Xəbər lenti

Almanların Azərbaycanda məskunlaşmasının 200 illiyinə həsr olunan beynəlxalq konfrans (FOTOLAR)
Foto 17:01 11.12.2019

Almanların Azərbaycanda məskunlaşmasının 200 illiyinə həsr olunan beynəlxalq konfrans (FOTOLAR)

Prezident İlham Əliyevin "Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” Sərəncamına uyğun olaraq, dekabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda "Tarixin izi ilə” adlı beynəlxalq elmi konfrans keçirilib.

Tarix İnstitutundan Qaynarinfo-ya verilən məlumata görə, beynəlxalq konfrans almanların Azərbaycanda məskunlaşmasının 200 illiyinə həsr olunub.

Tədbirin təşkilatçıları AMEA-nın Tarix İnstitutu və Alman-Azərbaycan Cəmiyyətidir. Konfransa Azərbaycan tarixçiləri ilə yanaşı, Türkiyə, Almaniya, Rusiya, Gürcüstan və Özbəkistandan olan alimlər də məruzələrini təqdim ediblər.

Əvvəlcə konfrans iştirakçıları Tarix İnstitutunun almanların Azərbaycanda məskunlaşma tarixi ilə bağlı nəşr etdirdiyi kitabların sərgisi ilə tanış olublar.

Konfransı Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov açaraq iştirakçıları salamlayıb. O, çıxışında Azərbaycanın Avropa, o cümlədən Almaniya ilə siyasi və mədəni əlaqələrinin tarixi, ölkəmizə səyahət edən xarici səyyahların əsərləri, XIX əsrdə Azərbaycanın qərbində salınan alman məskənləri, Simenslərin Azərbaycandakı fəaliyyəti haqqında geniş məlumat verib: "Tarix İnstitutu Almaniyanın arxivlərində - Berlin şəhərinin Bundesarxivində, Xarici İşlər Nazirliyinin Siyasi Arxivində və Prussiya Mədəni İrsinin Gizli Dövlət Arxivində saxlanılan Azərbaycan tarixinə dair bir sıra sənədlərin kataloqlarını ölkəmizə gətirib”.

Daha sonra Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayev bildirib ki, Azərbaycan-alman xalqları arasında əlaqə və münasibətlərin kökləri çox dərinliklərdədir: "1817-1818-ci illərdə Almaniyanın Vürtemberq vilayətindən alman kəndliləri Rusiya çarı I Aleksandrın razılığı ilə Qafqaza köçürülərək, Gürcüstanla Azərbaycan ərazilərində məskunlaşdırılıb. Bir ildən sonra ölkəmizdə ilk alman koloniyası kimi tanınan Yelenendorf (Helenendorf - bugünkü Göygöl şəhəri) salınıb”.

Konfrans çərçivəsində Çingiz Abdullayev Yaqub Mahmudova Azərbaycan-Almaniya elmi əlaqələrinin inkişafındakı böyük xidmətlərinə görə Alman-Azərbaycan Cəmiyyətinin "Dostluq” medalını təqdim edib. Alimlər Mais Əmrahov və Oskar Valterə isə Alman-Azərbaycan Cəmiyyətinin "Körpü” diplomu təqdim olunub. Sonra almaniyalı professor Oskar Valter Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə institutun fəxri doktoru seçilib.

Tədqiqatçılar Oskar Valter, Sevinc Hüseynova, Simon Kopadze və başqaları bildiriblər ki, almanların Cənubi Qafqaza, xüsusilə də Şimali Azərbaycana köçürülməsi ilə Avropa kənd təsərrüfatı yeniliklərinin regionda yayılmasına şərait yaranıb.

Konfrans zamanı almanların Azərbaycanda məskunlaşma tarixini əks etdirən fotosərgi ilə yanaşı, yazıçı Orxan Arasın "Mavi gözlərin eşqi” və alimlər Çingiz Abdullayev, Abbas Seyidov və Həcər Verdiyevanın"Azərbaycandakı almanlar: naməlum səhifələr...” kitablarının da təqdimatı olub.

Sonda konfrans iştirakçılarına "Tarixin izi ilə” adlı beynəlxalq elmi konfransın toplusu paylanılıb.

Xatırladaq ki, tarixçilərimiz almanların Azərbaycanda məskunlaşma tarixi ilə bağlı bir sıra maraqlı tədqiqat işləri aparıblar. Tarixçi alim Sevinc Hüseynova isə "XIX-XX əsrin əvvəllərində Şimali Azərbaycanın qərb bölgəsinin sosial-iqtisadi və mədəni həyatında köçkünlərin iştirakı tarixindən” mövzusunda dissertasiya işi müdafiə edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->