“Amazon” satış platformasında onlayn ticarət qurmaq və yüksək gəlir əldə etmək vədi ilə yeddi nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
Qaynarinfo xəbər verir ki, məhkəmə onu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (dələduzluq — külli miqdarda ziyan vurmaqla törədildikdə) təqsirli bilərək 6 il müddətinə azadlıqdan məhrum edib. Onun ibtidai istintaq zamanı ümumilikdə 4 gün saxlanıldığı müddət cəzadan çıxılıb və üzərində qəti olaraq 5 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.
İttihama görə, təqsirləndirilən şəxs müxtəlif şəxslərə “Amazon” platformasında onlayn ticarətlə məşğul olmaq, xaricdən məhsullar sifariş edib satmaq, hesab açmaq və reklam etmək, eləcə də bloklanmış hesabları bərpa etmək barədə vədlər verib. Etimad qazandıqdan sonra isə onlardan müxtəlif məbləğlərdə pul alıb və vədlərini yerinə yetirməyib.
İş üzrə ilk epizodda təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə “Amazon” satış platformasında onlayn şəkildə ticarətlə məşğul olub birlikdə qazanc əldə etməyi təklif etdiyi bildirilir. İttihama əsasən, müxtəlif tarixlərdə zərərçəkmişdən 221, 873, 432 və 1150 manat olmaqla, ümumilikdə 2676 manat alınıb. Daha sonra zərərçəkmişin “Amazon” platformasında “Zhala ecom” adlı profilindəki 3962 ABŞ dolları ekvivalentində 6735 manat 40 qəpik vəsait də təqsirləndirilən şəxsin balansına köçürülüb. Beləliklə, həmin epizod üzrə zərərçəkmişə ümumilikdə 9411 manat 40 qəpik maddi ziyan vurulduğu göstərilir.
Digər epizodda təqsirləndirilən şəxsin zərərçəkmişə Çin Xalq Respublikasından çoxlu sayda masaüstü fərdi kompüter sifariş edib “Amazon” üzərindən sataraq qazanc əldə etməyə köməklik göstərəcəyinə dair vəd verdiyi bildirilir. İttihama görə, müxtəlif tarixlərdə ondan 30 min ABŞ dolları ekvivalentində 51 min manat, daha sonra 30 min ABŞ dolları ekvivalentində 51 min manat və sonuncu dəfə 20 min ABŞ dolları ekvivalentində 34 min manat olmaqla, ümumilikdə 80 min ABŞ dolları ekvivalentində 136 min manat alınıb. Həmin vəsaitin qaytarılmadığı və zərərçəkmişə 136 min manat məbləğində külli miqdarda maddi ziyan vurulduğu qeyd olunur.
İttihamın digər epizoduna əsasən, zərərçəkmiş şəxsə də “Amazon” platformasında onlayn ticarətlə məşğul olaraq birlikdə qazanc əldə etmək təklif edilib. 2024-cü ildə İmişli şəhərində yerləşən meyvə dükanında həmin şəxsdən 10 min manat pul alındığı, lakin verilən vədə əməl edilmədiyi bildirilir.
Daha bir zərərçəkmiş şəxsdən isə 2024-cü ilin sentyabrından noyabr ayınadək hissə-hissə olmaqla, ümumilikdə 60 min manat alındığı iddia edilir. İttihama görə, təqsirləndirilən şəxs ona “Amazon” platformasında onlayn ticarətlə məşğul olaraq qazanc əldə etməyə köməklik göstərəcəyini vəd edib. Sonuncu dəfə 3500 manat pul Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Qoşa Zapravka” adlanan yerdə alınıb.
Başqa bir epizodda isə zərərçəkmiş şəxsə “Amazon” platformasında hesab açılması, reklam edilməsi və seçilmiş butulka məhsulunun onlayn şəkildə satılmasına köməklik göstəriləcəyi vəd olunub. İttihama əsasən, 2023-cü ilin dekabrından 2024-cü ilin dekabrınadək müxtəlif tarixlərdə və müxtəlif yerlərdə hissə-hissə olmaqla, ümumilikdə 12 min manat pul təqsirləndirilən şəxsin istifadəsində olan müxtəlif kart hesablarına köçürülüb.
İş üzrə daha bir zərərçəkmiş şəxsdən isə İngiltərə Respublikasından çoxlu sayda qab-süzgəci sifariş edib “Amazon” üzərindən sataraq qazanc əldə etməyə köməklik göstərilməsi vədi ilə pul alındığı bildirilir. İttihama görə, müxtəlif tarixlərdə “Milliön” terminalları, bank kartları və nağd şəkildə edilən ödənişlər nəticəsində zərərçəkmişdən ümumilikdə 48 min 935 manat alınıb.
Sonuncu epizodda isə təqsirləndirilən şəxsin zərərçəkmişin “Amazon” satış platformasında dondurulmuş hesabını bərpa etməyə köməklik göstərəcəyinə dair vəd verdiyi qeyd olunur. Bundan sonra 2025-ci ildə müxtəlif tarixlərdə 1390, 4200, 765, 350 və 115 manat olmaqla, ümumilikdə 6820 manat pulun təqsirləndirilən şəxsin bank hesablarına köçürüldüyü bildirilir.
İttihamda göstərilən epizodlar üzrə zərərçəkmişlərə vurulduğu iddia edilən ümumi maddi ziyanın məbləği 283 min 166 manat 40 qəpik təşkil edir.
Seyid
Şərhlər