Müğənni Arzuxanım Həsənova bir il əvvəl həbs edilibmiş. O, bu barədə ATV-də yayımlanan "Bizimləsən” verilişində danışıb.
Müğənni efirdə əsassız yerə həbs edildiyini iddia edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev Lent.az-a açıqlamasında Arzuxanım Həsənovanın narkotik ittihamı ilə həbs olunmasına aydınlıq gətirib. O, həmçinin müğəninin efirdə səsləndirdiyi iddiaları da əsassız adlandırıb:
"Polis kimisə əsassız saxlayıb fikrini səsləndirərkən diqqətli olmaq lazımdır. Çünki hər bir şəxs barəsində prosessual icraat uçota götürülür. Orada haqqında danışılan xanım narkotiklərin istifadəsi ilə bağlı Xətai rayon Polis İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında saxlanılıb. Faktla bağlı müvafiq ekspertiza təyin olunub və onun qanında psixotrop maddə olan metamfetamin aşkar edilib.
Toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən, Arzuxanım Həsənova barəsində 15 sutkalıq inzibati tənbeh tədbiri onun ictiami mövqeyi və ailə vəziyyəti nəzərə alınmaqla 5 gün müddəti ilə əvəzlənib”.
Elşad Hacıyev xüsusi qeyd edib ki, tanınmış şəxslər hansısa mövzudan danışarkən diqqətli olmalıdırlar: "Polis əməkdaşları heç kimin sifarişini icra etmir. Müvafiq materiallar qanunvericiliklə toplanmış sənədlərdə, məhkəmə arxivlərində var və sənədlərdə təhqiqatı aparan şəxsin də imzası mövcuddur”.
Şərhlər