Donald Trampın administrasiyası 20 iyun, cümə günü ABŞ-ın dövlət mediası olan "Amerikanın Səsi”ndə (Voice of America – VOA) çalışan 600-dən çox əməkdaşa ixtisar bildirişi göndərib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times”
yazır.
Tramp administrasiyası tərəfindən göndərilən bu bildirişlərlə redaksiyanın əməkdaşlarının sayı 2025-ci ilin əvvəlindəki göstərici ilə müqayisədə yeddi dəfə azaldılaraq 200-dən də aşağı salınacaq. Jurnalistlər və texniki heyət 1 sentyabra qədər ödənişli məzuniyyətdə olacaq və həmin tarixdə rəsmi şəkildə işdən azad ediləcəklər.
Bu ixtisarlar Tramp administrasiyasının federal media qurumlarına, o cümlədən "Amerikanın Səsi”nə qarşı həyata keçirdiyi son addım kimi qiymətləndirilir.
Ötən həftə administrasiya İsrail və İran arasında artan gərginlik fonunda VOA-nın fars xidmətində çalışan bəzi əməkdaşları müvəqqəti olaraq işə qaytarsa da, iyunun 20-də onlardan azı ikisinə də ixtisar bildirişi təqdim olunub.
Əməkdaşların əksəriyyəti apellyasiya hüququ olmadan məcburi məzuniyyətdə qalıb. Hazırda "Amerikanın Səsi” cəmi dörd dildə yayımlanır və radioveriliş yalnız Əfqanıstanda davam etdirilir. Halbuki 2025-ci ilin fevralında qurumda 1300-ə yaxın jurnalist çalışırdı və onlar 49 dildə dünyada 360 milyonadək dinləyiciyə xəbər çatdırırdılar.
VOA şəbəkəsi martın 15-dən – Trampın onun maksimal şəkildə ləğvinə dair fərman imzalamasından sonra demək olar ki, fəaliyyətini dayandırıb. Əməkdaşlar məhkəməyə müraciət etsələr də, məhkəmə müdaxilədən imtina edib.
Tramp bu şəbəkəni "anti-trampçı” adlandırıb və onu "Radikal Amerikanın Səsi” kimi təqdim edib.
Jurnalistlər isə bildirirlər ki, qərəzsiz və müstəqil xəbər çatdırmaq öhdəliklərinə sadiq qalırlar.
Alpər
Şərhlər