini müzakirə etməyə ehtiyac qalmayacaq.

Sakitləşdirmə əvəzinə çəkindirmə

Kanslerin "kompromis yolu”nun müdafiəçiləri onun tənqidçilərini nüvə müharibəsinin təhlükələri ilə ehtiyatsızcasına oynamaqda ittiham etməyi xoşlayırlar. Bu, zəhərli bir mübahisədir. Heç kim istisna edə bilməz ki, Putin məğlub olacağı təqdirdə taktiki nüvə zərbələri barədə düşünməyəcək. Sergey Karaqanov kimi Rusiya imperialist siyasətinin öncülləri nüvə qorxusu siyasətini təbliğ edirlər. Onların fikrincə, Qərb Rusiyanın Ukraynadakı maraqlarına qarşı çıxsa, NATO-nun son eskalasiyadan yayınacağını gözləyərək nümayişkaranə nüvə zərbələrinin tərəfdarı olacaqlar. Nüvə silahının "preventiv” istifadəsi Qərbi geri çəkilməyə məcbur edəcək və bununla da "bəşəriyyəti qlobal fəlakətdən xilas olunacaq”. 

Bu gələcəyə hesablanmış nüvə strategiyasının Rusiya siyasi və hərbi rəhbərliyi tərəfindən nə dərəcədə bölüşməsi ilə bağlı fikir yürütmək mənasızdır. Daha önəmlisi Qərbin nüvə şantajına necə cavab verməsidir: Moskvaya preventiv güzəştlərlə, yoxsa adi və nüvə çəkindirmə gücünün təsdiqi ilə? Zorakı, revizionist diktaturaların bütün tarixi təcrübəsi bizə öyrədir ki, sakitləşdirmə müharibənin qarşısını almır.

Putin çoxdan Rusiyanın Qərblə müharibə olduğunu görür. Onun üçün Ukrayna uğrunda döyüş Avropa hegemonluğu və gələcək beynəlxalq nizam uğrunda daha geniş, uzunmüddətli münaqişənin bir hissəsidir. Bunun nüvə eskalasiyası riski ilə açıq hərbi qarşıdurmaya çevrilməsinin qarşısını almaq istəyən hər kəs onu Ukraynada yerinə otuzdurmalıdır. Nüvə təhlükəsinə cavab verməyin yeganə yolu kollektiv çəkindirmənin gücləndirilməsidir. Əgər ABŞ prezident seçkilərindən sonra Avropanın təhlükəsizliyinin təminatçısı kimi çıxış edə bilməsə, avropalılar pis-yaxşı öz nüvə təhlükəsizliyini təmin etməli olacaqlar. Buna şübhə toxumu səpən hər kəs birbaşa nüvə şantajına dəvət edir.

Sanksiyaların gücləndirilməsi

Ukraynaya silah-sursatla qeyri-məhdud dəstək Qərbin nə qədər ciddi olduğunu və rəqiblərinin bunu nə dərəcədə ciddi qəbul etdiyini göstərən yeganə göstərici deyil. İkinci meyar Rusiyaya qarşı iqtisadi və texnoloji sanksiyalardır. Avropalı gəmi sahiblərinin Rusiya neftinin ixracına qarşı sanksiyalardan yayınması qəbuledilməzdir. Və bu, Leninin "kapitalistlər bizim onları asacağımız kəndiri bizə satırlar” ifadəsini xatırladır, yəni Qərbin yüksək texnologiyaları üçüncü ölkələr vasitəsilə Rusiya müdafiə sənayesinə daxil olmaqda davam edir.

Rusiya silah istehsalı tam gücü ilə işlədiyi halda, Mərkəzi Asiya ölkələrinə maşın, nəqliyyat vasitələri, ehtiyat hissələri və texniki komponentlərin ixracı ən yüksək həddə çatır. Türkiyə və Çin də Qərb texnologiyalarını Rusiyaya tədarük edir. Bu cür sanksiyalardan yayınma kritik texnologiyaların istehsalçılarını ixracatlarının son təyinatına görə məsuliyyət daşımaqla dayandırıla bilər.
 

Avropa müharibə vəziyyətindədir. Müharibədə isə qarşı tərəflə "business as usual” ola bilməz. Bu, Rusiya dövlət bankının Avropaya sərmayə qoymuş aktivlərinə münasibətə də aiddir. Bu kapitalın faizinin Ukraynaya verilməsi yalnız ilk addımdır. Rusiyanın Ukraynadakı dəhşətli müharibəsinin törətdiyi böyük dağıntıları nəzərə alsaq, Rusiyanın aktivlərini müsadirə etmək və onlardan Ukraynaya silah vermək və yenidənqurma üçün istifadə etmək məntiqli olardı. Bu, həm də avropalı vergi ödəyicilərinin maraqlarına uyğun olardı: Rusiya hökumətinin 300 milyard dollara yaxın vəsaiti toxunulmamış qaldığı halda, niyə Moskvanın başladığı müharibənin xərclərini yalnız onlar ödəməlidir?

Ukraynaya dəstəyin ABŞ seçki kampaniyasının mərkəzinə düşməsi utancverici haldır. Almaniyada belə hal təkrarlansa, bu, tarixi məğlubiyyət olardı. Almaniyanın milli təhlükəsizliyini Ukraynaya hərbi dəstəyə qarşı qoyan hər kəs təkcə Avropa demokratiyasının qalasını məhv etməklə kifayətlənmir. Bu, Avropanın təhlükəsizliyini də təhlükə altına qoyur.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->