Xəbər lenti

Tramp və Nobel Sülh Mükafatı - O, buna layiqdirmi? (RƏYLƏR)
Dünya 15:30 21.06.2025

Tramp və Nobel Sülh Mükafatı - O, buna layiqdirmi? (RƏYLƏR)

"Trampın Nobel Sülh Mükafatı almağa layiq lider olduğunu düşünmürəm".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizəd göstərilməsini şərh edərkən deyib.
 
Arzuxan Əlizadə bildirib ki, ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik üzrə müşaviri Con Bolton başda olmaqla bir sıra keçmiş rəsmilər, bu ölkənin Ukraynadakı keçmiş səfiri Trampın Nobel Sülh Mükafatı almaq uğrunda ciddi çaba göstərdiyini xüsusi olaraq vurğulayıblar:
 


"Bolton hətta qeyd edib ki, vaxtilə Obama Nobel sülh mükafatı alandan sonra Tramp onun buna layiq olmadığını bildirmişdi. Tramp isə Ukraynada sülhə nail olmaq, digər münaqişə ocaqlarını söndürməklə bu mükafata sahib olmaq istəyir. Təbii ki, sözügedən münaqişələr ətradında ciddi sülh razılaşmalarına nail olacaqsa, Tramp Nobel Sülh Mükafatı almağa müəyyən qədər haqlı olacaq. Amma görünən odur ki, Tramp 5 aydır hakimiyyətdə olsa da, istəyinə nail ola bilməyib. Əksinə, Ukrayna müharibəsi daha da qızışıb. Yaxın Şərqdə isə növbəti münaqişə ocağı yaranıb. Habelə digər bölgələrdə də münaqişələrin alovlanması riski böyükdür. Ona görə də indiki halda Trampın Nobel Sülh Mükafatı almağa layiq lider olduğunu düşünmürəm".

REAL Partiyasının sədri Natiq Cəfərli isə Trampın sözügedən mükafata layiq görülməsi ehtimalını yüksək hesab edir:
 


"Trampı Nobel mükafatına namizədliyini Pakistan irəli sürüb. Çünki nüvə dövlətləri olan Pakistanla Hindistan arasında münaqişənin qısa zamanda həllində Trampın böyük rolu oldu. Nobel mükafatı ilə bağlı qərarlar adətən ilin sonunda qəbul olunur. Yəni hələ xeyli zaman var. Bu zaman çərçivəsində Tramp İsraillə İran və Rusiya ilə Ukrayna qarşıdurmasında da sülhlə bağlı müəyyən irəliləyişlər əldə edə bilsə, onun sözügedən mükafata layiq görülməsi şansları da istər-istəməz artacaq. O zaman Tramp da Nobel Sülh Mükafatını ala bilər. Niyə də olmasın".

Qeyd edək ki, Pakistan Hindistanla son böhranda "diplomatik rolu və liderliyinə" görə ABŞ prezidenti Donald Trampı 2026-cı il Nobel Sülh Mükafatına namizəd göstərib. Bu barədə yazılı açıqlama verən Pakistan Baş nazirliyi, Hindistan və Pakistan arasında artan gərginlikdə Trampın vasitəçilik rolunun nüvə enerjisi olan iki ölkə arasında genişmiqyaslı qarşıdurmanın qarşısını aldığını bildirib.

"Tramp həm İslamabad, həm də Yeni Dehli ilə intensiv diplomatik əlaqələri sayəsində qısa müddətdə atəşkəs əldə etməyi mümkün etdi və milyonlarla insana təsir edə biləcək dağıdıcı münaqişənin qarşısını aldı”, deyə açıqlamada qeyd olunub.

Digər tərəfdən, bəyanatda Trampın Hindistan-Pakistan böhranındakı liderliyinin "praqmatik diplomatiyanın və effektiv sülh quruculuğunun davamı” olduğu vurğulanıb və Trampın Yaxın Şərqdə Qəzzada baş verən münaqişədə qlobal sabitlik üçün konstruktiv rol oynamağa davam edəcəyinə ümid edildiyi vurğulanıb.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->